İspaniyanın futbol üzrə yığma komandası son dünya və iki Avropa çempionatlarında parlaq qələbə qazandı. Ispaniya və dünya mediasını bir kənara qoyaq, elə Azərbaycan mediasında qalib komandaya həsr olunmuş yüzlərlə məqalə getdi. Həmin yazılarda diqqətimi cəlb edən bir məqamı oxucularla bölüşmək istəyirəm. Bu analitik və tərif dolu yazılarda Ispaniya dövlətinin prezidentinin adı belə çəkilmir, qələbə qazanan futbolçu və texnik heyət isə, Ispaniyanın milli qəhrəmanları elan olunurdu. Bu gün Bakı küçələrində gəzən istənilən yeniyetməyə sual verin, o sizə ən azı 20 ispan futbolçunun adını çəkəcək, amma “Ispaniyanın dövlət başçısı kimdir” sualına cavab verə bilməyəcək.
Futbol elə bir idman növüdür ki, burada inkişaf stadionun iri tablosunda hesabı əks etdirən rəqəmlərlə ifadə edilir. Yəni nə qədər futbolun inkişafı haqqında danışsan da havayı şeydir, oyunun sonunda qeydə alınan hesab qəbul edilir. Keçək əsas söhbətimizə, yəni Azərbaycan futboluna.
Azərbaycan yəqin ki, dünyanın yeganə antidemokratik dövlətidir ki, burada da futbol diktatura qanunları ilə idarə olunur. Hətta Şimali Koreya futbolu belə professionallara etibar edilib. Istər dünya çempionatlarında, istərsə də digər turnirlərdə bu komandanın məzmunlu və cəsarətli oyunu diqqəti cəlb edir. Sonuncu dünya çempionatında beşqat dünya çempionu Braziliya yığmasına çətin anlar yaşatması yəqin ki, yadınızdadır. Bir saat ərzində adlı-sanlı rəqibləri ilə başabaş oynayan və aylıq məvacibləri təxminən 400 dollar(!) olan koreyalılar 1:2 hesabı ilə uduzsalar da, meydanı alnıaçıq tərk etdilər.
Azərbaycan futbolu isə, bilərəkdən bu sahədən ən primitiv anlayışı olmayanlara tapşırılıb. Mən adicə futbol kəlməsini belə tələffüz etməkdə çətinlik çəkən AFFA prezidenti haqqında danışmaq istəmirəm, çünki hesab edirəm ki, onu tanıtmağa ehtiyac belə yoxdur. Bədbəxtçilik ondadır ki, AFFA səlahiyyətliləri də futbola Rövnəq Abdullayev səviyyəsində bələddirlər, hətta mən deyərdim ki, bəzi məqamları heç onun qədər də anlamağa qadir deyillər…
Lüksemburq bərabərliyi və Portuqaliya məğlubiyyətindən sonra AFFA-nın baş katibi Elxan Məmmədovun mətbuata verdiyi açıqlamadan bir hissəni olduğu kimi oxucuların nəzərinə çatdırmaq istəyirəm, buyurun:
“Bu oyunda hər bir azərbaycanlını məyus edən faktlardan biri odur ki, komanda Portuqaliyaya qarşı oynayır, birinci qolu buraxır və bir dəqiqə sonra stadiondakı bir qrup azarkeş ”istefa” şüarı səsləndirməyə başladı. Bu da öz-özlüyündə milli komandanın üzvlərini ruhdan salır. Bu gün biz özümüzdən, komandadan daha böyük nəticələr gözləyirik, amma reallıqla hazırda bu nəticəni gözləmək düzgün deyil… O insanlar ki “istefa” qışqırır, onlar bunu Azərbaycan futboluna qeyri-sabitlik gətirmək üçün bilə-bilə edirlər…” (demək istəyir ki, futbolu siyasiləşdirməyin – X.Ə).
Futboldan bixəbər, lakin bu idman növünə biznes kimi baxan AFFA funksioneri stadiona toplaşmış 30 min insanı təhqir etməkdən belə çəkinmir, onları az qala məğlubiyyətin səbəbkarı kimi göstərir. Atalar gözəl deyib, utanmasan oynamağa nə var…
Bu insanın bioqrafiyası verdiyi açıqlamadan da dəhşətlidir AFFA-ya baş katib təyin edilənə qədər futbolla heç bir əlaqəsi olmayan biznes təhsili almış bu şəxsin son iş yeri “Natəvan” biznes mərkəzinin idarəetmə işləri üzrə direktor müavini olub.
Fələstinə 0:2 hesabı ilə uduz, Lüksemburqun qapısına yol tapa bilmə, sonra da gəlib, on minlərlə insanı futbolumuzun stabilliyini pozmaqda ittiham et, razılaşın ki, buna cəsarət etmək üçün adama sifətdən başqa digər keyfiyyətlər də lazımdır ki, onları yazmağı etik baxımdan doğru hesab etmirik.
Əslində Tofiq Bayramov adına stadiona yığışanlar AFFA rəhbərliyinin istefasını tələb edirdilər. Ölkə futbolunu yaramaz hala salan alman mütəxəssis Berti Foqts deyil. Futbolçu kimi, dünya və Avropa çempionu, məşqçi kimi isə Almaniya millisinə 1996-cı ildə qitə çempionluğu qazandırmış bu insan bacardığını edir. Problem futbolumuzun başında duran 30 min tamaşaçını bir yerdə görəndə qorxuya düşən, futboldan çirkin məqsədləri üçün istifadə edənlərdir.
…Bu yaxınlarda Hollandiya televiziyası Azərbaycan çempionatından bir epizodu dönə-dönə təkrarladı. Xəzər L-Neftçi oyununda hakimin gözləri önündə “Neftçi”nin futbolçusu rəqibə yumruqla zərbə endirdi. Hakim heç tərəddüd etmədən sifəti qanlı oyunçuya sarı vərəqə göstərdi. Holland şərhçi bunu çox maraqlı bir şəkildə izah etdi: “Bu kadrlara ilk dəfə baxanda elə bildik ki, bu nəsə bir başqa oyundur”.
Bu doğrudan da bir “oyun”dur, özü də 20 ildir ki, davam edir…