Azərbaycanda insan haqları və demokratiya gündəmə gələn kimi, iqtidarın Qarabağ məsələsinin qabartmağa başlatması artıq ənənə halını alıb. Son dəfə Amerika konqresindəki dinləmələr də istisna olmadı. Söhbətin demokratiya və azad seçki, siyasi əqidəsinə görə təqiblər, korrupsiya və rüşvətxorluğun getdiyi bir zamanda Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin başçısı Səməd Seyidovun yadına Qarabağ düşdü və qəti surətdə bildirdi ki, bu cür məsələlər Qarabağ məsələsindən sonra olmalıdır. Deputat açıq-aşkar bildirdi ki, əvvəl Qarabağı müzakirə edək, sonra Azərbaycandakı ictimai-siyasi vəziyyəti…
Illər uzunu Qərbin Azərbaycan hakimiyyətinə insan haqları, demokratiya məsələlərinə dair hər hansı bir iradına bu cür cavab verilir. Milyardları aşan korrupsiya, azad seçki, insan haqları məsələsi qaldırılan zaman Qarabağ yada düşür. Iqtidarın məntiqi belədir – Qarabağ məsələsi həll olunmayana qədər, ölkədə korrupsiya da, rüşvətxorluq da, olacaq, azad seçki keçirilməyəcək və insan haqları da pozulacaq. Bir az sonra sizə söyləyəcəyim məhşur lətifədə olduğu kimi.., yəni biz başımızı itirmişik, nə etdiyimizi bilmirik…
Iqtidar arqumenti budur ki, Qarabağ azad ediləndən sonra ölkədə rüşvəti yığışdırılacaq, insanların sərbəst toplaşması təmin olunacaq, azad seçki keçirib, lazım gəlsə, hakimiyyət dinc yolla müxalifətə veriləcək… Siyasi məhbus problemi də Qarabağ məsələsinə bağlıdır, ilk azad olunan kəndlə bərabər onları da açıb buraxacaqlar…
Bəri başdan oxuculardan üzr istəyərək, yuxarıda bəhs etdiyim lətifə ilə yazıma davam etmək istəyirəm ki, oxuculara daha aydın olsun…
Kənddə zoofil əməlləri ilə tanınan bir gəncin atası rəhmətə gedir. Yas yerində qonşuların, kənd əhalisinin, demək olar, hamısının həyətdə olmasını görən gənc, bundan sui-istifadə etmək istəyir və ən yaxınlıqdakı həyətə keçir və tövləyə girir.
Oğlan yaxalanmasa, yəqin ki, bu lətifə də yaranmazdı. Belə də olur, evinə dönən qonşu onu görür və gözləri kəlləsinə çıxır. Yəqin ki, heyvan sahibinin ona nə dediyini təxmin edərsiniz, odur ki, mən atası ölmüş gəncin cavabı ilə kifayətlənirəm. Cavab belə olur:
“Başımı elə itirmişəm ki, heç nə etdiyimi özüm də bilmirəm…”
Əlavə şərhə ehtiyac yoxdur, yəqin ki, atası ölən gəncin arqumenti keçərli hesab edilmir, ölüsü düşən insanlar adətən başqa cür hərəkət edirlər, bir müddət naz-nemət, keyf, eyş-işrət haqqında düşünmürlər.
Tövlədə yaxalanan gəncin arqumenti ilə, yəqin ki, Səməd Seyidovun arqumenti arasında böyük ölçüdə götürsək, heç bir fərq yoxdur. Səməd Seyidov da israrla bildirir ki, iqtidarın daxili siyasətinin bu cür olmasına səbəb onun Qarabağ məsələsindəki stresi ilə bağlıdır. Qonşu ölkənin işğalından iqtidar başını itirib və “nə edəcəyini” bilmir. Odur ki, acığını töküb, 9 milyonluq xalqın üstünə… Işğal başa çatmayınca vəziyyət belə davam edəcək, çünki dərd böyükdür…
…Həmin, yəni ABŞ konqresindəki görüşdə, deputat Asim Mollazadə isə fövqəldövləti rus təhlükəsi ilə, qorxutmağa çalışıdı. Dedi ki, Putin keçmiş SSRI-ni bərpa etmək istəyir, Rüstəm Ibrahimbəyov da onun adamıdır. Razılaşın ki, bu, Səməd Seyidovun, eləcə də qonşunun tövləsində yaxalanan gəncin arqumentlərindən daha “sanballı”dır.
“Rus təhlükəsi” haqqında. Bəri başdan deyək, bu da Qarabağ kimi iqtidarın əsas məsələlərdən yayınmaq cəhdidir.
Sirr deyil ki, Nərimanovdan Vəzirova qədər, lap elə Heydər Əliyevin 13 illik birinci katibliyi də daxil olmaqla keçən 70 il ilə Əliyevlərin son 20 ilini müqayisə edən vətəndaşda bəzi nostalji hisslər oyanır. Bunun səbəbini də iqtidar özündə axtarmalıdır. Düşünürəm ki, Asim Mollazadənin “rus təhlükəsi” haqda bir lətifədən sonra Səməd müəllim bizdən inciməz, həm də “status-kvo”nu bərpa edərik. Beləliklə…
Molla bir gün qadınlara “zina”ya görə o dünyada veriləcək cəzalardan danışır. Məsələyə getdikcə daha “fundamental” yanaşan molla, bir qədər irəli gedərək, konkret peşə sahibləri(!) ilə zinaya görə verilən cəzalardan bəhs edir. Məsələn, deyir ki, müəllimlə zina edən o dünyada qolsuz, çobanla edən başsız gəzir və s.
Qadınların biri marağını gizlətməyib, soruşur ki, bəs molla ilə zinanın o biri dünyada cəzası nədir?..
Bu sualı çoxdan gözləyən molla mənalı şəkildə gülümsəyərək deyir:
“Ay çoxbilmiş, deyəsən, sən cənnətə düşmək istəyirsən…”