Yazıma ixtisasca coğrafiya müəllimi olan politoloq (!) Cümşüd Nuriyevin “Niyə Azərbaycan?” adlı yazısından bir parça ilə başlamaq istəyirəm. Müəllif Azərbaycanı… Qətər və Səudiyyə Ərəbistanı ilə müqayisə edərək, ABŞ-ın niyə orada demokratiyanın bərpasını düşünməyərək, Azərbaycana üz tutmasından narahat olduğunu belə ifadə edir: “Qətər (bu dövlətin ərazisində hətta bələdiyyə seçkiləri belə keçirilmir), Səudiyyə Ərəbistanı (dünyada yeganə teokratik monarxiyadır) və digər ABŞ maraqlarına xidmət edən dövlətlərdə ”demokratiyaya” göz yuman Ağ evin emissarları “Azərbaycanda demokratiyanın bərpası” ilə “məşğuldurlar”.
Mən bu ölkələrdə həyat səviyyəsinin hansı vəziyyətdə olması haqda geniş söhbət açmaq istəmirəm, yalnız onu deyə bilərəm ki, bu iki ölkənin bütün vətəndaşları sözün əsl mənasında əllərini ağdan-qaraya vurmurlar, işləri ancaq yeyib-içib, dünyanı gəzməkdir. Ölkələrin neft-qaz ehtiyatları bütün əhali arasında ədalətli şəkildə elə bölünüb ki, buralarda ictimai nəqliyyat(!) yoxdur, insanlar yalnız şəxsi maşınları və taksilərlə hərəkət edirlər. Azərbaycan və keçmiş MDB müəlliminin ən böyük arzusu isə, bu ərəblərin birinin ailəsində tərbiyəçi işləyərək həyatını dəyişməkdir. Cümşüd Nuriyev müqayisəni elə uğursuz seçib ki, adam onun nəinki politoloq, hətta coğrafiyaçı olduğuna belə şübhə edir. Əsl demokratiya elə insanların firavan və qayğısız yaşamasıdır ki, onun da ərəb şeyxləri öz soydaşlarından əsirgəməyiblər…
Hazırda istər televiziyada istərsə də, mətbu orqanlarında oxşar, sifarişli yazılar baş alıb gedir. Əsas hədəf kimi Qərb və Rusiya göstərilsə də, məqsəd prezident seçkiləri ərəfəsində xalqın ağzını aramaq, nə fikirləşdiyini öyrənməkdir. Bəli əziz oxucu, iqtidar 20 ildir divan tutduğu xalqın dəstəyinə möhtacdır. Bu illər ərzində müstəqillik deyilən neməti xalqa zəhər edənlər, xalqın onlardan imtinasını müstəqillikdən imtina (!) kimi qələmə verməyə çalışırlar. Xalqdan açıq şəkildə dəstək istəməyi özlərinə sığışdırmasalar da, bunu dolayı yolla etməyə çalışırlar, yəni onları Rusiya və ABŞ “zülmü” ilə qorxutmağa çalışırlar. Çox gülməli bir vəziyyət yaranıb, mən Amerika demokratiyasını bir kənara qoyaraq(?), bu günlərdə kabus(!) kimi qələmə verilən “rus təhlükəsi”ndən danışmaq istəyirəm. Öncə daha bir yazıya diqqətinizi cəlb etmək istəyirəm…
“Yeni Müsavat” qəzetinin dünənki sayında iqtidarı müdafiə edən başqa bir məqalədə isə, söhbət… Rusiyanın Azərbaycana mümkün müdaxiləsindən(!) gedir. Başlıq da mövzuya uyğun seçilib – “Rusiya Azərbaycanda hakimiyyət çevrilişinə gedir”… Bu yazının da əsas tezisini nəzərinizə çatdıraraq əsas məsələyə keçək, buyurun, yazırlar ki: “Göründüyü kimi, məsələ kifayət qədər ciddidir. Rusiyanın Azərbaycan hakimiyyətindən ciddi narazı olduğu, onu dəyişməyə hazırlaşdığı və bunun üçün istənilən yola əl atmağa hazır olduğu artıq Qərbə də məlumdur. Eyni zamanda hakimiyyətin ən azı bir hissəsinin Rusiyanın təzyiqlərinə qarşı ABŞ-dan dəstək dilədiyi də bəllidir. Bu yaxınlarda deputat Səməd Seyidov ABŞ-ı ştat-ştat gəzərək Azərbaycanın ”sendviç kimi” iki tərəfdən sıxıldığını demişdi və Vaşinqtondan dəstək xahiş etmişdi”…
Bu gün 3 milyona yaxın soydaşımızın yarıdan çoxunun Rusiyaya məhz bu hakimiyyətin vaxtında getməsi danılmaz faktdır. Ölkəyə Şimaldan hər il təxminən bir neçə milyard dollar daxil olur. Yüz minlərlə ailə bu ölkədən gələn pullarla dolanır. Hazırda bu ölkədə rəsmi olaraq yüzdən artıq milyonçu soydaşımız var. Müqayisə üçün deyək ki, Azərbaycanda son iyirmi ildə rəsmi şəkildə qeydə alınmış milyonçumuz yoxdur. Necə oldu ki, bu qədər inkişaf edən ölkə bir milyonçu sahibkar yetişdirə bilmədi? Cavab hər kəsə məlum olduğu üçün bu haqda yazmıram…
Insanlar artıq elə bir vəziyyətdədirlər ki, bu rejimin getməsi üçün ən ağlagəlməz üsullara əl atacaqlar. Səbəb onların bu ölkənin nemətlərindən məhrum edilmələri, bir zümrənin işğalı altında inləmələridir. Sövet dövründə əldə etdiklərini son 20 ildə itirən xalq, özü vəziyyətdən çıxmaqda qərarlıdır. Bir vaxtlar lənətlədiyimiz SSRI-nin belə, hazırkı recimlə müqayisədə çox xeyirxah görünməsi… əsla təəccüb doğurmur.
Əslində “ABŞ və Rusiya təhlükəsi”, eləcə də “2 milyonluq inqilab qorxusu” texnologiyaları xalq üçün əlavə bir stimula çevrilir, çünki iqtidar bununla özü də bilmədən xalqa, beynəlxalq arenada təklənmsinin və nə qədər zəif olduğunun mesajını verir.
Nəhayət, pul qazanmaq üçün Rusiyaya, müalicə olunmaq üçün isə Irana üz tutan xalqı ittiham etməyə heç kəsin haqqı yoxdur.