(«Elşad Abdullayev Canəli Əkbərovun muğam dərsində»)
Hafiz Hacıyev, Müasir Müsavat partiyasının sədri: “Bacarsaq, hər halda iki qardaşıq ( Ilham Əliyevi nəzərdə tutur – X.Ə), mən keçərəm prezident olaram, növbəti beş il üçün, təzədən 5 ildən sonra qayıdıb gələr. Bu dünya miqyasında görünmüş işdir…” (Səs Tv – yə müsahibəsindən)
Mən “beş ildən sonra qayıdıb gələr” ifadəsini anlamadım. Maraqlıdır Hafiz Hacıyev, qardaş dediyi şəxsi beş il harada görmək istəyir…
Səyavuş Novruzov: “Ermənistan seçiciləri saxtakarlıqlara kameraya çəkib göstərsələr də, beynəlxalq müşahidəçilər buna münasibət bildirmirlər. Bütün bunlar göstərir ki, beynəlxalq aləmdə ölkələrə ikili standartlarla yanaşılır. Biz bu faktları gələcəkdə nəzərə almalıyıq”.
Bu Azərbaycanın kürü diplomatiyasına Ermənistanın konyak diplomatiyası ilə cavabıdır. O ki, qaldı kameraya – zada, onlar Elşad Abdullayevin videoları yanında sünnət toyuna getməlidir.
Asəf Hacıyev, deputat: “Belə insanların qarşısı alınmasa, ölkədə xaos ola bilər. Ilk dəfə Cənab Ilham Əliyev prezident seçiləndə vurğuladı ki, mən Azərbaycanın hər vətəndaşının prezidenti olacağam”.
“Sağ ol, Anjelika, biz səni eşidirik”… Nədənsə məhşur “Uzaq sahillərdə” filmindəki bu məhşur fraza yadıma düşdü…
Tahir Kərimov: “Müxalifət tərəfindən fevralın 27-nin ”Tələbə etirazı” günü elan olunması və həmin gün univerisitetlərə, dərslərə gedilməməsi və küçələrə çıxaraq şuarlar səsləndirilməsi təbii ki, mənfi bir haldır. Tələbələrin dərslərə gəlməməsi təhsil intizamını pozaraq onları bilik almaqdan məhrum edir” (“Səs” qəzetinə müsahibəsindən)
Hörmətli Tahir müəllim, bir gün haqq dünyasında rəhmətlik Elçibəyin sizə verəcəyi – “2-ci kursda oxuyan tələbənin eyni fakültədə həm də dekan olduğu bir universitetdə bir gün dərsə gəlməmək, nə vaxtdan fəlakət olub” sualına indidən cavab hazırlayın…
Ilham Əliyev, deputat, Ramiz Mehdiyevin kürəkəni: “Bizim dinimiz var və bu dinə qulluq edirik. Mən bu qanuna dəyişikliyi dəstəkləyirəm. Çünki biz çalışmalıyıq ki, qısaşalvarlıları və saqqalı sinəsinə qədər düşənləri cəmiyyətimizdən təcrid edək. Axşamlar bulvara çıxanda, adam onların xarici görünüşünə nifrət edir”.
Necə deyərlər: NO COMMENT. Ardından sadəcə Gülər Əhmədovaya “keçid” alırıq…
Gülər Əhmədova, sabiq deputat: “Mən sadiq əliyevçi olmuşam və əliyevçi kimi də öləcəyəm” (həbsdən bir neçə saat öncə…)
Üç dəfə deputat, Respublika Uşaq Təşkilatının sədri olmuş bu xanımın səmimiliyinə inanmamaq razılaşın ki, çox çətindir.
Nizami Ələkbərov, Ismayıllının sabiq icra başçısı – “Hesab edirəm ki, rayon icra hakimiyyəti rəhbərliyi öz vəzifəsini layiqincə yerinə yetirir”
Nəzərinizə çatdırım ki, o bu müsahibəni, bu xalq üsyanından iki gün sonra, “Çıraq” oteli də daxil olmaqla, qardaşların digər şəxsi mülklərinin yandırılmasından sonra verib…
Əli Əhmədov, YAP icra katibi: “Əgər ölkəmizin indiki reallıqlarını və gerçəkliklərini 20 il, 15 il, 10 il bundan əvvəlki Azərbaycanın gerçəklikləri ilə müqayisə etsək, nə qədər böyük dəyişikliklərin və irəliləyişlərin şahidi olacağıq”
Düz 20 il əvvəl, AXC hakimiyyəti zamanı, torpaqlarımızın cəmi 6 faizi işğal altında idi, Cəbrayıl, Qubadlı, Kəlbəcər, Ağdam, Fizuli, Zəngilan əhalisi də öz doğma torpaqlarında idi…
Cavid Qurbanov, “Azəryolservis”in sədri: “Ulu öndər Heydər Əliyevin yol nəqliyyat kompleksində başladığı inkişaf strategiyası prezident Ilham Əliyevin diqqət və qayğısı nəticəsində bu gün ardıcıl və sistemli davam etdirilir”.
Mən buna şərh verməkdən imtina edirəm…
Rasim Ildırımzadə: “Elşad Abdullayev nəinki özünü, bütün Azərbaycanı dünyada biabır edib. Videodan belə çıxır ki, mən münəccimliklə məşğulam”
Rasim müəllim, Elşad Abdullayevə qardaşlıq etmək bəyəm münəccimlikdir?
Canəli Əkbərov, xalq artisti: “Bu video mənim heç vecimə də deyil. Qoy olsun, bu alçaq adamların işidir. 4 il bundan əvvəl olan məsələdir. Guya o videoda nə var? Camaatı saunada görürlər, danışmırlar. Onunla mənə heç nə edə bilməyəcəklər”.
70 yaşlı xalq artisti muğam dərsində, özü də muğamın sədaları altında özünü bir xanım tələbəsinə (?) masaj etdirməsinə bu cür haqq qazandırır. Maraqlıdır ki, jurnalistin “Siz həmin videoya baxmısınızmı?” sualına sənətkar “Mən elə şeylərə baxmıram” deyə cavab verib(!!!).
Xatırladaq ki, bu muğama sayğısızlıq səhnəsini Elşad Abdullayev yox, Canəli müəllimin digər tələbəsi lentə alıb…