…Süleyman Sani Axundovun “Qaraca qız” hekayəsindəki Tutunun faciəvi həyatı, nə qədər qəribə görünsə də, uşaqlığımın yadımda qalan ilk sarsıntısı idi. Mən sanki bu qızı tanıyırdım, birlikdə oynamışdıq və qəfildən onu itirmişdim. Bu da azmış kimi, o dövrün 5-ci, ya da 5-cı sinif üçün ədəbiyyat dərsliyini tərtib edənlər qarşımıza(!) Tutunun başqa bir versiyası olan “Dilarə” hekayəsi ilə çıxdılar ki, burada bir zavallı körpənin məchul, faciə vəd edən taleyinə biganə qalmamaq qeyri-mümkün idi. Ötən əsrin əvvəllərində qələmə alınmış bu kədərli hekayələrin təsiri, yaşadığım sovet quruluşunda belə hallara rast gəlməməyim səbəbi ilə tez ötüb keçdi və etiraf edim ki, bu iki körpənin faciəsini tez bir zamanda unutdum…
…2012-ci ilin sonlarında gördüyüm bir mənzərə məni yenidən uşaqlıq illərimə, oradan da XX əsrin əvvəllərinə apardı desəm, yəqin ki, yanılmaram. Metronun “Inşaatçılar” metrosuna enərkən soyuq havada, 5-10 yaşlarında bir dəstə dilənçi körpə gördüm. Hava çox soyuq idi, lakin bu onların heç veclərinə də deyildi. Ora-bura qaçırdılar, hərdən ötüb keçənlərə əl açmağı da unutmurdular. Onlardan birinə 20 qəpik verdim və bu soyuq havada burda nə üçün olduqlarını sordum. Uşaq dedi ki, bir azdan bizi gəlib aparacaqlar. Şirin məsum uşaqlar idilər, hətta biri valideyni ilə gedən həmyaşıdı ilə dialoq da qurmağa imkan tapdı, lap klassik “Qaraca qız” hekayəsində olduğu kimi. Hətta çöhrəsinə təbəssüm də qondu, zavallı körpənin… Çox keçmədi ki, uşaqlar idmançı görkəmli şəxsin ətrafında toplaşaraq, tələsik metro keçidini tərk etməyə başladılar. Onların arxasınca diqqətlə baxdığımı görən ahıl bir kişi dedi ki, “başını belə şeylərə qoşma, bunlar çox təhlükəlidirlər”.
…Bu, Azərbaycan insanının son 20 ildə taleyinə yazılmış kədərli səhnələrdən yalnız biridir. Bu acı taleyi övladlarına yaşatmamaq və bu ağrılı səhnələri, ümumiyyətlə, görməmək üçün sadə vətəndaşlar, rejimə “gedin” deməkdən başqa bütün mümkün olan variantlara əl atırdılar. Ənənəvi və kədərli yollardan biri xoşbəxtliyi(!) ölkə xaricində axtarmaqdır ki, yüzminlərlə ailələr bunu hazırda da edirlər…
Bəlkə də sizə qəribə görünəcək… – daha bir yol da insanların öz övladlarını kabab iyindən uzaq tutmasıdır. Mən bunun dəfələrlə şahidi olmuşam. Diqqətlə izləsəniz, həyətdəki kafe və restoranlara baxan pəncərələrini kərpiclə hörən, övladlarını məktəbə aparıb gətirərkən iaşə obyektləri olmayan marşrutları seçən valideynləri siz də müşahidə edə bilərsiniz.
Kabab manqalı bir az simvolikdir, bu məfhum altında işarələnən söhbət ölkəni çapıb-talayan bir ovuc məmurun orta əsrlər feodal kaprizlərini xatırladan “kompleks qudurğanlığı”ndan gedir.
Rejim çox narahatdır, illərdir susan xalq, illər sonra bu “kabab manqalı”ndan öz payını istəyir, deyir ki, “tək yediyin yetər, bizim də balalarımız var”…
Iqtidarın isə, “itə ataram, yada sataram, sənə vermərəm” inadı sürür. Özlərini xalqdan qorumaq üçün biabırçı beynəlxalq tender elan etməkdən belə çəkinmirlər….
ABŞ-a ezam edilən “SOS” deputat komandasının rəhbəri Səməd Seyidovun Azərbaycanı guya Rusiya və Iranın yeyə biləcəyi sendviçə bənzətməsi əslində bu planın tərkib hissəsidir. Görüşün nəticələri bir daha sübut etdi ki, sendviç-filan da boş söhbətdir, söhbət bəhs etdiyimiz kabab manqalının taleyindən gedir.
Nəzərinizə çatdırım ki, bizdə kabab olduğu kimi, amerikalılarda da sendviçdir. Statistik amerikalılar gündə iki dəfə sendviç yeyir, çünki evdə yemək hazırlamağa tənbəllik edirlər. Siyasətdə də aldanmağı sevmirlər, Azərbaycan rəhbərliyinin problem və əndişələrinin öz xalqının getdikcə artan etirazlarından qaynaqlandığını çox gözəl bilirlər.
Əlqərəz, dediyim odur ki, amerikalıları iki şeydə – siyasət və sendviçdə aldatmaq mümkün deyil. Mən onların sendviç kimi milli ləzzətin eyforiyasına uymayaraq, Səməd Seyidova polisin dinc aksiya iştirakçılarına divan tutması haqda verilən sualı və onun qəribə cavabını nəzərdə tuturam. Amerikalılar dinc aksiyalardakı polis zorakılıqlarına işarə vuraraq, soruşublar ki, “niyə bu sendviçdən (kababdan – X.Ə.) öz xalqınıza vermirsiniz?”.
Növbəti beş il üçün xeyir-dua üçün gələn S.Seyidov tutulub və sadəcə bunu deyə bilib: “Hacıbala müəllim icazə vermir”…
Razılaşın ki, burada Ismayıllının keçmiş icra başçısı Nizami Ələkbərovun yeri görünür. O, “belə bir şey, ümumiyyətlə, olmayıb” deyərək, bəlkə nəsə edə bilərdi…