(II yazı)
Ötən yazımda əhalinin Azərbaycandan köç etməsi haqda danışdıq. Bu kütləvi proses kifayət qədər ciddi rəqəmlərlə müşayiət olunduğu üçün onu doğuran səbəblər çox ciddi araşdırılmalıdır. Təsəvvür edin, Moskva kimi böyük şəhərdə son siyahıyaalma zamanı məlum oldu ki, 14%-lə ruslardan sonra ikinciyik, halbuki 1993-cü ilə qədər bu rəqəm 1,5% təşkil edirdi. Nəzərə alsaq ki, Moskvada cəmi 15 milyona qədər əhali yaşayır, razılaşın ki, bu çox dəhşətli rəqəmdir.
Təxminən bir il əvvəl, Rusiyanın miqrasiya xidmətinin rəsmi saytı bəyan etdi ki, təkcə 2011-ci ildə Azərbaycandan 500 minə qədər əmək qabiliyyətli insan işləmək üçün buraya gəlib.
Başda Diasporla Iş üzrə Dövlət Komitəsi olmaqla və bu məqsədlə yaradılmış onlarca hökumət və qeyri-hökumət təşkilatları susur. Əvəzində eyni prosesin Ermənistanda getdiyini çox həvəslə izləyərək bəyan edirlər ki, tezliklə orada heç kim qalmayacaq və biz də guya “rahat bir şəkildə gedib işğal olunmuş torpaqlarımıza sahib çıxacağıq”(!). Başda Mübariz Əhmədoğlu olmaqla, iqtidarın əksər ələbaxan politolaqlarını diqqətlə izləsəniz, bu eyhamı asanlıqla sezə bilərsiniz. Əslində məsələ tam tərsinədir, Azərbaycan boşalır, Rusiyada toplaşır və rejim bundan çox narahatdır…
Zülfüqarlı qardaşlarının nümunəsində biz Rusiyadan gələn və birinci köçün geri dönən nümayəndələrinin hansı aqibəti yaşadığını gördük. Onlar illərlə qərib ölkədə qazandıqlarını bir gecənin içində itirdilər. Üstəlik, beş milyon da rüşvət verib, canlarını güclə qurtardılar və Türkiyəyə qaçdılar.
Elşad Abdullayevin göndərdiyi bir videoda Ağır Cinayətlərə dair Məhkəmənin hakimi (!) etraf etdi ki, “onu həbs edən zaman əlimizdə heç bir ittiham yox idi, sadəcə həbs etmişdik və 5 milyonu verdikdən, bütün əmlakından imtina edəndən sonra buraxdıq”.
Zülfüqarlı qardaşları Əliyevlər rejiminin ikiqat (!) qurbanıdır, birinci və ikinci qaçışları məhz onların hakimiyyət illərinə təsadüf edir.
1993-cü ildən sonra Heydər Əliyev birinci hakimiyyəti zamanı tətbiq etdiyi prinsiplərdən yavaş-yavaş geri çəkilməyə başladı. Məhdud rüşvətxorluq total korrupsiya ilə, yerlibazlıq isə tayfabazlıqla əvəz olundu. Başqa cür ifadə etsək, bu iki faktor birləşdirildi – yəni məhdud bir zümrənin əlində hakimiyyətlə bərabər, kapital da toplanmağa başladı. Dairə məhdudlaşdırıldı, milyonlarla insan hakmiyyətə olan inamını və iş yerlərini itirməyə başladı. Rejim hətta genetik qanunların əksinə getməyə başlamışdı. Bir ailənin üzvləri arasında yüksək vəzifəli insanları sayanda dəhşətə gəlməmək mümkün deyil – qardaş nazir, o biri qardaş polis rəisi, digəri icra başçısı, bacı məktəb direktoru, gəlin bağça müdirəsi, oğul holdinq rəhbəri, əmioğlu şöbə müdiri, quda baş həkim, keçmiş katibə.., məncə, kifayətdir, çünki bir iri məmurun qohumlarını sadalasaq, gərək köşədə başqa heç nə yazmayım, odur ki, burada saxlayıram…
70-ci illərdən sonra ölkəni tərk edən insanlar əsasən karyera qurmaq, təhsil almaq, nəhayət, romantik arzularını həyata keçirmək üçün gedirdilər. Kremlin nəzarətində olan respublika kimi, Azərbaycanda yalnız yüksək postlar Əliyevin nəzarətində idi, on minlərlə insan bir yerə qədər gedib çıxa, özlərinə karyera qura bilirdilər. Yəni orta məktəbə müəllim, iş icraçısı, mühəndis, qatar bələdçisi, fəhlə işləmək üçün nə pul vermək, nə də əlaqələr axtarmaq lazım gəlirdi. Iş yerləri də var idi.
1993-cü ildən sonra rejim sovet dövrünün heyfini çıxmağa başladı. Iş yerləri məhdudlaşdırıldı, ayrı-ayrı sahələr iri məmur ailələrinə sözün əsl mənasında icarəyə verildi. Sadəcə bir misal çəkim, nəqliyyat naziri Ziya Məmmədov yəqin ki, 1993-cü ilə qədər ailəsində nəqliyyat təhsili alan yeganə adam idi. Amma indi gəlin razılaşaq ki, Azərbaycan nəqliyyatının ən önəmli sahələrinin başında onun ailə üzvləri dururlar, ya birbaşa, ya da dolayısı ilə…
Ölkənin nəqliyyat təhsili almış digər vətəndaşları isə 70-ci ildən fərqli olaraq, bir parça çörək dalınca xaricə üz tuturlar. Mən simvolik olaraq, həmin sahənin adını çəkdim, eyni vəziyyəti gömrüyə, vergiyə, polisə, elmə, hətta təbabətə aid etmək olar.
Yəni onlardan biri olmayan və rüşvət verə bilməyənlərin bu ölkədə yalnız muzdlu fəhlə kimi çalışmaq şansı var.
Rusiyada isə adi fəhlənin maaşı bizdən iki-üç dəfə artıqdır…