80-ci illərin əvvəllərində Bakıya ilk dəfə gəldiyim zaman hüquq-mühafizə orqanlarında işləyən bir uzaq qohumumuzun evinə qonaq getmişdim. O dövr üçün olduqca imkanlı sayılan bu adamın evində cəmi bir saat duruş gətirə bildim, kəskin dərman iyi ürəyimi bulandırırdı. Məni onlara gətirən dayıma yalvardım ki, tez rədd olaq gedək buradan, bu dəqiqə yediyimin hamısını qaytaracam, biabır olacağıq.
Evini tələsik tərk etdiyimiz şəxs durğunluq dövrünün rayon məhkəməsinin hakimi, iyinə dözə bilmədiyim dərman isə valerian idi, bunu isə daha sonralar bildim…
Dayımın onunla bir sinifdə oxuduğunu öyrənəndə isə, dəhşətə gəldim. Hakim təxminən 20 yaş qoca görünürdü…
Bu 70-80-ci illərin tipik orqan işçisi idi. Moskvanın nəzarətində olan Azərbaycanda rüşvət almaq, ədalətsiz qərar vermək təhlükəli olmasa da, az da olsa risk var idi. Qərarlardan ağıllı və ən əsası, lazımi yerdən, yəni respublikadan kənardan verilən şikayət əksər hallarda bəhrəsini verirdi. Mərkəzdən gələn prinsipial müstəntiq, haqq-ədaləti “bərpa edib” geri qayıdırdı.
Belə hallar çox tez-tez olurdu, 80-ci illərin sonlarında isə hüquq-mühafizə işçilərinin həbsi adi hala çevrilmişdi…
Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra dərhal hüquq-mühafizə orqanlarına inanılmaz bir sərbəstlik və heç bir qanunla tənzimlənməyən(!) toxunulmazlıq əta etdi.
Beləliklə, hüquq-mühafizə işçiləri birdəfəlik olaraq, valerian, volokardin kimi ürək dərmanlarına, ən başlıcası, vicdanlarına əlvida dedilər…
Hazırda bu dərmanları qəbul edənlər isə hüquq-mühafizə orqanlarında işləyən yaşıdlarından 20 yaş qoca görünən sadə vətəndaşlardır.
Hərdən yəqin ki, bəziləriniz özünüzə sual verirsiniz, fikirləşirsiniz ki, yaxşı, tutalım yuxarıdan göstəriş gəlir ki, bu insana 10 il həbs cəzası verilsin, bəs hakim və prokuror bu sifarişi icra edəndə düşünmür ki, mən bir ailəni bədbəxt edirəm. Mənim gəldiyim qənaət belədir, onlar bu haqda heç fikirləşmək belə istəmirlər, hətta bəzi hallarda bundan zövq alırlar. Yazının əvvəlində yaşından 20 il qoca görünən sovet dövrü hakimini və indikiləri gözləriniz önünə gətirin və əminəm ki, mənimlə razılaşacaqsınız…
Ramella Allahverdiyeva… Yəqin ki, Azərbaycanda günahsız, məsum insanlar haqda bu qədər ağır hökmlər verən ikinci bir hakim tapmaq çox çətindir. Istənilən internet-axtarış sistemində siyasi sifarişli hökm, şərlənmə, amansız hakim sözlərini yazın, oradan mütləq Ramella Allahverdiyeva çıxacaq.
Ola bilsin ki, həyatda mülayim bir xanımdır, qayğıkeş anadır, xoşbəxt nənədir. Hər gün övladları və nəvələri ilə süfrə başında oturur, ailə üzvlərindən kimsə yeməyə gecikəndə narahat olur, onlar gələnə qədər boğazından tikə belə keçmir. Yəqin ki, axşam yeməyi zamanı stol arxasında oturan ailə üzvlərinə baxanda, gündüz həbsxanaya göndərdiyi günahsız insanların gözü yaşlı körpələri də gəlib durur gözünün önündə. Sizi əmin edirəm ki, bu zaman o öz övladları və nəvələri üçün şükür edir və sabah gedir yenidən məhkəməyə…
…Tələbə vaxtı hazırda bu sistemdə önəmli vəzifə tutan keçmiş tələbə yoldaşımla semestr imtahanı verirdik. O, hüquq fakültəsinə “perevod” olmaq üçün mütləq əla qiymət almalı idi. Bileti bir kənara qoyan müəllim, ondan sualın ən asan hissəsini – qədim Afrikada zulus tayfasının pələngi ovlama taktikasını soruşmağa başladı. Əvvəlcə bu haqda, demək olar, hər şeyi danışan müəllim, ondan bir kəlmə qoparmaq üçün son çarəyə əl atdı və… “oğlum, zuluslar pələngin ətrafında dövrə vurub, onu gic edəndən sonra harasından yapışırdılar?” deyərək əlini arxasına(!) apardı…
Aldığı cavabdan sonra müəllim şoka düşdü və otağı tərk edərək bir daha geri qayıtmadı. Keçmiş tələbə yoldaşımız zulusların pələngin buynuzundan (!) yapışdığını iddia edirdi. Aldığı əla qiymətlə hamımıza “sübut etdi” ki, pələngin buynuzu var.
Indi özünüz deyin, belə bir adam verdiyi qərara görə sonradan vicdan əzabı çəkə, yaxud da sonralar bunun hesabını necə verəcəyini düşünə, nəhayət azadlıq nə olduğunu anlaya bilərmi?..
Bəzi hakim və prokurorların şərlənən əqidə dostlarımızın məhkəmələrində kədərli görünmələrinin səbəbi isə bu proseslərin “quru” keçməsidir…
Elşad Abdullayevin göndərdiyi videonu xatırlayın – qocaman hakim maddəsiz-filansız mühakimə edib, həyatını məhv etdiyi insana yox, bu işdən ona bir qəpik də çatmadığına yanırdı…