Ötən yazımda 28 May metrosu ilə üzbəüz inşa edilən 28 Mall ticarət mərkəzinin tikilməsinin mənəvi və etik tərəfləri haqda yazmışdım. Yazı təsadüfi deyildi, belə ki, hazırda ölkə ictimaiyyəti Istanbulun Taksim meydanında baş verənləri, olayların necə qurtaracağı haqqında müxtəlif mülahizələrin birini də qaçırmırlar. Sanki Azərbaycan belə bir halla heç bir vaxt qarşılaşmayıb və qarşılaşsa biz elə qalxarıq ki, Taksim bizim yanımızda toya getməli olar. Görüntü belədir, artıq bizim media mənsubları və siyasətçilər, eləcə də tanınmış simalarımız ordadır, xəsarət alan və bibər qazı ilə zəhərlənən həmvətənlərimiz var və sosial şəbəkələrdə bunu Ərdoğana heç vaxt bağışlamayacaqlarını (!) bəyan edirlər. Qardaş xalqın harayına dəstək verməyin qəti əleyhinə deyiləm, amma bunu edən soydaşlarımıza bəzi həqiqətləri xatırlatmağı da özümə borc bilirəm.
Içərişəhərin tarixi divarları uçurulub hotel tikilib, oradakı tarixi binaların əksəriyyəti özəlləşdirilib, Fəvvarələr meydanında parkın ən gur və giriş səmtlərində isə nəhəng obyektlər inşa edilir və edilməkdədir. Belə bir acı durumda insanlarımızın Taksim narahatçılığı razılaşın ki, bir az anormallığa çox bənzəyir. Köhnə Parapet hazırda Fəvvarələr meydanda insanların istirahət imkanlarını məhdudlaşdıran “Makdonalds” və “Nərgiz” ticarət mərkəzi başda olmaqla iri ticarət obyektləri azmış kimi bir də Istiqlaliyyət küçəsi tərəfdən park ərazisində elə bir obyekt inşa edilir ki, tikilib qurtaranda yəqin ki, aşağıdakı fəvvarələri də götürməyə məcbur olacaqlar, çünki bəhs etdiyim obyektin girişi çox böyükdür, orada hətta avtomobil parkı da nəzərdə tutulub. Bu gün Bakıda elə bir park yoxdur ki, orada tayfa rejiminin heç olmasa bir böyük obyekti olmasın. Hətta özbaşınalıq o dərəcəyə çatıb ki, sovet dövrü tikilən evlərin həyətləri belə zəbt edilib, orada ticarət və iaşə obyektləri tikilib. Halbuki o yaşıllıqlar bütün dünyada qəbul olunmuş normaya uyğun olaraq salınmış ərazilərdir. Bu gün Bakıda, demək olar, bütün oxşar yaşıllıqlarda əkilmiş yüz minlərlə ağaclar kəsilib, yerində sadaladığımız obyektlər tikilib. Bakıdan əyalətə gedərkən nə qədər çalışaq da Xəzər dənizinin sahillərini görə bilmirik – hər tərəf hasarlanıb və çoxdan beş-on məmur tərəfindən bölüşdürülüb. Ölkənin dilbər guşələrində də vəziyyət oxşardır – hər yer hasarlanıb, lap erkən orta əsrlər Avropasında(!) çəpərləmələr kimi… Nə isə, qayıdaq Türkiyədəki olaylara…
Türkiyədə isə vəziyyət bir az fərqli olsa da oxşarlıqlar var. Illərdir Əliyev rejimin Məhəmmədəmin Rəsulzadə və onun silahdaşlarına olan qısqanclığı bir az yumşaq formada AKP-nin müasir Türkiyənin qurucusu Mustafa Kamal Atatürk və onu xatırladan dəyərlərə münasibətinə bənzəyir. Bundan başqa, istər gəzi parkı, istərsə də sökülməsi planlaşdırılan Atatürk Mərkəzinin yerində inşaat işlərini aparmaq üçün elan edilən tenderlərin hamısını AKP-yə yaxın şirkətlərin “udması” kapitalı milyardlarla ölçülən digər tikinti nəhənglərinin haqlı narazılıqlarına səbəb olması faktdır. Bu daha geniş bir söhbətin mövzusu olduğundan məsələnin siyasi tərəfləri haqda qeydlərlə kifayətlənək. Ərdoğan hökumətinin park layihəsi baş tutarsa, orada nəhəng bir alış-veriş mərkəzi tikiləcək. Bu da Taksimdəki müqəddəs Cümhuriyyət anıt kompleksinin ərazisini, demək olar, işğal edəcək, belə ki, 1928-ci ildə ucaldılmış abidənin götürülməsi də gündəmdə idi. Gənc bir AKP rəsmisinin “ardınca ANITKABIRI (Atatürk Movzoleyi – X.Ə) də yıxacağıq” deməsi etirazları daha da alovlandırdı. Məsələlərə münasibət bildirən baş nazirin “Haber-türk” kanalında Atatürk portreti fonunda açıqlama verməsi, gec-tez qarşılıqlı güzəştə gedəcəyindən və gələcəkdə bu cür həssas mövzularda ehtiyatlı olacağının nişanəsini verir. Ümid edək ki, hər şey yaxşı qurtaracaq. Bu ölkədə heç bir sevgi və güc ilə müqayisə olunmayacaq bir Atatürk sevgisi var və hər bir iqtidar bunu nəzərə almalıdır. Onun türk dünyası üçün nə qədər önəmli olmasına bir sadə (!) misal çəkməklə mövzunu yekunlaşıdrmaq istəyirəm… Böyük Atatürk ölümünə az qalmış Iran şahından Naxçıvanla Türkiyəni birləşdirəcək Iğdır torpaqlarını qızıl pulla alır. Bunun nə demək olduğunu biz 50 il sonra başa düşdük…
Əliyev rejiminin istiqlal bayrağımızı ilk dəfə dalğalandıran Məhəmməd Əmin Rəsulzadə və onun silahdaşlarına qarşı hər fürsətdə ögey münasibət göstərməsinə dözüb, Taksimə görə yaxa cırmağımız bir az yersiz görünmürmü?
Deyirəm bəlkə.., əvvəlcə özümüzdən başlayaq?