Yəqin ki, hamınız mətbuatda arabir gedən belə xəbəri oxumuşunuz – dünən Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiyaya Qarşı mübarizə üzrə Komissiyasının iclası keçirilmişdi. Daha sonra isə, iclasın tezisləri oxucunun nəzərinə çatdırılır, Ramiz müəllimdən sitat gətirilir və ənənəvi yekun cümlə ilə xəbər sona çatır. Məsələn, bu cür “Toplantıda sahibkarlığın inkişafı üçün daha əlverişli şəraitin yaradılması, əsassız yoxlamalara son qoyulması, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılması ilə bağlı bir çox fikir və mülahizələr səslənib, bəzi qanunlara əlavə və dəyişikliklərin edilməsi təklif olunub”. Vəssalam.
Iclasın əhəmiyyətini xatırlatmaq üçün elə sabahı günü bir neçə məmur rüşvət alarkən “yaxalanır” və bu “əməliyyatlar” KIV manşetlərini bəzəyir. Bir faktı da nəzərinizə çatdırım ki, bu qurum təsis edildiyi ilk ildə “rüşvət başında yaxalanmış” bir iş icraçısından və təhsil işçisindən sonra, sanki 6 il “depressiyaya” düşdü. Yalnız ərəb inqilabları zamanı qəflət yuxusundan ayılaraq, bir həkimi və bir neçə “sobez” işçisini bədbəxt etdilər. Diqqət etsəniz, korrupsiyaya qarşı mübarizə qurumlarının qurbanları arasında nə hüquq-mühafizə, nə gömrük, nə də ki vergi orqanlarının işçilərinə rast gəlmək olar.
Bəli əziz oxucu, mən nahaqdan başlıqda DAHI kəlməsini işlətməmişəm. Bu şəxs, yaxınlarda 75 yaşı tamam olmuş, ölkəyə və korrupsiyaya nəzarət edən Ramiz Mehdiyevdir. Ölkədəki rüşvət və korrupsiyanın vahid sistemə çevrilməsində onun rolu danılmazdır.
Hüquq-mühafizə, gömrük və vergi qurumları vasitəsi ilə mərkəzləşdirilmiş rüşvət sistemi formalaşdırılmasından sonra yaranan Korrupsiyaya Qarşı mübarizə üzrə Komissiya, əslində… rüşvətin şəffaflığına(!) nəzarət edir. Aldığı rüşvətin bir qismini gizlədənlər bu qurum vasitəsi ilə aşkar edilir və barələrində müvafiq ölçü götürülür. Yəni bir işə görə 100 min manat rüşvət alan prokuror bunun 50 minini 22 yaşlı sevgilisi üçün lüks avtomobil almaq məqsədi ilə, kənara qoyursa, bunu onun qarşısına qoyub, ilk dəfə olduğu üçün bağışlayırlar, futbol dili ilə desək, sarı vərəqə göstərirlər. Mən misal üçün yazdım, bu polis rəisi, vergi məmuru da ola bilər. Daha sonra isə, profilaktik tədbirlər gəlir ki, buraya həbs qətimkan tədbiri daxil deyil. Razılaşın ki, var – dövləti əlindən alınmış “xəyanətkar” məmur üçün bu ömürlük həbsdən də betərdir. Ramiz Mehdiyev gözəl bilir ki, iri bir məmuru aldığı rüşvəti gizlətdiyinə görə ifşa etmək digərləri üçün pis nümunə ola bilər. Hazırda həbsdə olan Gülər Əhmədovanı xatırlayın, son anadək qorumağa çalışdılar, lakin iş Azərbaycan sərhədlərini aşınca, məcbur olub həbs etdilər. Onun həbsxanadakı lüks həyatı isə, məmurlara “bacardığımız qədər arxanızda olacağıq” mesajıdır. Ramiz Mehdiyevin həm korrupsiyaya qarşı mübarizəyə, həm də ölkənin faktiki idarəsinə rəhbərlik etməsi, loru dildə desək, bir nəfərin özü-özü ilə nərd oynamasına bənzəyir. Yəni zəri həm özünün, həm də xəyali rəqibinin əvəzinə atırsan və hər dəfə də o naməlum rəqibinə, yəni öz kölgənə “mars” verirsən. Hərdən maraqlı olmaq üçün bir-iki tas uduzmaq da olar ki, bunu da Quba və Ismayıllı olaylarında gördük.
Hazırda Ramiz Mehdiyev hüquq-mühafizə, vergi və gömrük işçilərinə şamil edilən “toxunulmazlığı” təhsil işçilərinə də aid etmək üzərində “çalışır”. Fikir verin, istər iqtidar, istərsə də bəzi müxalifət KIV-də təhsil naziri M.Mərdanova qarşı amansız müharibə elan edilib. Paralel olaraq, R.Mehdiyevin kadrı, TQDK sədri Məleykə Abbaszadənin timsalında, təhsilin xilaskar mələyi obrazı formalaşdırılması o deməkdir ki, tezliklə kriminal xronikada bu üç sahə ilə yanaşı təhsilin adı keçməyəcək…
Bu yaxınlarda saytlarda təxminən belə bir xəbər başlığı gözümə sataşdı, təxminən belə idi – “DIN işçiləri rüşvət alarkən yaxalandılar”. Inanın ki, həyəcan məni bürüdü. Ilk ağlıma gələn sual bu oldu – axı kim yaxalamış bu 20 ilin ələkeçməzlərini?…
Sən demə, bu bəxtsizlər DIN qospitalında çalışan iki tibb bacısı imiş.
Zənnimcə, şərhə ehtiyac yoxdur….