Bu yaxınlarda deputat Siyavuş Novruzov 75 yaşı yenicə tamam olmuş PA müdiri Ramiz Mehdiyev haqda maraqlı fikirlərini mətbuatla bölüşdü. Dedi ki, akademik bu yaşda olmasına baxmayaraq, işə hamıdan tez gəlib hamıdan gec gedir. Mən bu gün bu açıqlamanın konkret təyinatı haqda danışmaq fikrindən uzağam, çünki mətbuatda kifayət qədər bu haqda danışıldı, mesajın hansı dairələrə ünvanlandığı bir-bir göstərildi. Bugünkü yazımda nə qədər qəribə görünsə də rejim məmurlarının əmək intizamı(!) haqda danışmaq istəyirəm.
Bəri başdan qeyd etmək istərdim ki, bu sahədə onlara heç bir iradım yoxdur, nəinki Ramiz Mehdiyev, hətta deyərdim ki, rejimin istənilən məmurunu bu baxımdan alqışlamaq olar. Həyatımızın bu qədər cansıxıcı olmasına baxmayaraq, məmurların kabinet sevgisi nədən qaynaqlanır?..
Qoy bunların beş faizi evdən bezsinlər, beş faizi isə, üzr istəyirəm, lap katibələri ilə eşq yaşasınlar, lap 5 faizi də işini itirməmək üçün əzmkarlıq göstərsin, bəs qalan 85% niyə özünə zülm edir, maraqlıdır, deyilmi?
Kiçik bir haşiyə çıxmaq, illər öncə xidmət etdiyim Sovet ordusunda şahidi olduğum bir xatirəni qısaca olaraq, oxucularla bölüşmək istərdim. Orduya çağırış mövsümü ilə əlaqədar olaraq bizi Vilnüs çağırış məntəqəsində ezamiyyətə göndərmişdilər. Təxminən bildiyiniz Biləcəri kimi bir məkan idi. Biz buraxılış məntəqəsinə və kazarmalara yeni gələn çağırışçılara nəzarət edirdik. Bayırda isə, övladından, qardaşından xəbər tutmaq istəyən yaxınları bizimlə təmasa keçmək üçün hər vasitəyə əl atırdılar. Burda xidmət etmək adi əsgər üçün çox maraqlı(!), azərbaycanlılar üçün isə… tam bir cənnət idi desəm, yəqin ki, yanılmaram. Çünki onlardan fərqli olaraq, biz rüşvətin məbədində doğulub boya-başa çatmışdıq, uşaqlıq və gəncliyimiz Heydər Əliyev dövrünə təsadüf edirdi. Məntəqədə təbii ki, biz çoxluq təşkil edirdik, bizi göndərən zabitlər də əksəriyyətimizdən “razı” idilər. Bax, belə bir şəraitdə Maqsud adlı əsgər yoldaşımız xəstələndi, lakin bütün israrlarımıza baxmayaraq, həkimə müraciət etmirdi, çünki işin o biri ucunda buradan ayrılmaq təhlükəsi var idi. Qızdırmasının kəllə-çarxa qalxmasına baxmayaraq, iki gün titrəyə-titrəyə çağırış məntəqəsinin girişindəki postda dimdik(!) durmağı bacardı. Onu elə oradan da hərbi hospitala apardılar. Bir neçə gün sonra onu ziyarət etməyə gedəndə isə, bizə ilk sualı belə oldu: “Məni kim satdı?!”…
Analoji vəziyyəti hazırkı məmurlara da şamil etsək, onların nədən iş yerlərini sevdiyinin(!) səbəbi məlum olar. Bu gün vətəndaşın hər hansı bir probleminin rüşvətsiz həll etməsi, demək olar, mümkün deyil. Hətta ölünü belə yerin pulunu ödəməmiş basdırmağa qoymurlar.
Yəqin ki, məmurların çox sevdikləri bu frazanı tez-tez eşidirsiniz: “Sonuncu dəfə nə vaxt məzuniyyətə çıxdığımı xatırlamıram”. Bu qeyri-səmimi, saxta ifadə məmurun tamahkar olması ilə yanaşı, həmin müəssisədə rüşvətin fasiləsiz dövriyyəsinə işarədir. Heç kimə etibar eləmir və hələ bir həyasızcasına hamıya minnət də qoyur.
Fikir verirsinizsə, ahıl məmurlar cavanlara nisbətən daha dinamikdir. Onların məsuliyyəti daha çoxdur. Oğul-uşaqlarını, kürəkən və yaxınlarının taleyi bu qocanın dinamikliyinə bağlıdır. Onun çökməsi, yaxud da pensiyaya getməsi ilə əqrəbalarının faciələri başlayır.
Sonda deputatın Ramiz Mehdiyevin işə hamıdan tez gəlib, hamıdan gec getməsi haqda fikirlərinə qayıtmaq istəyirəm. Gec getməkdən başlamaq istəyirəm. Fikrimcə, heç bir məmur istəməz ki, işçiləri onun evə necə və nə ilə getdiyini görsün. Bu, pulla dolu bağlama da ola bilər, böyük ölçülü qiymətli hədiyyə də, nəzərə çarpan başqa bir şey də. Bunu bilsələr də, görmələri məsləhət deyil. Bir də ki, rahat çıxırsan, saat 9-da kimin ağlına gələ bilər ki, müdir hələ evə getməyib? Odur ki, tam təhlükəsiz bir zamandır…
Mərhum Sevinc Babayevanın Elşad Abdullayevlə o məhşur dialoqunu yəqin ki, xatırlayırsınız. Ona inansaq, o diplomat əhvalatı da məhz işdən sonra, təxminən 8-9 radələrində olmuşdu…
Xatırlayırsınızsa, iki ay əvvəl həmkarından fərqli olaraq digər deputat Zahid Oruc daha aqressiv bəyanatla qarşı cəbhəyə(!) mesaj vermişdi: “Ramiz Mehdiyevin dönüşü amansız olacaq”.