Yeni Azərbaycan Partiyası Ilham Əliyevin 3-cü dəfə namizədliyini irəli sürsə də, səbəbkar hələlik buna rəsmi şəkildə münasibət bildirməyə tələsmir. Hakim partiyanın bütün israrına baxmayaraq, prezidentin susması, ilk növbədə beynəlxalq dairələrin, xüsusilə Qərbin buna birmənalı münasibət bildirməməsi ilə birbaşa əlaqəlidir. Qərb doğrudan da çıxılmaz vəziyyətdə qalıb, Ilham Əliyevin iştirak edəcəyi təqdirdə, bu seçkini hansı adla “çağıracağını” təsəvvür etməkdə açıq-aşkar çətinlik çəkir. Bəli son on ildə keçirilən bütün seçkilər saxtalaşdırılsa da, onlar qanuni idi, 2 dəfə prezident, 2 dəfə Milli Məclis seçildi, Qərb iradlarını bildirsə də, sonda bunu “irəliyə doğru atılmış bir addım” hesab etdi.
Hazırda isə durum çox fərqlidir, Qərb dilemma qarşısında qalıb. Qeyri-legitim bir seçki haqqında “irəliyə doğru atılmış” bir addım deyə bilməyəcək və Avropa Şurası başda olmaqla, dünyanın demokratik təsisatları olduqca çıxılmaz bir vəziyyətə düşəcək. Ortada bir Belarus nümunəsini də göz önünə alsaq, məsələ bir qədər də mürəkkəbləşir. Bu o deməkdir ki, Belarusun əbədi prezidenti Aleksandr Lukaşenko Avropa Birliyinə qarşı dəyəri milyardlarla ölçülən təzminatla iddia qaldıra bilər. Onları rüşvətxorluqda, kürü yeməkdə ittiham edə bilər. Belarusdakı rüşvət və korrupsiyanın Azərbaycanla müqayisə edəndə həqiqətən də “Batya”ya qarşı ədalətsizlik açıq şəkildə özünü daha qabarıq şəkildə büruzə verir…
Kürüdən söhbət düşmüşkən, Andreas Qross bu yaxınlarda verdiyi müsahibəsində deyirdi ki, “mən adətən kürü qutularını köməkçilərimə paylayırdım”. Azərbaycan dilinə bir az yumşaldılaraq tərcümə edilən bu fraza, kürü qutularının küllü miqdarda olmasına heç bir şübhə yaratmır. Yəni keçmiş məruzəçi adətən deməklə, kürünün miqdarını bir növ ictimailəşdirir, onun hansı miqyasda olmasına eyham vurur.
Əlqərəz, ortada Qərbin Azərbaycana görə, əsrlərlə formalaşmış demokratik prinsiplərindən imtina etməsi, eyni zamanda Şimali Koreya, Kuba, Belarus, eləcə də Mərkəzi Afrikanının diktatura rejimlərindən gələcək ağır ittihamlara necə cavab verilməsi məsələsi var.
Yəni Zimbabvenin 89 yaşlı lideri, ölkəyə 26 ildir prezidentlik edən Muqabe də öz “haqqını” tələb edəcək və deyəcək ki, “işimə qarşmayın”. Bəli, Qərb doğrudan da çətin vəziyyətlə üzləşib…
Bunu Ilham Əliyev də gözəl anlayır, Qərb də. Odur ki, hər ikisi də susur. Qərb mesaj verir ki, bizi çətin durumda buraxmayın, 20 il sizə dozdük, səbr etdik, buraxın bu inadı…
Bəli, ara-sıra Qərbdən demokratik seçki çağırışı eşidilir. Seçkiyə bir neçə ay qalsa da, rejim bu çağırışa nəinki məhəl qoymur, hətta siyasi müxalifətə qarşı görünməmiş bir aqressiya nümayiş etdirir.
Bütün bunlar azmış kimi.., demokratik qüvvələrin Milli Şurasının prezidentliyə vahid namizədi Rüstəm Ibrahimbəyov elan edildi. Və ardınca iqtidar ilk dəfə olaraq, seçkiyə müxalifətin vahid namizədi ilə gedərək, saxtakarlıqla qalib gəlmək ənənəsindən, demək olar, imtina edir… Müxalifətin və bütövlükdə cəmiyyətin bu “sürpriz” namizədi, iqtidarın bütün planlarını alt-üst elədi desəm, yəqin ki, yanılmaram. Bu nəticəsidir ki, rejim hazırda Rüstəm Ibrahimbəyovun namizədliyini əngəlləmək, yenidən ənənəvi müxalifətlə baş-başa qalmaq istəyir…
Rejim bununla, ölkə əhalisinin 80%-ni təşkil edən narazı elektoratı zərərsizləşdirmək fikrindədir. Bu narazı elektoratın hansı gücə sahib olduğunu Quba və Ismayıllıda, Binə Ticarət Mərkəzində, “əsgər ölümlərinə yox” şüarı altında keçirilən aksiyada (Fəvvarələr meydanı) gördük.
Hazırda Rüstəm Ibrahimbəyova qarşı amansız böhtan kampaniyası aparılması da məhz bununla əlaqədardır. Dünyanın ən tanınmış azərbaycanlısı olan, Oskar mükafatlı bu məhşur rejissora qarşı iqtidarın əsas ssenarisi onun namizədliyinə əngəl törətməkdir. Nəzərə alsaq ki, onun namizədliyinin qeydə alınmaması üçün heç bir hüquqi əngəl yoxdur və iqtidar da yuxarıda göstərdiyimiz səbəblərdən müxalifətsiz seçkiyə getməyin fəsadlarını gözəl anlayır, əsrarəngiz bir siyasi mənzərə ilə qarşı-qarşıya qalırıq…
Bəs rejim hansı halda Rüstəm Ibrahimbəyovun namizədliyini qeydə almağa məcbur olacaq?
Başa düşürəm, bu mövzu hazırda çox həssasdır və istər siyasətçilər, istərsə də yazarlar mümkün qədər bundan yayınmağa çalışırlar. Səmimi olmalıyıq, bəylər…
Bəyəm, “müxalifət düşərgəsindən ikinci bir namizədin olması, Rüstəm Ibrahimbəyovun qeydə alınmaması üçün rejimin əlinə göydəndüşmə bir fürsətdir” fikrini əsaslandırmaq istəyi bu qədərmi “təhlükəlidir”?
ardı var