Bu ilin payızında keçiriləcək prezident seçkilərində namizədlik iddiasında olanların sayına görə yəqin ki, Ermənistanı ötüb keçəcəyik. Maraq üçün deyim ki, orada hətta 2 işsiz təqaüdçü də namizədliyini vermişdi. Bu ölkənin qanunlarına görə, namizəd olmaq istəyən hər bir kəs imza vərəqələri ilə birlikdə təxminən 20 min dollar girovun ödənilməsi haqqında qəbz də təqdim etməlidir. Yəni sənin namizədliyinin altına imzasını qoyan hər bir kəs zəhmət çəkib, bir neçə dollarından da keçməlidir. Bu səbəbdən işğalçı dövlətdə 15 namizəddən sonda 7-si ortaya çıxa bildi. Gərəkən imza və girovu ödəyə bilməyən təqaüdçü qocalar, karateçi(!) və onlarla yanaşı daha 6 nəfər iddialarından əl çəkməli oldular.
Bizdə isə iddiaçıların sayı, təkcə müxalifət cəbhəsində artıq 20-yə yaxınlaşmaqdadır. Təxmini hesablamalara görə “proses”in sonuna qədər bu rəqəm 30-la 40 arasında olacaq. Heç bir girov tələb olunmur, üstəlik, marafonun sonunda 60 min dolların “dalına keçmək” şansını bura əlavə etsək, bir çox namizədlərin nə üçün seçkiyə getmələri aydın olar. Bəri başdan deyim ki, bu yazımın onlarla heç bir əlaqəsi yoxdur.
Bu mövzu haqda yazmaq, kiməsə irad tutmaq da çətindir. Çünki hazır cavablar, şablon müqayisələr üstünə yağış kimi yağacaq. Cavab vermək də çətindir, çünki bu zaman sənə deyəcəklər ki, sənin sözündən belə çıxır ki, mən bu ölkəni Ilham Əliyevdən yaxşı idarə bilmərəm. Adam haqlıdır, çünki şəxsən mən hazırda namizədliyə iddialı olan istənilən şəxsə üstünlük verərdim və sizi inandırıram ki, onların əksəriyyətinin demokratik seçki şəraitində hazırkı prezidentə ciddi müqavimət göstərmək şansları var. Yəni ölkədə seçki məntəqələrinin bərabərhüquqlu formalaşdırılması, azad seçki şəraitinin yaradılması, insanların azad toplaşma hüququnun təmin olunması namizədliyə iddialıların birinin Ilham Əliyev üzərində qələbəsinə gətirib çıxara bilər.
Istənilən ağlı başında olan, o cümlədən də prezidentliyə iddialı olan şəxsə də aydındır ki, hazırkı iqtidar islahat haqqında düşünmək belə istəmir. Əliyevlər hakimiyyətdə olduğu 20 ildə hələ bu qədər aqressiv olmayıblar, kütləvi həbslər, şərləmələr, müxalifətə qarşı səlib yürüşü son iki ildə daha da intensivləşib. Hətta 2008-ci ilin prezident seçkiləri ərəfəsindən belə əsər-əlamət yoxdur(!), baxmayaraq ki, o zaman səslərin 90 faizi saxtalaşdırılmışdı…
Belə olan şəraitdə yeganə çıxış yolu ölkənin iki aparıcı müxalifət partiyası AXCP və Müsavatın da təmsil olunduğu və həqiqətən də cəmiyyətin bütün narazı kəsimlərini özündə birləşdirən Ictimai Palata çərçivəsində demokratik seçki şəraiti uğrunda mübarizə aparmaq, paralel olaraq vahid namizədi də müəyyən etməkdir. Hətta bu formatı daha da genişləndirib hansısa bir blok və ya böyük birlik şəklində bu iki istiqamətdə iş aparmaq olar.
Etiraf etmək lazımdır ki, son vaxtlar Ictimai Palata iclaslarında açıq-aşkar, bilərəkdən bu iki prioritet istiqamətdən yayınma hallarına rast gəlirik. Son iclasda IP Koordinasiya Şurasının üzvü Pənah Hüseynin vahid namizədin müəyyən edilməsi üçün mexanizm və prosedura yoxluğu haqdakı fikirləri şəxsən mənim üçün gözlənilməz oldu. Istər Pənah Hüseyn, istərsə də KŞ-nin başqa üzləri böyük siyasi və dövlətçilik təcrübəsi olan şəxslərdir. Dünyada isə oxşar proseduraların həyata keçirilməsi təcrübəsi, velosiped qədər mükəmməldir. Hətta “Azərbaycan saatı”nın, müxtəlif internet resurslarının imkanlarından istifadə edib, debatlar da təşkil etmək olar. Nəhayət, sual olunur, Ictimai Palata səsverməsini fikirləşmək üçün hansı fenomenoloji qabiliyyət tələb olunur?
…Mən dünən tanınmış ziyalı kinodramaturq Rüstəm Ibrahimbəyovun Milli Şura ideyası ilə bağlı yazısını oxudum. Ictimai Palata ideyası da eyni zərurətdən yaranıb. Amma görünən budur ki, vahid namizəd məsələsi bu yeni yaranan quruma da təsirsiz ötüşməyəcək. Inanmaq istərdim ki, Rüstəm bəy də vahid namizədlə seçkiyə getmənin tərəfdarıdır və yəqin ki, namizədin kimliyi artıq ona bəllidir. Bəlkə də bu onun özüdür, bilmirəm. Həqiqət də budur ki, seçkiyə mütləq bir namizədlə getməliyik. Inanıram ki, onsuz çox çətin bir missiyanın altına girmiş Rüstəm bəy üçün hamımızın eşitmək istədiyimiz bu həqiqəti söyləmək qətiyyən çətin olmayacaq.
Söz sizindir, hörmətli Rüstəm bəy!