…Bilmirəm hansı ağılla bu yaxınlarda Bakı-Gəncə ekspress qatarına Kürdəmirə qədər bilet aldım. Fikirləşdim ki, 180 kilometr yoldur, qatar biletinin də üzərində ekspress yazılıb, açılışını da möhtərəm edib, yəqin ki, birtəhər(!) gedib çatarıq. Boynuma alıram ki, bu qərarımın arxasında bir yazar marağı da var idi ki, onun da “bəlasına” düşdüyümü bəri başdan deməliyəm. Fikirləşdim ki, qatarın pəncərəsindən ətrafı seyr edib, əyalət, ora gedən insanlarla təmasda olum, bir sözlə, lazımi informasiya toplayım, oralarda nələrin baş verdiyi haqda müəyyən bilgilərə sahib olum. Bəri başdan deyim ki, gedəcəyim ekspress haqda yazacağım heç ağlıma belə gəlmirdi.
Saat 9-da ekspress qatarı dartaraq Gəncəyə aparacaq lokomotivi görəndə gözlərimə inanmadım. Desəm ki, bizi dartıb aparacaq bu qurğunun ən azı əlli yaşı olardı, yəqin ki, təvazökarlıq edərəm.
Bələdçidən nə zaman Kürdəmirə çatacağımızı soruşanda biletə baxmağımı söylədi. Bileti yenidən oxudum və ən sonda Kürdəmirə çatma saatını gördüm – saat 13-də, yəni 4 saatdan sonra!…
Onu da deyim ki, biletdə dörd saat göstərilməsinə baxmayaraq, biz Kürdəmirə çatanda saat 13.45-i göstərirdi. Orta hesabla saatda 50 km (!!!) sürətlə gedən qatarın vaqonları mənə çox tanış gəldi. Bu xüsusi vaqonları 25 il əvvəl Pribaltika dəmiryollarında görmüşdüm. Vaqonda asılmış… M.Ə.Sabirin portreti isə, qatar, xüsusən də onun sürəti ilə həmahəng idi. Qatarın sürəti fonunda onun portretinin altında “bu qatarla M.Ə.Sabir səyahət etmişdir” xatirə yazısı, inanın ki, ədalətin təntənəsi olardı… Lökbatana qədər sürət o qədər aşağı idi ki, qatar gedə-gedə heç bir risksiz-filansız ondan düşmək olardı…
Avropanın istənilən analoji ekspress qatarı isə 180 kilometrlik məsafəni uzağı 35 dəqiqəyə qət edir… Fərqə zaman baxımından boylansaq, təxminən yüz il edər. Reallıq budur, SRRI dağılandan sonra sürətimiz bir az da aşağı düşüb, prezidentin sözü olmasın, tamamilə yavaşlamışıq…
Mətbuata nəzər saldıqda iqtidar rəsmilərinin dayanmadan Avropanın ünvanına tənqid və təhqirlərinin şahidi oluruq. Siyasi elitaya gəlməmişdən qabaq metal qəbulu məntəqəsində qapançı işləmiş PA şöbə müdiri Əli Həsənovdan fərqli olaraq, nisbətən professional Novruz Məmmədovun son açıqlamaları daha təhlükəlidir. PA xarici əlaqələr şöbəsinin müdiri olan bu şəxs açıq şəkildə Avropanı təhdid edir, onu Azərbaycanın uğurlarına qısqanmaqda ittiham edir. Bu ağlasığmaz iddiaların arxasında heç bir rəqəm, statistika dayanmır, misal belə çəkilmir, elə deyirlər Avropa bizi qısqanır. N.Məmmədovun son müsahibəsindən bir sitat iqtidarın isterikasının hansı dərəcədə olduğuna bariz nümunədir, buyurun: “Keçmiş SSRI-nin süqutu və Varşava müqaviləsinin dağılması nəticəsində(əsl kommunist təfəkkürü – X.Ə.) Avropa tədricən gücləndi. Ancaq indi Avropa böyük maliyyə böhranı ilə üzləşib. Indi dünyanın onlarla ölkəsi maliyyə böhranından çıxması üçün Avropaya kömək edir. Həmin dövlətlər özləri inkişaf etməklə yanaşı, Avropaya da yardım edirlər ki, onlardan biri də Azərbaycandır. Ancaq Avropa, bu qədər imkanı olmasına baxmayaraq, böhrandan çıxa bilmir. Indi Avropa problemlər içərisindədir. Avropa bu haqda yaxşı düşünməlidir, bunlarla məşğul olmalıdır”.
Saatda 50 km sürətlə gedən Azərbaycan və orta sürəti 260 km-ə çatan Avropa ekspress qatarların müqayisəsi fonunda iqtidar rəsmisinin bu açıqlaması razılaşın ki, normal təfəkkürün məhsulu deyil. Rejimin təklifi yalnız ayrı-ayrı rəsmilərinə rüşvət ola bilərdi ki, görünür, rəsmilər ondan imtina edirlər. Isterikanı yalnız bu cür izah etmək mümkündür…
Burada bir həqiqət var ki, onu iqtidar deməyə cəsarət etmir. Bəli, Avropa dözümsüzlük, bir az da qısqanclıq göstərir, söhbət Azərbaycandan yox, onu əsarətdə saxlayan iqtidardan gedir. Ən yaralı yerimiz Qarabağdırsa, Avropa bu məsələdə konkret mövqeyini çoxdan ortaya qoyub ki, burada əsas prinsip Azərbaycanın ərazi bütövlüyüdür. Avropa artıq Azərbaycan iqtidarını qəbul etmir və Ilham Əliyevin 3-cü dəfə prezidentliyinə çox pis baxır.
Iqtidarın Avropadan Otello düzəldib, özlərinə məsum Dezdemona süsü vermələri mentalitet baxımından da biabırçılıqdır. Hakimiyyət nə qədər şirin olsa da, şərəf, ləyaqət kimi dəyərlər ondan qat-qat yüksəkdə durmalıdır…