Müdafiə Nazirliyinin “Azadlıq” qəzetinə və onun köşə yazarı Xaqani Əliyevə, yəni mənə qarşı məhkəmə iddiası qaldırdığı haqda yəqin ki, məlumatınız var. Nazir müavini, general-leytenant Çingiz Məmmədovun adından qaldırılan iddia ərizəsində generallar qəzetdən və məndən nə az, nə çox üst-üstə 100 min manat istəyirlər. Iddia ərizəsinə səbəb kimi mənim “Ordu, yoxsa can bazarı” yazımı göstərirlər…
Mən diqqətlə eyni mövzuda mənə qədər yazılan çoxlu sayda yazıları incələdim, çünki bu haqda o qədər yazılıb ki, hamısını oxuyub başa çatdırmaq, demək olar, mümkün deyil. Ordu və onun zabitləria, əsgər ölümləri haqda indiyədək mətbuatda minlərlə yazı gedib, yazarlar və övladları orduda həlak olmuş valideynlər məndən də ağır və eyni zamanda haqlı iradlarını bu gün də Müdafiə Nazirliyinə bildirməkdən çəkinmirlər. Yəni bu o deməkdir ki, hərbi hissələrdən gələn ölüm xəbərləri bu gün də səngimir. Internetdə “Azərbaycan Ordusunun əsgəri” ifadəsini yazın və axtarış verin… Siz virtual Şəhidlər xiyabanı ilə qarşı-qarşıya qalacaqsınız. Əsgər ölümləri bu mövzuda bizi sevindirə biləcək və həmin ifadədən sonra yazılmasını həsrətlə arzu etdiyimiz “irəlilədi”, “düşməni susdurdu” və s. xəbərləri əzib keçir…
Nədən “Azadlıq” hədəf seçilib?. Bəri başdan qeyd edim ki, mənim bu yazım hər hansı bir mətbu orqanında dərc olunsaydı, yəqin ki, buna o qədər də əhəmiyyət verilməzdi. Verilsəydi belə, bu həmin mətbu orqanından təkzib və məndən üzr istəmək tələb edilməsi ilə məhdudlaşardı…
Cəmiyyətin bütün ağrı-acılarına, insanların qarşılaşdığı haqsızlıqlara öz səhifələrində yer ayıran “Azadlıq” qəzeti heç vaxt əsgər ölümünə qarşı biganə qalmayıb. Qəzetin saytında oxunma sayına görə rekord qıran yazılar arasında məhz əsgər ölümlərinə həsr olunmuş materiallar da gedir. Əsgər Ceyhun Qubadov haqqında yazıları xatırlayın, bütün ölkəni ayağa qaldıran bu ölümə həsr olunmuş təkcə bir yazı saytımızda nə az, nə çox.., düz 312 min dəfə oxunub və oxunmaqda davam edilir.
Müdafiə Nazirliyinin qəzetimizə qarşı nədən bu cür davranmasının əsas səbəblərindən biri də bax, budur. Bunu həm də siyasi sifariş adlandıra bilərik, “Azadlıq” qəzetinin bağlanması ölkədə azad fikrin tamamilə boğulması deməkdir…
Nəhayət gələk mənim yazdığım və məhkəmə predmeti olan o yazıya…
Yuxarıda qeyd etdiyim kimi, yazı “Ordu, yoxsa can bazarı” adlanır…
Yazını bir də oxuyub, bu mövzuda yazılan yazılarla müqayisə etdim və bu nəticəyə gəldim ki, yazıda açıqladığım Azərbaycan əsgərinin qida rasionu və məişət xərcləri haqda məlumatlar “kimlərisə” bərk acıqlandırıb. Bu, ordunun təhcizatı ilə məşğul olan şirkət rəhbərləridir.
Kağızda dünyanın ilk beş menyusundan… birinə sahib olan Azərbaycan Ordusu əsgərlərinin qida və məişətinin, eləcə də onlara göstərilən tibbi yardımın əslində hansı səviyyədə olması haqda həqiqət, görünür, bəzi dairələri narahat edib. Kağızda “şvedski stol”a bənzəyən menyunun “harada yeyilməsini” soruşmaq nə vaxtdan zabit ləyaqətini təhqir etmək sayılır? Və yaxud vətəndaşların öz övladlarının nisbətən “təhlükəsiz” bölgədə xidmət etməsi üçün rüşvət verməsi bəyəm hərbi sirdir? Orduda rüşvət nəinki həyatımıza, hətta şifahi xalq ədəbiyyatına da hopub…
… Kasıb bir kişi israrla “voyenkom”a oğlunu Murova göndərməsini xahiş edir və hətta bunun üçün çox kiçik məbləğdə rüşvət də təklif edir. Ilk dəfə belə bir təkliflə üzləşən voyenkom əvvəl elə bilir ki, kişi onu ələ salır, onu kabinetindən qovur. Lakin bir qədər sonra maraq güc gəlir və o öz köməkçisini həyətdə oturan kişinin yanına göndərir. Uzun söhbətdən sonra kişi etiraf edir ki, qardaşım oğlu, bacım oğlu, qonşu uşaqları da Murovdadır, istəyirəm ki, uşaqlar darıxmasın, bir-birinə həyan olsunlar…
“Voyenkom” əsəbiləşir və köməkçisinə əmr edir: “Göndər onu Bakıdakı hissələrin birinə, kişiyə də de ki, Murov havayı görüş yeri deyil!”.
…Nə qədər acı olsa da, deməliyəm – məhkəmə prosesi təyin olunan günlərin hamısında, əsgər ölümləri ilə bağlı xəbərlər gəlir… Bu bizim məsum olmamıza “ilahi işarə” yox, ordudakı real vəziyyətə bir işarədir…
Əsgər həyatı üçün məsuliyyət daşıyanların, əsgər ölümünə görə 100 min manat istəməsi hansı meyarlara sığır?..
(ardı var)