Malayziya Beynəlxalq Islam universitetinin prorektoru, Abdulaziz Berqutun sədrlik etdiyi Islam Əməkdaşlıq Təşkilatının sammitinə hazırlıq komitəsi, hazırlıqla bərabər, islam dini ixtisası alan tələbələr arasında… ilin ən yaxşı dövlət başçısı nominasiyasında (ifadə Əli Həsənova məxsusdur – X.Ə.) “online” sorğu keçirib. Sorğunun qalibi isə… Azərbaycan prezidenti Ilham Əliyev olub…
Mətləbə keçməmişdən əvvəl, nəzərinizə onu çatdırım ki, elə həmin Malaziyanın beş addımlığında yerləşən Sinqapurda keçiriləcək dünya memarlıq müsabiqəsində Bakıda inşa edilən Heydər Əliyev mərkəzinin də nominasiyaların birində qalib gələcəyi haqda mətbuatda açıq-aşkar yazırlar.
Yadınızdadırsa, bir neçə ay bundan əvvəl, redaktoru türk olan bir ingilis jurnalı da, Ilham Əliyevi “ilin dövlət başçısı” seçmişdi. Maraqlı məqam ondan ibarət idi ki, Azərbaycan rəsmiləri tərəfindən az qala dünyanın ən nüfuzlu dərgisi kimi təqdim edilən bu jurnalın nümayəndəsi Bakıdakı təqdimat mərasimində qaş düzəltdiyi yerdə vurub gözü də çıxartdı…
Jurnalın təsisçisi Betül Çakaloğlu, (soyadı olduğu kimidir – X.Ə.) jurnalın bu nömrəsinin ərsəyə gəlməsi üçün göstərilən maddi dəstəyə görə Prezident Aparatı və şəxsən onun şöbə müdiri Əli Həsənova dərin təşəkkürünü bildirdi. Oxucuların nəzərinə çatdırım ki, həmin jurnalın növbəti sayı Afrikanın ən yoxsul ölkələrindən biri olan Mozambikə həsr olunmuşdu. Üz qabığından isə, səbəbkar, yəni Mozambikin prezidenti gülümsəyirdi…
Keçən il bir dostumun işi ilə bağlı bir sahə müvəkkilinin yanına getmişdim. Polis jurnalist olduğumu biləndə arxasındakı şkafdan mənə çərçivəyə salınmış bir diplom uzatdı. Uzun adı “aşkarlıq”la başlayan bir qəzet onu ilin “uçastkovısı” elan etmişdi. Sahə müvəkkili təxminən 2-3 dəqiqə Ağadadaşın retro mahnısını fitlə ifa edərək mənim reaksiyamı gözləyirdi. Bunu rəsmi bir titul kimi qəbul edən şəxsə, necə anladasan ki, bunun üçün o, ən azı vətəndaşdan şəxsi mülkünə hasar çəkməsinə görə 300 manat almamalıdır…
Maraqlıdır ki, Ilham Əliyevin dini təhsil alan tələbələr tərəfindən ilin dövlət başçısı seçilməsinin əhəmiyyəti haqqında da geniş yazı ilə çıxış edən də elə həmin Əli Həsənov oldu… Bu haqda yazdığı məqalənin təkcə başlığını nəzərinizə çatdırmaq istəyirəm, gerisini özünüz təsəvvür edin. Başlıq belədir: “Dövlət başçısının diplomatiyası, ölkəmizin panoramasından daha aydın görünür”(?)…
Barıtı çox olan bu tip başlıqlara çox rast gəlsək də, razılaşın ki, bu cümlə diplomatiya tarxinə yazılacaq bir cümlədir. Zarafat deyil, diplomatiya “panorama-lyukdan” boylanır…
Başqa sözlə desək, “malaziyalı tələbələr dedi, vəssalam”. Belə çıxır ki, beynəlxalq ictimaiyyət malaziyalı tələbələrdən çox şey öyrənməlidir. Müsəlman aləmində bir hallalıq deyilən məfhum mövcuddur, biri-birinin malını alanda, torpağına sahib olanda mütləq gedib qarşı tərəfdən halallıq istəyir. Malaziyalı tələbələr də son on ildə etdiklərinə görə bir növ Əliyev rejiminə halallıq verdilər. Dedilər ki, cənab prezident, gedin buna qədər necə işləmisinizsə, bundan sonra da elə də işləyin, siz son on ilin ən yaxşı dövlət başçısınız. Dubay mülkləri də, qızıl mədənləri də, ofşor şirkətləri də halalınız olsun. Biz uzaq Malaziyada yaşasaq da, sizin ölkənin panoramasından hər şeyi görürük…
Mən Malayziya Islam Universitetitinin binasının hansı vəziyyətdə olduğunu bilmirəm, amma əminliklə deyə bilərəm ki, belə bir problemləri, məsələn, divarların suvağı tökülübsə, heç üzülməyə gərək yoxdur, malalayacaqlar…
Malayziyadan gələn “halallığı”, Əli Həsənov, adı gedən məqaləsində az qala iqtidarın həlledici qələbəsi (!) kimi təqdim edir: “Azərbaycanın çoxsaylı uğurları dünya dövlətlərinin diqqətindən kənarda deyildi. Prezident Ilham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər dövlətimizin nüfuzunu daha da artırıb. Bu günlərdəÿAzərbaycan prezidenti Ilham Əliyevin ”Ilin dövlət başçısı” seçilməsi, məhz görülən işlərin məntiqi nəticəsidir”…
Yəni dövlət rəsmisi demək istəyir ki, “ey vəfasız dünya, bizə inanmırsınız, inanmayın, öz işinizdir, yaxşı bəs malayziyalı tələbələrə nə deyirsiniz”.
Bu xəyali fraza sizə bir az absurd görünsə də, mən başqa fikirdəyəm. Etiraf etməliyik ki, rejim bu dəfə qarşımıza məntiqlə çıxıb…
Onun adı isə, Malayziyadır…