Tarixi çox qədimlərə gedib çıxan təlxəklik heç də bizim bildiyimiz kimi, sadə asan sənət olmamışdır. Tarixi mənbələrə inansaq, ilk orta əsrlərə qədər öz əcəli ilə ölən çox az sayda saray təlxəyi olmuşdu. Bunu çox ağlabatan və məntiqi bir nəticə kimi qəbul etmək mümkündür. Təsəvvür edin, qoşunu darmadağın edilmiş, qaş-qabağı yerlə gedən hökmdarı güldürmək üçün təlxək hansı hoqqalardan çıxmalı idi. Ehtiyatsız, gülüş doğurmayan bir ifadə kifayət edirdi ki, fərraşlar onu cəlladın hüzuruna aparsınlar…
Zamanla təlxəklər bu qorxulu mərhələni keçdilər. Belə ki, dünyada təlxəyini öldürən hökmdara pis baxmağa başladılar. Hətta elə bir dövr gəldi ki, təlxəklər hökmdarların qeyri-rəsmi sözçüsünə çevrildilər. Məsələn, orta əsrlərdə Ingiltərə kralı, lordları və əyanları tənqid etməyi özünə layiq bilmirdi və bunu etməyi təlxəklərə tapşırırdı. Təlxəyin qeyri-standart tənqidindən sonra onlar dərhal nəticə çıxarırdılar. Ya rəiyyətlə bağlı hansısa addımlar atılır, ya da kral xəzinəsi ilə haqq-hesabda “düzəlişlər” edilirdi…
Son bir-iki əsrdə saraylar təlxəklərdən, ümumiyyətlə, imtina etməyə başladılar və təlxəklər keçdi sənətə. Kimisi aktyor, kimisi rəqqas, kimisi kloun, kimisi gözbağlayıcı oldu və s.
Yəqin ki, yazını buraya qədər oxuyan oxucu nədən təlxəklər haqqında tarixi arayış verməyimin səbəbini anladı. Əminəm ki, orta əsrlərlə XXI əsr Azərbaycanı arasında bir oxşarlıq da tapa bildiniz. Haqlısınız və icazə verin o oxşarlığı bir qədər obrazlı hala çevirərək, söhbətimizə davam edək. Beləliklə, bu gün Azərbaycanda biz anormal və kədərli bir prosesin, yəni sənətin öz yerini təlxəkliyə verməsinə şahidlik edirik. Bir zamanlar hörmət etdiyimiz sənətkarların, qələm əhlinin rejimə təlxəklik etməsini görməyin nə olduğunu yəqin ki, bilirsiniz.
Tez-tez yerli serial və tamaşalarda, Əliyev dövrü məmurunun müsbət obrazına(!) rast gəlirik. Məhkəmə sədri rüşvətdən imtina edir, polis ləyaqətlə öz vəzifəsini yerinə yetirir, nazir oğlu şəxsi biznesindən qazandığı pulların bir neçə milyonunu körpələr evinə bağışlayır. Ədalətin təntənəsi isə, elə tamaşanın ortalarında baş verir…
Razılaşın ki, 20 ildir səviyyəli, düşündürücü gülüş üzünə həsrət qalmışıq. Bu sahənin tənqid üzərində qurulması səbəbindən rejim buraya xüsusi nəzarət edir. Bu gün ölkə əhalisinin menyusu “Bu şəhərdə” və KVN teatrının tamaşalarından ibarətdir. Birincilərin şit və düşük səhnələrinin hamısı sadə vətəndaşların avamlığı üzərində qurulub, qeyri-etik və mentalitetə zidd səhnələr isə insanları cəhalətə sürükləyir. Ikincilər, yəni KVN teatrı haqqında xüsusi danışmaq istəyirəm…
…90-cı illərdə ölkəmizi təmsil edən “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubu, qazandığı uğurlarla sözün əsl mənasında Azərbaycanın simvoluna çevrilmişdi desəm, yəqin ki, yanılmaram. Onların uğurlarının başlıca səbəbi istedadları ilə yanaşı, yaradıcılıqda sərbəst olmaları idi. Onlar istədikləri məmuru istədikləri şəkildə parodiya edə, cəmiyyətdəki istənilən neqativ halla bağlı mövqelərini sənətlərində əks etdirə bilərdilər. Nəzərinizə onu da çatdırmaq istəyirəm ki, bu komandanın ən böyük uğuru 1992-ci ildə keçmiş sovet respublikaları arasında çempion olmasıdır…
Heydər Əliyevin hakimiyyətə gəlişindən az sonra, bu möhtəşəm komanda repertuarına və dəst-xəttinə “dəyişiklik” etdi, kəskin siyasi satira, duzlu-məzəli məmur tənqidi müxalifətin ağır şəkildə təhqir edilməsi ilə əvəzləndi. Hakimiyyət bu möhtəşəm komandanı təlxək yığıncağı kimi görməkdə, ondan siyasi məqsədləri üçün istifadə etməkdə israrlı idi. Komanda ilə görüşü zamanı Heydər Əliyev onları müxalifət haqqında daha çox səhnəcik hazırlamağa çağırdı. Lakin komanda gözlənilmədən öz üzərinə düşən missiyanın şərəflə yerinə yetirdiyini bəyan edərək, fəaliyyətini dayandırdı. Bundan az sonra isə, Tahir və Cabir Imanov qardaşları bu komandanın digər üzvləri ilə, KVN “Parni iz Baku” teatrını yaratdılar…
Rejimin imkan verdiyi çərçivədə tamaşaçılara “gülüş bəxş edən” bu teatr, hazırda geniş xalq kütlələri üçün “əlçatmaz” olub, tamaşalar televiziya ilə göstərilmir, diskləri satılmır. Biletlər də sadə vətəndaşın cibinə uyğun olmadığı üçün tamaşaya yalnız məmur və imkanlı şəxslər gəlir. Gəlirlər və… gülüb gedirlər…
Lap orta əsr Ingiltərə kral sarayında olduğu kimi… Bir daha xatırladım ki, sərbəstlik təlxəklərə yalnız saray hüdudlarında verilirdi.