Bəli, korrupsiyaya qarşı mübarizə idarəsi daha bir rüşvətxoru iş başında yaxaladı. Bu dəfə də əyalət təmsilçisi güdaza getdi. Özü də 400 manat rüşvətin güdazına. Çox naşı təsiri bağışlayırdı. Fikir verdinizsə, hələ pulları sayanda əlləri titrəyirdi, səsi həyəcanlı idi, sanki ürəyinə dammışdı ki, ona torba tikəcəklər. Pulu alandan bir neçə dəqiqə sonra işverən olduğu bəlli olacaq tələbəyə göstərişlər də verirdi. Yaxalandı və yəqin ki, 3-4 il həbsxana həyatı yaşayacaq.
Nə qədər qəribə olsa da bu insana yazığım(!) gəldi. Aldığı bu kiçik rüşvəti xərcləməyə macal tapmamış ilişdiyindən adamın ona rüşvətxor deməyə dili də gəlmir. Ölkədəki nəhəng rüşvət monstları ilə müqayisədə bu kiçik böcəyi əzməyi buraxaq onların “vicdanına”. Keçək əsas məsələyə…
Azərbaycanda rüşvət səhnəsinin iştirakçısı olmayan insan tapmaq qeyri-mümkündür. Alan az olsa da, demək olar ki, əsas kütlənin rüşvətsiz günü olmur. Son günlərə qədər, yalnız xarici pasportun rüşvətsiz alınması ilə fəxr edə bilərdik ki, onu da bizə çox gördülər, alıb verdilər ASAN xidmətə… Yeri gəlmişkən, asan xidmət haqqında…
Mən bunu əsas rüşvətin əl-ayağına dolaşmamaq üçün atılan bir addım hesab edirəm. Pasport, sürücülük vəsiqəsinin dəyişdirilməsi, xaricilər üçün oturma izni, mülkiyyət kağızlarının verilməsi… Sonuncu sizə qəribə gəlməsin, məsələ burasındadır ki, o kağızlar üçün tələb olunan “dokument”ləri toplanyandan sonra elə bir rüşvət tələb edilmir. Yəni hər şey bura qədər həll edilir, qalır kağızı almaq onu da həvalə olunur asan xidmətə… Cəmi bir neçə rayona aid edilən bu xidmət qonşu Gürcüstanda bütün sahələri, o cümlədən gömrük qeydiyyatını da əhatə edir. Bizdə isə, ən az xərc tələb edən sahələri ayırıb buraya yönəltdilər. Təsəvvür edirsinizmi, maşınların və digər qiymətli malların “rastomajka”sı şəffaf gedir və əldə olunan gəlir büdcəyə gedir…
Artıq vətəndaşı rüşvətə elə öyrədiblər ki, müəyyən bir bürokrat və yaxud həkmin rüşvətdən imtina etməsini vətəndaş sadəcə anlaya bilmir. Bunu dalınca gəldiyi işin pozulması, yaxud xəstəsinin sağalmaz dərdə mübtəla olması kimi başa düşür.
…Azərbaycan məmurunun beyni sanki bütün günü yeni rüşvət metodları axtarıb tapmaqla məşğuldur. Işin içindən elə şeylər çıxarırlar ki, heyrət etməmək sadəcə mümkün deyil. Məsələn, götürək elə məcburi köçkünləri… Təsəvvür edin, bir yaşlı köçkün təkcə pensiyaya görə ildə 2 dəfə yaşadığı yerdən arayış almalıdır ki, filan yerdə məskunlaşmışam və hələ sağam, ölməmişəm(!). Bu tip arayışların sayı bir ildə sadə qaçqın üçün 10-u keçir. Arayışların da qiyməti bir manatdan başlayır. “Qaçqınkom” işi elə qurub ki, bütün arayışlar bu qurum vasitəsilə verilir və demək olar ki, əksəriyyəti elə özlərinə təqdim edilmək üçün… Əvvəllər verilən vahid vəsiqə elə buna görə ləğv edildi.
Arayışı alandan sonra isə əlavə olaraq, məskunlaşdığın ərazi üzrə icra nümayəndəsinə də möhür vurdurmalısan. Minimum bir manat da ora gedir. Xalq arasında artıq çörəkpuluna “arayışpulu” deyirlər. Təxmini hesablamalara görə, ildə “arayış biznesindən” ən azı 10-20 milyon manatdan çox “gəlir” götürülür. Bunu yeni yaradılmış ASAN xidmətə verilməsi bu sahəyə nəzarət edənlər üçün faciə olardı…
Lənkəran Dövlət Universitetinin prorektoru sadəcə təsadüfi seçilən bir qurbandır – rüşvətlə mübarizə görüntüsü yaratmaq üçün. Azərbaycanda təhsil sahəsində rüşvət elə dövlət tərəfindən stimullaşdırılır. “Gənc nəsil nə qədər savadsız görünsə, hökumət o qədər ağıllı görünür” prinsipinə hakimiyyət 20 ildir ki, əməl edir.
Rüşvətdən söz düşmüşkən, yəqin ki, hamımız illərdir ölkənin hüquq-mühafizə, vergi və gömrük işçilərini rüşvət almaq üstündə yaxalanmasını görə bilmirik. Bu üç sahədə çalışanların rüşvət almadığı haqda fikir irəli sürmək üçün gərək ədalət hissindən məhrum olasan. Azərbaycanda onlara rüşvət verməyən vətəndaş tapmaq qeyri-mümkündür. Bəs onda niyə biri yaxalanmır? Maraqlı məsələdir, deyilmi?…
Bakıda tüğyan edən rüşvəti görməyib, əyalətə rüşvətxor ovlamağa getmək isə, o deməkdir ki, lənkəranlı prorektor lisenziyasız imiş.
Bunun başqa izahı sadəcə mümkün deyil…