1.Ramiz Mehdiyev PA-nın rəhbəri: “Dünyanın nüfuzlu ekspertləri, politoloqları hesab edirlər ki, hazırda planetimizin müxtəlif bölgələrində münaqişələrin, siyasi kataklizmlərin müşahidə olunduğu, aparıcı ölkələr iqtisadi və maliyyə böhranından əziyyət çəkdiyi bir dövrdə Azərbaycanın dinamik inkişafı əsl möcüzədir”.
Hərdən insan ömrünün qısa olmasından şikayətlənirik, razılaşın ki, bu bəyanatdan sonra Tanrıya bu sahədə heç kimə güzəşt etmədiyinə görə təşəkkür etməliyik…
2. Əli Həsənov, PA-nın şöbə müdiri: “2013-cü ildə xalqıma ilk növbədə öz inkişafını, firavan həyatını davam etdirmək, inqilablardan uzaq olmağı arzulayıram. Azərbaycan xalqı hər cür xoşbəxtliyə layiqdir və bu layiqli həyatı təmin etmək üçün biz var gücümüzlə çalışırıq”.
Mənim ən böyük arzum, bu rejimin siyasi səhnədən getməsindən sonra, Əli Həsənov daxil olmaqla digər YAP məmurlarını heç olmasa bir neçə ay 300 manatla yaşamasına şahidlik etməkdir. Onlar bu “cəzaya” tam layiqdirlər…
3.Əli Həsənov, “Qaçqınkom” sədri, yaşlı məcburi köçkünə xitabən: “Kəs səsini, ay arvad, həyasızlıq etmə, bura mitinq yeri deyil”.
Nəzərinizə çatdırım ki, təkcə Novxanıdakı villalarının sayı 15-i ötmüş Əli Şamiloviçin 15 il bundan əvvəl köhnə bir QAZ-24-ü var idi. Odur ki, hesabına varlandığı zavallılarla bir az nəzakətli olsa pis olmaz. Bunu həm də bir cəbrayıllı kimi deyirəm…
4.Hafiz Hacıyev, Imişlinin icra başçısı olan əmisi oğlu Vilyam Hacıyev haqda: “Bu adamın Həsən Əliyev küçəsində villası, ”Sahil” metrosu üzərindəki çoxmərtəbəli binada 5 otaqlı mənzili, onlarla müxtəlif obyektləri, Dubayda biznesi var”.
Hafiz Hacıyev məncə, qohumunun digər həmkarlarından daha sadə olması ilə fəxr edə bilər…
5.M.Qurbanlı, YAP icra katibinin müavini: “Əgər ABŞ kəşfiyyat orqanları hansısa təhlükənin varlığından xəbərdardılarsa, onu açıq deməlidirlər. Mənsə belə bir təhlükə görmürəm”.
YAP rəsmisi elə tonda danışır ki, ilk baxışda adama elə gəlir ki, söhbət yadplanetlilərin hücumundan gedir…
6.Elmira Süleymanova, insan haqları üzrə ombudsman, həbsdə olan gənclərlə görüşdən sonra: “Söhbət zamanı ”NIDA” təşkilatının üzvləri Şahin Novruzlu və Bəxtiyar Quliyev etdikləri əməldən səmimi peşmançılıq çəkdiklərini bildirdilər”.
Razılaşın ki, bu xanımın penitensiar xidmətin rəisi olmaması son 20 ildə başımıza gələn ən xoş hadisədir…
7.Qənirə Paşayeva, millət vəkili, türk pop-starı Əmrahın yeni filmi barədə: “…Filmi göz yaşı içində izlədim. Son bir neçə ildə məni bu qədər ağladan ekran işi olmamışdı. Əmrahı bu gözəl iş münasibətilə təbrik edirəm”.
Əmrahın bu filminə qədər Milli Məclisin hər hansı deputatın ağlamasını təsəvvür belə etmirdim. Təşəkkürlər, Əmrahcığım…
8.Aydın Mirzəzadə, deputat: “Diqqətimi videoyazılardan birində Fəvvarələr meydanında əlində əsgər şəkli tutmuş bir qadının gənclərə müraciət edərək: ”Ay uşaqlar, əsgər getməyin!” deməsi oldu və məsələnin əsl mahiyyəti üzə çıxdı. Məqsəd bir neçə əsgərin ölümünə münasibət sərgiləmək deyilmiş…”.
Bir daha iqtidar süfrəsinin qırıntılarının, yüzlərlə əsgərin ölümünü, “bir neçə əsgərin ölümü” kimi adlandırmağa stimul verdiyini də gördük. A.Mirzəzadə və başqaları bilməlidirlər ki, bu rejim əbədi deyil və bir gün söylədikləriniz üçün cavab verməli olacaqsınız…
9.Berti Foqts, Azərbaycan yığmasının baş məşqçisi, Avropanın ən “qaz” komandası olan Lüksemburqla heç-heçədən sonra: “Artıq 5 ildir Azərbaycandayam…. Mən hiss edirəm ki, inkişaf çox yavaş gedir”.
Yəqin ki, inkişafı görməyən məhşur alman məşqçi yaxınlarda yola salınacaq. Amma bu o qədər də asan məsələ deyil. Çünki alman mütəxəssis dilini “dinc qoyan” birisi deyil. Bir də gördün açdı sandığı, tökdü pambığı…
10.Ilhamə Quliyeva, xalq artisti, ATV-nin canlı yayımında: “…Mən yemirəm, yedizdirirəm”.
Bu YAP hakimiyyətinin xalqımıza bəxş etdiyi mədəniyyətin ən bariz nümunəsidir. Oxşar ifadələri hər gün eşitməkdəyik. Mədəniyyət naziri Əbülfəs Qarayev, eləcə də ATV rəhbəri Vüqar Qaradağlı bilməlidir ki, on minlərlə evdə hələ də pultsuz televizorlar var və böyüklər də bunu bəhanə edib (!) vaxtında məsələyə müdaxilə edə bilmir…