Fikrimcə, jurnalist Xoşqədəm Hidayətqızının “Səni axtarıram”ı bu gün teleməkanın ən uğurlu layihəsidir. Bu veriliş haqqında fikrimi söyləməklə onun taleyini riskə atmaq istəmirəm, çünki adətən, bizim belə verilişlərə “baxışımız”dan sonra layihə durdurulur. Amma məcburam, bəzi fikirlərimi oxucularla bölüşüm…
Fikir verirsinizsə, veriliş həyəcan baxımında Rusiyadakı oxşarını geridə qoyub. Orada bir-birini itirənlərin əksəriyyəti ikinci dünya müharibəsi dövrünə təsadüf edirdi, talesizlər ümumbəşəri bir faciənin qurbanları idilər. Uşaq vaxtı qardaş-bacılarını itirmiş bu insanların 50 il sonrakı görüşləri zamanı tamaşaçılar onlardan çox həyəcanlanırdılar. Bizdəki faciələr isə 70-ci illərdən başlayır. Özü də bu qurbanların əksəriyyəti yaxınlarının sağ olduğunu bilirlər və müəyyən səbəblərdən onlardan qaçırlar. Odur ki, bəzən verilişdə bir-birinə sarılma, göz yaşları əvəzinə “razborka”lara şahid oluruq. Bütün bunlara baxmayaraq, hər kəsin bu verilişə baxmasını tövsiyə edirəm. Rusiya ilə müqayisədə çox kiçik olan Azərbaycanda analoji veriliş üçün material bolluğu və insan sayı adamı dəhşətə gətirir. Bundan başqa bütün faciələr Əliyevlərin hakimiyyət illərinə təsadüf edir. Səbəblərin hamısı, demək olar, bir-birinin təkrarıdır. Insanlar doğma vətəni çarəsizlikdən tərk edirlər. Bu veriliş Əliyevlərin son 40 ildə Azərbaycanın başına nə oyunların açdığını öyrənmək üçün misilsiz əyani vəsaitdir. Verilişdə ən çox səslənən “nədən bu Vətəni tərk etdiniz” sualına verilən səmimi cavabların, demək olar, hamısına eyni cavab verilir – imkansızlıq, çarəsizlik, bir parça çörəyə möhtac olmaq…
Verilişə dəvət edilən rejim ideoloqlarının, saxta mandat sahiblərinin, tanınmış simaların cidd-cəhdlərinə baxmayaraq, həqiqət öz çılpaqlığını qoruyub saxlaya bilir. Son buraxılışa baxanlar, Almaniyanı ifşa etməyə qalxan (!) Milli Məclis üzvü Rafael Cəbrayılov və… Vasif adlı bir manısın elə verilişin gedişində hansı vəziyyətə düşdüklərinin şahidi oldular.
…Bu gün məlum olur ki, Vətəni tərk edənlər təkcə bir tikə çörəyə möhtac olanlar deyil, həm də ölkəni idarə edənlərdir. Prezident və onun ətrafının qara gün üçün onlarla “Nyu Kələki”si və milyardlarla sərvəti var və onların sayı durmadan artır.
Qəribə bir mənzərənin şahidi olmaqda davam edirik – hakimiyyətin təbliğat maşını Qərbin üzərinə yeridikcə, rejimin, başda prezident Ilham Əliyev olmaqla, digər məmurların oradakı biznesi və sərvəti haqda sənədlər dünya KIV-lərinin manşetlərini bəzəyir. Dubay mülklərindən tutmuş, Panama və Vircin adalarına qədər geniş bir coğrafiyada hakim ailənin dəyəri milyardlarla ölçülən sərvətinin varlığından xəbər tutduq. Hətta Vircin “offşor”larından sonra prezidentin mətbuat xidməti rəsmi qaydada bəyan etdi ki, bəli, bunlar prezidentin ailəsinə məxsus şirkətlərdir və onlara bizneslə məşğul olmağı qadağan etmək olmaz. Maraqlıdır ki, rejim hələ də paralel olaraq Qərbin dəyərlərini top atəşinə tutur, orada xoşbəxtlik axtaran sadə vətəndaşları patriot olmamaqda günahlandırır, az qala onları Vətən xaini edirlər. Normal məntiqə sığmayan bu ittihamlar, az da olsa ağlı başında hesab etdiyimiz məmurlardan gəldikcə, insanı dəhşət bürüyür. PA ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov son vaxtlara qədər Qərblə bağlı mümkün qədər ehtiyatlı danışmağa üstünlük verirdi. Lakin bu yaxınlarda cənab Həsənov bu mövzu ilə bağlı açıqlaması ilə Azərbaycandakı inkişaf modelini Norveçdən(!) üstün hesab edən Mübariz Qurbanlını belə kölgədə qoydu. Buyurun, siz də tanış olun: “Artıq Avropada elə böhran yaranıb ki, oranın sakinləri Asiyaya, Şərqə axın edirlər. Onlar özlərinin gələcək sosial-iqtisadi proqramlarını Asiya ölkələrində həyata keçirməyi planlaşdırırlar. Belə bir şəraitdə Azərbaycanın inkişaf sirləri, inkişaf modelləri tək azərbaycanlıları deyil, bütün dünyanı maraqlandırır”.
Corabın belə xaricdən idxal edildiyi ölkənin hansısa inkişaf sirrindən, uğurundan danışmaq üçün razılaşın ki, ən azı abır-həya lazımdır. Nəzərə alsaq ki, ölkədə pambıq becərilir, yun da kifayət qədərdir, razılaşın ki, mən çox yumşaq ifadə işlətdim…
Məsələ aydındır, rejimin ən savadlı sözçülərindən sayılan Əli Həsənov “siyasi müvazinətini” bu dərəcədə itiribsə, zahiri təmkin, qeyri-məntiqi, əsəbi bəyanatlarla əvəz olunursa, demək çox yaxın zamanlarda “Səni axtarıram”ın “offşor” buraxılışlarını izləyəcəyik…