Iqtidarın xaricdən milyardlarla dollar dəyərində silah alması xəbəri Milli Ordunun yaranmasının 95-ci ildönümü münasibəti ilə təşkil edilmiş parada olan marağın birəbeş artmasına səbəb oldu, desəm yəqin ki, yanılmaram. Açığı, Rusiyadan 1 milyard dollar dəyərində (bir milyard? – X.Ə.) alınan silahların necə “müasir” olacağını təxmin etsəmdə, paradı gözləyirdim.
…Bəri başdan deyim ki, biz indiyədək xaricdən müasir adı ilə alınan müxtəlif qeyri-hərbi texnikaların əslində necə “müasir” olduğunu öz gözlərimizlə görmüşük. Baltikyanı ölkələrində istismardan çıxarılmış qatar və elektrovozları, Rusiya metropolitenlərində ömür-gün çürütmüş metro vaqonları, vaxtı bitmiş zavodları və onlarla digər texnikanın kir-pasını təmizləyərək, müasir adı ilə təqdim edilməsinə öyrəşmişik…
Etiraf edim ki, son 20 ilin ən möhtəşəm (!) paradıtək qiymətləndirilən bu paradı, dediyim kimi, əvvəldən axıradək seyr etdim və bəri başdan deyim ki, ermənilərin əvəzinə mən şoka düşdüm. Bəzi mətbu orqanlarımız yenə də ənənələrinə sadiq qalaraq, Ermənistan tərəfinin bu paraddan təşvişə düşməsindən yazdılar. Düşmən ölkənin müdafiə naziri S.Ohanyanın bir az da ironik şəkildə, “biz silahlanmada keyfiyyətə diqqət yetiririk” deməsini təşviş (!) kimi qələmə vermək, elə paraddakı texnikaya müasir deməyə bərabər şeydir.
…Alınmasına milyardlar (?) xərclənən bu müasir texnikanı mən 27 il əvvəl, 18 yaşımda (!) Sovet Ordusu sıralarında xidmət edərkən görmüşəm. Bu texnikanın çoxu hətta o dövr üçün köhnəlmiş sayılırdı. Bir haşiyə çıxaq…
…Bakı küçələrində yüz minlərlə avtomobillərin arasında QAZ-21 və QAZ-24 markalı sovet maşınları görəndə insanlar qeyri-ixtiyari dönüb bu maşınların arxasınca baxırlar. Məqsəd bir zamanların bu hörmətli maşınlardan “kefdən”, yaxud “dərddən” istifadə olunmasını ayırd etməkdir. Ənənəvi olaraq, bu iki maşın ya “tökülür”, ya da sahibi xərc qoyub onu “zavodskoy” halına gətirərək sürür. Əlqərəz, bu iki maşın ya antikvar kimi, ya da bazar maşını kimi istifadə olunur. Bəzən bu maşınlara o qədər meyvə-tərəvəz yükləyirlər ki, onun QAZ-21, yaxud da QAZ-24 olmasını yalnız yan tərəfdən ayırd etmək olur. Yəni istər antikvar kimi sürülən, istərsə də kartof-soğan daşınan maşınlar eyni şeydir, onun birinə müasir, birinə isə köhnə demək olmaz. Hamısı QAZ-24, 21 adlanır və müasirliklə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. Onları nəinki müasir, heç həmin illərdə istehsal edilmiş “Mersedes”, yaxud “Ford” markalı maşınla müqayisə etmək, razılaşın ki, ağılsızlıqdır…
Paradda nümayiş olunan T-72 markalı tanklar, hələ 80-ci illərdə, daha çevik və çoxfunksiyalı T-80-lərlə əvəz olunurdu. 1979-cu ildə istehsalına başlanılan BMP-2 markalı piyada maşını o dövr üçün müasir texnika hesab edilsə də, Sovet hərbi sənayesi bu əfsanənin üçüncü versiyasını hazırlayırdı. Müqayisə üçün deyək ki, mühərriki 520 at gücündə olan bu hərbi maşın, əksər məmurların qarajlarındakı CIP-lərdən belə zəifdirsə, bunun nəyi ilə fəxr etməliyik, anlaya bilmirəm…
Paradda tərifi yerə-göyə sığdırılmayan SU-27 döyüş təyyarələrinin isə istismara verildiyi müddətdən nə az, nə çox, düz 36 il keçir…
Bundan başqa, düşmənin “qorxulu röyası” kimi qələmə verilən, 1975-ci il təvəllüdlü S-300 raketlərinin mümkün Qarabağ savaşında necə istifadə olunacağı maraqlıdır…
Fikir verdinizsə, paraddakı heç bir texnika “zavodskoy” rəngində deyildi. Hamısına da, daha müasir görünsünlər deyə, kamufulyaj süsü, bəzəyi vermişdilər. 30 və daha yaşlı bu texnikanı bu cür bəzənmiş görəndə yadımıza… plastik əməliyyatlardan çıxmış bəzi xanım artistlərimiz düşür. Ad çəkib özümü zibilə salmaq istəmirəm, amma bu bir faktdır ki, onlar nə qədər cavan görünsələr də, onların yaşı 60-70 arasındadır. Hərəkət və digər funksiyalarının da xarici görünüşləri ilə ziddiyyət təşkil etməsi onları qoca yaşıdları ilə müqayisədə daha gülünc göstərir…
Qadının yaşını gizlətməsi təbiidir və bu bir zamana qədər effekt verir, amma razılaşın ki, hərbi texnikanın yaşını gizlətmək heç bir məntiqə sığmır…