«Heç vaxt Rusiyanı aldatmaq haqqında fikirləşməyin – istənilən hiylənizə qarşı bir ağılsızlıq tapacaqlar»
Otto fon Bismark
Rejimin 20 ildir arxasında duran Rusiyanın birdən-birə ondan üz döndərməsinə inanmaq nə qədər çətin olsa da, bu artıq həqiqətdir. 1993-cü ildə tam müstəqillik və Qarabağın azad edilməsi parolu ilə hakimiyyətə gələn Əliyev iqtidarı ayağının tozu ilə MDB-yə daxil oldu. O vaxt bunu dahiyanə gediş(!) kimi qələmə verməyə çalışsalar da, hadisələrin sonrakı inkişafı və paralel olaraq altı rayonun ermənilərə döyüşsüz təslim edilməsi, bu ehtimalları alt-üst etdi. Rusiya və onun müttəfiqi olan Ermənistan sakitləşdi və bundan sonra şimal qonşumuzla münasibətlər “yoluna düşdü”.
O gündən bu günədək Rusiya heç vaxt Əliyev rejiminə siyasi dəstəyini əsirgəməmişdir. Istənilən seçkini götürün, Rusiyadan gələn müşahidə (himayə – X.Ə.) missiyasının rəhbəri Ruşaylo və onun komandası nəticələr elan olunmamış Bakıdan bir addım belə kənara atmırdılar. Bu daha çox kuratorun əyalətə seçki səfəri kimi xarakterizə edilirdi ki, bunu da heç kim gizlətmirdi. Azərbaycan hakimiyyətinin Rusiyaya olan arxayınçılığı o qədər sərhədsiz idi ki, beynəlxalq qurumlarda bəzən rus tərəfinin onları müdafiəsinə qalxdığı zamanlarda belə özlərini unudaraq, iclası tərk edərək, bufetə çay içməyə gedirdilər, onlara elə gəlirdi ki, bu ancaq Rusiyanın məsələsidir. Illər öncə Azərbaycan televiziyasının efirində rus deputat Raqozinin, AŞPA rəsmiləri ilə atışmasını yəqin ki, xatırlayarsınız. Söhbət Azərbaycandakı seçkilərin tanınmasından gedirdi və rus deputat emosiya və inadla onlara “sübut etdi” ki, bu, irəliyə doğru atılmış bir addımdır…
Rejimin əsas fiqurlarının mal-mülkü bu ölkədə yerləşir, onların övladları ciblərində Rusiya vətəndaşı pasportunu daşımaqla bərabər, artıq bu ölkədə müəyyən karyera sahibidirlər. Biz onların adlarını sadalamağa qalxsaq, gərək PA şöbə müdiri Zeynal Nağdəliyevdən başlayıb, adi bir icra başçısı müavininə qədər uzun bir siyahı ilə sizi yoraq, odur ki, “görünən dağa nə bələdçi…” deyərək yazımıza davam edək…
Hazırda iqtidar demokratik qüvvələrin yeni yaranmış və ölkədəki bütün narazı kəsimləri özündə birləşdirən Milli Şuraya qarşı təbliğat müharibəsinə başlayıb. Yeganə gətirdikləri arqument isə.., bu qurumun Rusiya meylli olmasıdır….
Hətta vəziyyət o dərəcədə isterik bir şəklə düşüb ki, iqtidar ənənəvi müxalifət daxilində olan legionunu da bu təbliğata qoşulmağa məcbur edir. Adətən müxalifətin müəyyən birlikləri yarananda iqtidar da bu proyektlərdən “kənarda qalmırdı”. Bəli, düşünürəm ki, biz artıq bu barədə açıq danışmalıyıq, bir halda ki, müxalifət daxilindəki “anklav” özü bunları gizlətmir…
Əslində məsələ çox sadədir, Rusiya Əliyev rejimini müdafiə etmir, iqtidar politoloqları və siyasi imicmeykerləri isə bunu ört-basdır etmək əvəzinə özləri də bilmədən yeni yaranmış Milli Şuranın xeyrinə təbliğat aparmaqla məşğuldurlar. Bildiyimiz kimi, narazı kütlənin böyük bir qismini vaxtilə vətəndaşı olduqları böyük bir ölkənin siyasi varisi olan Rusiya ilə bir çox tellər bağlayır. Hazırda ölkənin əmək qabiliyyəti olan iki milyona yaxın insanının bu ölkədə çalışaraq ailəsini təmin etdiyini nəzərə alsaq, rus amili ilə hesablaşmamaq qeyri-mümkündür. Iqtidarın antiRusiya təbliğatı hazırda Milli Şura üçün göydəndüşmə və əvəzsizdir. Nəzərə alsaq ki, hazırda bu ölkədə yaşayanların əksəriyyəti Heydər Əliyev və Ilham Əliyevin hakimiyyətdə olduğu illərdə getməyə məcbur olub, rejimin təlaşı başadüşüləndir…
Siyasətə Ayaz Mütəllibovun partiyasında başlayan Iqbal Ağazadənin bu gün Milli Şuranı Rusiyanın layihəsi kimi qələmə verməsini təbii qarşılasam da, etiraf edim ki, bəzi “dost”ların iqtidarın bu təbliğatına dəstək verməsi ürək ağrıdır. Onların iqtidar qarşısında öhdəlik götürdükləri əyani şəkildə təsdiqini tapdı.
Başqa fikirləri ona görə sadalamaq istəmirəm, çünki “dost”ların Cümşüd Nuriyevlə həmfikir olmaları və illərdir qara kürü başda olmaqla, hakimiyyətdə qalmaq üçün xalqın malını xarici siyasətçilərə yedirən iqtidara onlar milli deməklə özlərini ifşa etdilər… Dünənə qədər millət, Vətən, Qarabağ deyənlərin, bu gün Ermənistana qaz təklif edən iqtidarı necə müdafiə edəcəklərini izləmək maraqlı olsa da, etiraf edək ki, bir az da ürək bulandıracaq.
Bu gün Azərbaycanda bir həqiqət var – xalq dəyişiklik istəyir və yalnız bundan sonra harasa “meyil etməyə” özü qərar vermək istəyir…