Dünən sosial şəbəkələrdə Sabirabad rayonu icra hakimiyyəti tərəfindən dərs vaxtı yer qazmağa məcbur edilən məktəblilər haqda videoya baxdım. Həvəssiz şəkildə hektarlarla torpağı belləyən uşaqların görüntüləri onların valideynlərinə, eləcə də mənə uşaqlıq illərimizi xatırlatdı.
Heydər Əliyev hakimiyyətə gəlişindən az sonra Azərbaycanı sözün əsl mənasında plantasiyaya çevirdi. Böyüklərlə bərabər kiçik uşaqların da məcburi əməyə cəlb edilməsi praktikası görünməmiş miqyas almağa başladı. Azərbaycan məktəbliləri ibtidai siniflər istisna olmaqla nə az, nə çox, düz 4 ay bağlanırdı. Aprelin sonu mayın əvvəli məktəblilər pambıq tarlalarında alaq və seyrəltmə işlərinə cəlb edilir, avqustun axırından isə məhsul yığımına start verilirdi. Iki ay yarım respublikanın, demək olar, bütün rayon məktəbliləri pambıq və üzüm yığımına yönəldilirdi.
Geriyə dönüb o illərə xəyalən də olsa qayıtmaq belə çox qorxuludur. Təsəvvür edin, 12 yaşlı uşaq 35-40 dərəcə istidə nə az, nə çox, düz 12 saat belinə fartuk bağlayıb, pambıq yığmalı idi. Təkrar edirəm, mən o illəri xatırlayanda dəhşətə gəlirəm. Bir az uşaqlıq edib oynamaq istəyəndə isə, ata-anamız, böyüklərimiz danlanırdı. Hətta bir dəfə pambıq seyrəltməsi zamanı qaçdığıma görə səhv etmirəmsə, atamı rayona çağırıb, profilaktik söhbət aparmışdılar.
Sanki bir əmək gettosunda yaşayırdıq. Rayonun bütün hüquq-mühafizə orqanları məhsul yığımı zamanı insanların qonşu kəndə, rayon mərkəzinə, eləcə də Bakıya hərəkətini qadağan edirdilər. Xəstələrin belə müalicəsinə məhsul yığımı zamanı imkan verilmirdi.
Respublika rəhbərliyinin planı ikiqat yerinə yetirmək üçün pambıq və üzüm sahələrini yaşayış məntəqələrinin torpaqları hesabına artırması isə, birbaşa genefondumuza təhlükə idi. Təsəvvür edin, zəhərli gübrələr səpən təyyarələr bu prosesi kənd qarışıq həyata keçirməyə məcbur idilər, çünki tarla, demək olar, vətəndaşın həyətinə bitişik idi…
Bir halda ki, SSRI respublikaları üzrə yaşayış səviyyəsinə və insanların rifahına görə hamıdan geri idik, sual olunur nəyə lazım idi bunlar?
Maraqlıdır ki, Azərbaycandan başqa SSRI-nin heç bir respublikasında, məhsul yığımı zamanı orta məktəblər bu qədər kütləvi bağlanmırdı. Digər respublikalarda yalnız kənd təsərrüfat təmayüllü ali və orta ixtisas məktəbləri bu işə cəlb olunurdu. Yığdığımız pambığın hər kilosuna görə bizə 10 qəpik ödənilirdi. Daha sonralar bildim ki, əslində 13-15 qəpikdən verməli imişlər, lakin bu pullar yüksək səviyyədə mənimsənilirmiş… Bax belə…
Azərbaycan o illərdə kənd təsərrüfatı məhsulları üzrə planı ikiqat, bəzən üçqat yerinə yetirsə də, respublika səfalət içində yaşayırdı. Yəqin ki, orta nəslin nümayəndələri yaxşı xatırlayarlar – kərə yağı başda olmaqla, ərzaq məhsulları, eləcə də geyim üçün qonşu Ermənistan və Gürcüstana gedirdik. Rişxənd və təhqir dolu baxışlar altında gündəlik tələbat malları almağa öyrəşmişdik.
Biz, şagirdlər 9 ayda öyrənməli olduğumuz təhsil proqramını 5 aya mənimsəməli idik, nəzərinizə onu da çatdırım ki, əli qabarlı uşaqlar üçün qələmə, təbaşirə, nəhayət sinif otağına uyğunlaşmaq da müəyyən vaxt aparırdı…
Bütün bunlar cəhənnəmə(?), 70-80-ci illərdə ölkəni bürümüş olan rüşvətin ali məktəblərə sirayət etməsi gənc nəslə, geniş götürsək, millətə qarşı sözün əsl mənasında terror idi. Vətəndaş qul əməyi nəticəsində qəpik-qəpik topladığı pulla övladını ali məktəbə qəbul etdirirdi. Yəni respublika rəhbərliyi həmin pulu dolayı yolla öz vətəndaşından qoparırdı.
Heydər Əliyevin Azərbaycan xalqının aza qane olması haqda dedikləri təsadüfi deyildi. Xalq doğrudan da zombiləşməyə doğru gedirdi. Brejnevin, ardınca Andropovun ölümü və SSRI-nin süqutu bu prosesi dayandırdı. 80-ci illərin sonundan etibarən düz 1993-cü ilə qədər təhsil başda olmaqla, digər sahələrdən rüşvətin yığışdırılması az da olsa, yaraları sarıdı…
Yenidən Əliyevlərin hakimiyyətə gəlişi qısa müddətdə ölkəni həmin illərə qaytardı. Ürək ağrısı ilə qeyd etməliyəm ki, indi də hər addımda uşaq əməyi ilə qarşılaşırıq, bu zavallılar ağır durumda olan valideynlərinə kömək etmək üçün çalışmaq zorundadırlar. Görünür, rejim bununla kifayətlənmək niyyətində deyil, Sabirabad şagirdlərinin istismarı göstərir ki, rejim uşaqları özü üçün işlətmək qərarına gəlib…
Lap 70-80-ci illərdə olduğu kimi…