20 ildir ki, inandığımız, etibar etdiyimiz, çiyin-çiyinə mübarizə aparan insanların ən müxtəlif, ağlagəlməz üsullarla bizi tərk etmələrinin çox şahidi olmuşuq. Adətən bu proses çox sürətlə baş verirdi və bəzən biz bunu qəzetlərdən duyurduq. Mətbuat konfransı, yeni bir cırtdan partiyanın təsisi haqda bildiriş, müvəqqəti ofsin ünvanı və s. Hadisələr YAP-ın bir “halal” mandatından “imtinası” ilə davam edir və Lider telekanalında başa çatırdı. Özü ilə bir neçə nəfərə də şirin vəd verib aparmağı “bacaran” keçmiş müxalifətçi buna heç də həmişə nail ola bilmirdi. Ona görə “heç də həmişə” deyirəm ki, bir neçə dəfə bunun əksinin görmüşəm. Məsələn, bu yaxınlarda yolu keçərkən, təzə avtomobilinin şüşəsindən gülümsəyib mənə əl edən keçmiş müxalifətçi tanışım dedi ki, istədiyim işi verməsələr də müəllimi (keçmiş bəyi, yəni deputatı – X.Ə.) gəzdirirəm.
Lakin hadisələrin sonrakı inkişafı göstərdi ki, bu yolla müxalifəti nəinki zəiflətmək mümkün olmayacaq, əksinə, iqtidar müxalifət sıralarını bu cür “seyrəltməklə” bir növ onu sağlamlaşdırır. Bir sözlə, gedənin yerinə daha cəsarətli, daha savadlı insanlar gəlir. Yəni qaba desək, iqtidar bir də ayılıb gördü ki, o, alaq təmizləyir. Odur ki, taktikanı dəyişdilər, adamlarını müxalifət sıralarında tutmağa üstünlük verməyə başladılar. Taktika da dəyişdirildi, hazırda biz daha çox müxalifət birliyinin pozulmasına çalışan qüvvələri müşahidə etməkdəyik. Istər Ictimai Palata yarananda, istərsə də Milli Şura ətrafında gedən söz-söhbətlər, bu qüvvələrin konkret öhdəliyə əməl etməsini açıq şəkildə göstərir. Ictimai Palatada vahid namizəd davası prosesləri önəmli ölçüdə ləngitdi. Təxminən 15-ə yaxın “müxalif” ruhlu siyasinin öz namizədliyini irəli sürməsi hamımızı şaşırtdı. Ölkə prezidentliyinə namizədliyini sürən şəxslərə heyrət etməklə yanaşı, onların vahid mərkəzdən idarə edilməsi də nəzərimizdən qaçmadı. Idmanın ağırlıqqaldırma növündə yazılmamış bir qayda var – idmançı yalnız son dəfə qaldırdığı çəkidən ən azı beş kilo artıq sifariş verə bilər. Bizim, yəni müxalifətçi namizədlərin iddiasına həmin kriteriyadan yanaşsaq, bu o deməkdir ki, idmançı son dəfə 170 kilo qaldırmasına baxmayaraq, bu dəfə 500 kilo(!) sifariş verir. Bəli, bu anormal namizədlik iddiaları hələ də sürür və müxalifətdən prezidentliyə namizədlər israrla “biz buna qadirik” deyirlər. Ad çəkmək istəmirəm, onsuz da hamısı göz qabağındadır. Onların sayı artacaq, təxmini hesablamalara görə, bir-iki aya bu rəqəm 40-a yaxınlaşacaq…
Məlum oldu ki, iqtidar elə Milli Şuranın, müxalifətin bu böyük birliyində cüzi sayda olsa da “təmsil” oluna bilib…
…Rejim rəsmilərinin belə xarici imic haqqında düşünmədiklərini izhar edib, nəyin bahasına olur-olsun hakimiyyəti əldən verməyəcəklərini bəyan etdikləri bir durumda, Milli Şura üzvü(!), Müsavat partiyası başqanının müşaviri(?), hüquq müdafiəçisi Novella Cəfəroğlu onların müdafiəsinə qalxdı. Daim Azərbaycandakı demokratik proseslərə obyektiv münasibət bildirən beynəlxalq “Freedom House”un ünvanına təhqir dolu açıqlama məhz bu xanımdan gəldi. Şərlənərək həbs edilən Müsavat partiyasının başqan müavini Tofiq Yaqublunun adının da hesabatda olması bu xanımı tutduğu yoldan “çəkindirə” bilmədi. Bu təşkilatı elə bir şəkildə təhqir etdi ki, heç iqtidar rəsmiləri belə buna cürət etməzdilər. Dedi ki, “qələt eləyir, ”Freedom Hause”, Azərbaycanda vəziyyət o qədər də pis deyil…
Bu barədə Müsavat rəsmilərinin mövqeyini şərh etmək fikrindən uzaq olsam da, partiyada Novella xanım kimi… müşavir postunda olan Yadigar Sadıqovun sosial şəbəkədə ona müraciətindən bir neçə kəlməni verməmək günah olardı… “Bu partiyanı daha biabır etmək istəmirsinizsə, Allah xatirinə, özünüz ərizə verib çıxın. Nə olar, çox, amma çox xahiş edirəm”…
“Uzaq sahillərdə” filmindən bu unudulmaz epizodu yəqin ki, xatırlayırsınız – ifşa olunan Karranti Mehdini arxadan vuraraq, motoskletinə minib qaçdı. Yəqin ki, razılaşarsınız, ona da getməsi üçün yalvarsaydılar, yəqin, yaralı Mixaylodan da şübhələnərdik.
Iqtidarın cəmiyyət daxilində formalaşdırılmış başqa “qvardiya”sının ortaya atdığı “Rüstəm Ibrahimbəyov gəlsin, gəlməsin” polemikası isə, daha maraqlıdır. Bu haqda allah qoysa, gələn yazımızda…