1.Sərdar Cəlaloğlu, ADP sədri: “Ramiz Mehdiyevin Şah Ismayıla həsr etdiyi məqaləsini təkrar-təkrar oxuduqdan sonra bu qənaətə gəldim ki, Ramiz Mehdiyev həqiqətən də tutduğu mövqedən dönməyən, üzərinə səlib yürüşü təşkil edilən zaman vaxt tapıb vətəndaş kimi vəzifəsini yerinə yetirməyi bacarmışdır”.
Ixtisasca həkim olan Sərdar bəyə, yarısı Heydər Əliyev və akademikin daxili rəqiblərinə kodlu mesajları olan bu məqalədən bir sitat gətirmək istəyirəm: “Hətta bu gün bəzilərinin inandırıcı arqumentlər göstərmədən dedikləri kimi, Şah Ismayıl kürd doğulmuş olsa belə, o, türkə oxşamaq üçün(? – Ə.X.) yetərincə türkləşmişdi. Onun xarakterinin çox cizgiləri, əməllərinin çoxu Mərkəzi Asiya çöllərindən olanlara xas idi(!!!)”…
Olduqca qəliz mövzuya “girən” Sərdar bəyin nəzərinə çatdırmaq istəyirəm ki, həkimlik üçün ən azı tibb təhsilinin vacibliyi olduğu kimi, Şah Ismayıl haqda elmi məqalə yazmaq üçün ən azı üç xarici dili bilməklə birgə, gündəyməzin də arxivlərin sərt stullarında düyün bağlaması şərtdir. Yoxsa, farsların Şah Ismayıla məşhur “ey türkün piri” xitabı yaddan çıxar…
2.Əli Əhmədov, YAP sədrinin müavini: “Abbas Abbasovun adı son vaxtlar Azərbaycanla bağlı çirkli işlərdə hallanır”.
YAP-ın Siyasi Şurasının üzvü, deputat M. Zabelin isə bu “çirkli” işə görə sabiq baş nazirə təşəkkür edir. Buna “YAP balansı” deyirlər…
3.Əli Həsənov PA-nın şöbə müdiri: “Bu gün milli qüvvə YAP-dır”.
Belə çıxır ki, Daşkəsən qızıl mədənləri, qara kürü, Panama və Vircin adalarındakı offşor şirkətlər də milli sərvətimizdir…
4.Rövnəq Abdullayev, ARDNŞ-in prezidenti: “Ermənistan qazla bağlı bizə müraciət etsə, sözsüz ki, biz onlara yardımçı olarıq…”.
Rejim rəsmiləri bir həftədir ki, bu açıqlamanı malalamaqla məşğuldur, amma alınmır. Hətta PA-nın şöbə müdiri N.Məmmədov Azərbaycan dilinin qrammatikasına belə dəyişiklik etdi: “Rövnəq Abdullayevin ”Kömək edə bilər” ifadəsi zaman anlayışı kimi qrammatikada bir şərt formasıdır”. Beləliklə, şit-paradda növbə Novruz Məmmədovundur…
5.Novruz Məmmədov PA-nın xarici əlaqələr şöbəsinin müdiri: “Ilham Əliyevin prezidentliyə üçüncü dəfə namizədliyinin irəli sürülməsinə bütün böyük dövlətlər başda olmaqla razılıq verilib”.
Mən Novruz müəllimə Allahdan şəfa diləyirəm.
6.Sirus Təbrizli, YAP-ın qurucularından biri: “YAP-ın qurultayı ləzzət elədi ki, Mehriban Əliyeva yeni sədr (müavin – X.Ə) seçildi, yeni sima gəldi… Bir il yarım bundan əvvəl Mehriban xanımın atası Arif Paşayev və qardaşı Hafiz Paşayevlə oturub üç saat söhbət etmişəm. Bu, mənə çox ləzzət edib… Ramiz Mehdiyev peşəkar məmurdur. O, heç olmasa iclas apara bilir”(?).
Vaxtilə həmin iclasların birində rəhbərlik etdiyi nazirlik qarışıq süpürülən Sirus müəllimin yenidən “YAP ləzzəti”ni təbrik edək…
6.Eynulla Fətullayev, hüquq müdafiəçisi: “...I.Əliyev isə öz kotletinin üstünə milçəklərin qonmasını heç istəmir”.
Başa düşmək olmur, bu adam hüquq müdafiəçisidir, yoxsa Ilham Əliyevin ofisiantı…
7. Maksim Musayev, YAP-ın qurucularından biri: “Əli Əhmədov, Mübariz Qurbanlı kimiləri hakimiyyət adından, prezidentin adından çıxıb danışanda xalq kanalı çevirir, dinləmir, çünki xalq bu adamlardan iyrənib”.
Ağsaqqalın sözlərindən belə çıxır ki, o bu hakimiyyətin adından danışsa, xalq səhərdən axşamadək AzTV-yə baxacaq…
8.Fərhad Məmmədov, Prezident yanında Strateji Araşdırmalar Mərkəızinin direktoru: “Daxili konfliktə isə Sunik vilayətinin qubernatorunun işdən azad olunmasını nümunə göstərmək olar. Qubernatorun oğlu siyasi rəqibi sayılan siyasətçini qətlə yetirmişdi və bunun nəticəsi olaraq onun atası işdən azad olunmuş, cinayət işi açılmışdı. Nəzərə alsaq ki, hər iki qüvvə Ermənistanın hərbi elitasının nümayəndəsidir və həssas məqamda hərbçilər arasında konfliktlərin yaranması ölkədə ciddi siyasi problemlərin yaranmasına gətirib çıxara bilər”.
Molla Nəsrəddinin məşhur “külək bu tərəfə əssə…” lətifəsi, razılaşın ki, daha məntiqli idi…
9.Isa Qəmbər, Müsavat partiyası başqanı: “Milli Şuranın vahid namizədi olacaq şəxs vahid namizədliyi ilə bağlı iddiasını ortaya qoymalıdır. Namizəd olmayan şəxs nə cür vahid namizəd ola bilər. Bugünkü məsuliyyəti, ağırlığı boynuna götürməyən şəxs nə cür bizim yekdil namizədimiz ola bilər”.
…Bir şey anladımsa, allah bəlamı versin!