Son günlər həyəcanla rejimin müdafiəsinə qalxanlardan biri də deputat Musa Quliyevdir. Ədəbi təxəllüsü, şəxsi klinikası və apteki “Urud” adlanan (Zəngəzurda yerləşən bu kəndin əhalisi 1988-ci ildə deportasiya edilib – X.Ə.), deputat-şairin(!) son açıqlaması isə bütün cəmiyyəti heyrətə gətirdi. O, hökuməti müxalifət nümayəndələrinə qocalığa görə pensiya verilməsini qadağan etməyə çağırdı. Razılaşın ki, bu günə qədər ağlı başında olan heç bir iqtidar rəsmisi müxalifəti bu dərəcədə təhdidə cəsarət etməmişdi…
Ilham Əliyev başda olmaqla, iri məmurların ölkədən çıxardıqları dəyəri milyardlarla ölçülən sərvətin fonunda, fərqli düşünən vətəndaşları təxminən 100 manat çörəkpulundan da məhrum etmək fikrinə düşən Musa Quliyevin bu isterik açıqlamasına əhəmiyyət verməmək də olardı. Lakin düşünürəm ki, bu haqda yazmaq da lazımdır. Bir halda ki, dünənə qədər ortada yeyib, qıraqda gəzənlər də dilə gəliblər, düşünürəm ki, bu, əhəmiyyətli hadisədir. Bir faktı da nəzərinizə çatdırım ki, o həm də Milli Məclisin sosial siyasət komissiyasında Hadı Rəcəblinin müavinidir, pensiyalara birbaşa aidiyyəti var. Demək, məsələnin yuxarılarda müzakirə edilməsi istisna deyil. Xatırladaq ki, elə Hadı Rəcəbli də müavinindən öncə tanınmış müxalifətçini tutdurmağa imkan vermədiyinə görə… spiker Oqtay Əsədovdan küsmüşdü. Xatırladaq ki, Hadı müəllim də deputat təyin olunduğu Lənkərandakı məhşur turizm kompleksi olan “Palıdlı sahil”in sahibidir.
…Əliyevlər hakimiyyəti dövründə şəxsi klinika və üstəlik, yanında da aptekə sahibliyin nə demək olduğunu yəqin ki, izah etməyə ehtiyac yoxdur. Məlum səbəblərdən xəstə bolluğunu da iqtidardan gələn bonus (!) kimi nəzərə alsaq, Musa Quliyevin təşvişi başa düşüləndir. Yəni rejimin dəyişəcəyi təqdirdə Musa Quliyev və onun kimi yüzlərlə məmurların xalqın məhrumiyyətləri hesabına varlanması mümkün olmayacaq…
…Kiçik bir haşiyə çıxmaq istəyirəm, yaxın tariximizdən hamıya məlumdur ki, istər Vəzirov, istər Mütəllibov, istərsə də Elçibəy dövründə iqtidarda olan məmurların böyük əksəriyyəti üçün hakimiyyət dəyişikliyi şəxsi faciəyə çevrilmədi. Kim hansı vəziyyətdə gəlmişdisə, o cür də getdi. Sabiq prezident Əbülfəz Elçibəy isə, millətin bir hissəsinin evsiz olduğunu əsas gətirərək, ona verilən mənzildən imtina etdi. Musa Quliyevin ittiham etdyi keçmiş AXC hakimiyyətindən fərqli olaraq, Əliyevlər rejimində sadə vətəndaşın əmlakının mənimsənilməsi haqqında minlərlə fakt mövcuddur və bu proses yüksək səviyyədə himayə olunur…
Musa Quliyev haqqında yazmazdan əvvəl, internetdə kiçik bir axtarış etdim, onun mətbuatda onun haqqında gedən yazılara nəzər saldım, elə bir fövqəladə keçmişə sahib deyil. Rejimin himayəsi altında qaz vurub qazan dolduran şəxslər kimi, sadə bioqrafiyası var, həkimdir, ikinci təhsil alıb, Tağı Əhmədov, Cavid Qurbanov, Kəmaləddin Heydərov və digər məmurlar kimi ilhama gəlib şeir də yazır. Bir sözlə, heç bir qeyri-adi bir şey tapmadım və hətta yazmaqdan vaz keçmək istəyirdim ki, onun bir müsahibəsi gözümə sataşdı…
Musa Quliyevin bu yazıma səbəb olan müsahibəsində böyük rus yazıçısı Dostoyevskinin məhşur “Cinayət və cəza” romanının qəhrəmanı Raskolnikovu mühakimə edir. Sitatı olduğu kimi verirəm: “Cinayət və Cəza”nı oxuyandan sonra altı ay havalı gəzdim. Əsərin təsirindən çıxa bilmirdim. Roskolnikovun o qarını öldürməyini heç cür qəbul edə bilmirdim. Bütün günü özümə suallar verirdim. Mənə elə gəlirdi ki, Roskolnikov qarını öldürməyə də bilərdi”…
…Iki milyondan çox həmvətənini çörək dalınca elə Dostoyevskinin vətəninə “sürgün” edən, ölkənin sərvətlərini ofşorlara daşıyan, vətəndaşını səfalət içində yaşamağa məcbur edən bir rejim haqda susub, Raskolnikovu ittiham etməkdən böyük anormallığı təsəvvürə gətirmək çətindir. Məsələyə başqa bir tərəfdən baxsaq, Musa Quliyev kimilərindən fərqli olaraq, Dostoyevskinin Raskolnikovu ədalətlidir, o heç olmasa cinayətini etiraf etdi və hər cəzaya hazır olduğunu bildirdi.
Əgər Raskolnikovda olan ədalətin cüzi bir hissəsi Musa Quliyevdə olsaydı, ondan müxalifət fitvası əvəzinə, səhiyyədə olan özbaşınalıq, dərman monopoliyası, uşaq yeməklərinin süni bahalaşması, aqoniya vəziyyətində olan xəstələri süni tənəffüs aparatında saxlayıb, yaxınlarından pul qoparılması və s. haqda həqiqətləri eşidərdik…