Hazırda iqtidarın seçkiqabağı təbliğatı, demək olar, bütövlükdə Milli Şuranın vahid namizədi Rüstəm Ibrahimbəyovun əks-təbliğatı üzərində qurulub desəm, yəqin ki, yanılmaram. Hətta vəziyyət o yerə çatıb ki, iqtidaryönlü və dolayısı ilə ona xidmət edən mətbuat Rüstəm bəyin namizədliyini müdafiə etməyən müxalifətin ayrı-ayrı nümayəndələrinə səxavətlə tribuna verir, halbuki buna qədər həmin kəslər az qala Vətən xaini elan edilirdi, müxtəlif dəyirmanlara su tökməkdə ittiham edilirdi və s.
Hakimiyyətin Rüstəm Ibrahimbəyovu bu qədər təhlükəli rəqib hesab etməsi nədən qaynaqlanır?
…Biz Əliyevlərin hakimiyyəti dövründə 4 dəfə prezident, 4 dəfə də parlament seçkilərinin necə keçirilməsinin şahidi olduq. Böyük ölçüdə müxalifətlə iqtidarın baş-başa qaldığı bu seçkilərin hamısı saxtalaşdırıldı və istər seçkidən əvvəl, istərsə də seçkidən sonra minlərlə müxalifətçi həbs edildi. Bu 20 ilin acı dərslərindən biri də bu prosesdə geniş xalq kütlələrinin fəal iştirakının təmin olunmaması idi.
Nəhayət, ilk dəfə müxalifət və vətəndaş cəmiyyəti, eləcə də ayrı-ayrı tanınmış ziyalılar 2013-cü ildə keçiriləcək prezident seçkilərinə vahid namizədlə getmək qərarına gəldilər. Milli Şura yekdilliklə dünya şöhrətli kinodramaturq, Oskar mükafatı laureatı, Rüstəm Ibrahimbəyovun namizədliyini irəli sürdü…
Beləliklə, rejim siyasi müxalifətlə, xalqın vahid namizədi ilə üzbəüz qaldı, yəni iqtidarın qorxduğu başına gəldi. Ötən yazımda qeyd etdiyim kimi, ölkədə heç bir siyasi təşkilata aid olmayan narazı, eyni zamanda aktiv bir kəsim var və onların sayı yüz minlərlədir. Quba, Ismayıllı üsyanları zamanı biz buna bir daha şahid olduq. Onlar ilk dəfə olaraq hakimiyyəti geri çəkilməyə məcbur etdilər və bunun nəticəsi kimi prezident hər iki rayonun icra başçını işdən çıxardı. Bütün rayonlarda, eləcə də paytaxt Bakıda vəziyyətin eyni olduğunun fərqində olan rejim Rüstəm Ibrahimbəyovun seçikdə məhz həmin narazı elektoratın hansı addımlar ata biləcəyini gözəl anlayır.
Ilham Əliyev 3-cü dəfə namizədliyini irəli sürəcəyi halda, beynəlxalq aləmi çətin duruma salacağı haqda ötən yazımda yazmışdım. Başda Belarus olmaqla, digər avtoritar rejimləri məhz əbədi prezident faktoruna görə belnəlxalq aləmdən təcrid mexanizminin Azərbaycana gələndə “susması”nı birmənalı qarşılanmayacaq. Bundan başqa, həmin beynəlxalq qurumların başında duran Qərb siyasətçilərinin bəri başdan, öz ölkələrində keçiriləcək seçkilərdə rəqiblərinə uduzacağı gün kimi aydındır.
Ilham Əliyevin onlara edəcəyi yeganə jest demokratik seçki görüntüsü yaratmaqdır, yəni vahid namizəd Rüstəm Ibrahimbəyovun namizədliyini qeydə alaraq, iqtidar namizədinin onunla seçkiyə qatılmasıdır.
Sual oluna bilər, rejim bir halda ki, səsləri saxtalaşdıracaq, niyə onun üçün Rüstəm Ibrahimbəyovla seçkiyə getmək bu qədər təhlükəlidir?..
Məsələ çox sadədir, rejim son 20 ildə ilk dəfə olaraq milyonların namizədi ilə gücünü sınamğa məcbur olacaq. Bu namizədin dünyanın ən tanınmış azərbaycanlısı olması, üstəlik, firqə etiraslarının da fövqündə durması Əliyev rejimi üçün əlavə bir “təhlükədir”.
Bütün bunları nəzərə alan iqtidar, “kim olursa olsun, Rüstəm Ibrahimbəyov olmasın” kampaniyasına başladı…
Bəri başdan deməliyəm ki, Rüstəm Ibrahimbəyovun müxalifətin alternativsiz namizədi olması halında iqtidar onu qeydə almağa məcbur olacaq. Əks halda, seçki, ümumiyyətlə, tanınmaya bilər…
Müsavat başqanı Isa Qəmbərin namizədliyi bu mənada iqtidarın yeganə şansı sayıla bilər. Iqtidar xalqın və demokratik qüvvələrin namizədi ilə baş-başa qalmaqdansa, bir müxalifət partiyası ilə mübarizəyə üstünlük verəcəyini gizlətmir.
Əvvəllər bu addımını Rüstəm Ibrahimbəyova dəstək kimi ifadə edən Isa Qəmbər belə hesab edirdi ki, hakimiyyət onun kimi təhlükəli rəqiblə baş-başa qalmaqdansa, üstünlüyü… Rüstəm Ibrahimbəyova verəcək…
Bu arqumentin o qədər də(!) inandırıcı olmadığı bəlli olanda, bu addımın demokratik qüvvələrin seçkidən kənarda qalmasına yol verməmək üçün (!) atıldığı elan edildi …
Bu fikirləri öncədən bəlli etmək, Rüstəm Ibrahimbəyovun namizədliyini şübhə altına almaq, ən yaxşı halda taktiki səhv(!) idi və rejim bundan məharətlə istifadə etdi. Hazırda qəribə bir vəziyyət yaranıb və istər rejimin, istərsə də demokratik qüvvələrin ümidi(!) Isa Qəmbərdir. Birincilər onun israrının sona qədər davam etməsini, ikincilər, yəni demokratik qüvvələr isə əksinə, onun bu iddiadan əl çəkməsini gözləyir.
ardı var