«Vətənpərvərlik əclaflar üçün ən son sığınacaq yeridir»
F.Dostoyevski
Növbəti yazımı yazmağa hazırlaşırdım ki, bir professor məni öz səhifəsində Əkrəm Əylisliyə ünvanlandığı suallara baxmağa dəvət etdi. Və mən də ona təcili olaraq cavab yazdım ki, narahat olmayın, bu dəqiqə baxaram. Düzü fikirləşirdim ki, nəhayət, fərqli bir yanaşmanın şahidi olacam, çünki əmin idim ki, professor müxalif yazara adi “nəsə” təklif etməz. Bəri başdan deyim ki, yanıldım. Professor keçmiş xalq yazıçısının (pis səslənmir – X.Ə.) üzərinə sanki baltayla gedirdi. Ittihamlarla dolu 12 sualdan lap axırıncısını olduğu kimi, oxucuların diqqətinə çatdırmaqla yazıma başlamaq istəyirəm, buyurun:
“Ailə üzvlərinizin işdən azad edilməsini çoxları təəssüflə qarşılayır. Amma siz ki gözəl bilirsiniz. Onlar tək öz qabiliyyətlərinə görə yox, sizə olan məhəbbətin hesabına o məqama yüksəlmişdilər. Indi artıq o məhəbbət yoxdur. Onları o məqamda saxlayan dayağı siz baltalamısınız! Şəxsən mən özüm də 1991-92-ci il kimi ağır məqamlarda oğlunuz Ilyası sizə məhəbbətimə görə işə götürmüşdüm”.
Professorun təxminən 12 sualdan ibarət müraciətini oxuduqca ağlımdan keçən ilk fikir – “nə yaxşı ki, 37-ni elə 1937-ci ildə yaşadıq” oldu. Təsəvvür edin, indiki ziyalılar və siyasilər o dövrdə yaşasaydı və həmkarlarını, qələm dostlarının üzərinə bu şəkildə saldırsaydı, inanın ki, Azərbaycanda sözün hər iki mənasında əli qələm tutan qalmazdı. Bunlar bir cəhənnəmə, repressiyaya məruz qalanların nəslini də kəsərdilər…
Bəli, hazırda ömrünün son 20 ilini rejimin törətdiklərinə susub, onlardan qəhrəman düzəldərək mandat, mənzil, vəzifə, kabinet və katibə alanların vətənşüvənlik haraylarından qulaq tutulur.
Bəli, ziyalılar düşmən elan edildikcə, Gömrük Komitəsində (!) vakant yerlər çoxalır, ziyalılar arasında məddahlıq yarışı şiddətlənir. Bu təbiidir, çünki “hər kəsin balası var”.
…Yadınızdadırsa, təxminən il yarım öncə, xalq şairi Zəlimxan Yaqubun “Yeni Müsavat” qəzetində rejimə qarşı hücumun anonsu sayıla biləcək qədər kəskin müsahibəsi dərc olunmuşdu. Xarici filmlərdə öz qurbanını öldürməyə tələsməyən killerin barmağını yavaş-yavaş tətiyə basma səhnəsi ilə müqayisə olunacaq bu müsahibənin sonunda məlum olur ki, sən demə, şairin Gömrük Komitəsində işləyən oğlu ixtisara düşüb. Müsahibədən dərhal sonra “Tamojnı” səhvini düzəltdi… Cəmi bir neçə gün keçdi və Zəlimxan Yaqub “əlində saz”, rejimi elə bir şəkildə mədh etdi ki, əgər bu YAP auditoriyasında canlı olsaydı, ozanın hər kəlməsinə zaldakılar, “bir daha söylə!” deyə nərə çəkəcəkdilər.
…Borçalılar yəni, Z.Yaqubun həmvətənləri isə, hələ də Azərbaycan adlı vətənlərində… əcnəbi(!) statusundadır, nigeriyalı, çinli, əfqanlar kimi onlar da oturma iznlərini, vizalarını “əcnəbilər üçün” yazılmış pəncərədən alırlar. Gömrükdə onlara qoyulan “ərzaq qadağası”nı da nəzərə alsaq, dəhşətli mənzərə ilə qarşı-qarşıya qalırıq. Iki-üç kilo ərzaq belə, burada ayaqlar altına atılıb, tapdanır.
Xatırlayırsınızsa, Əkrəm Əylisli vaqeəsindən əvvəl, oğulları şəhid olmuş bir qrup ana düçar olduqları haqsızlıqlara etiraz əlaməti olaraq.., Ermənistana üz tutacaqlarını bəyan etdilər. Bu çox ciddi hadisə idi və qəribə sükutun şahidi olduq…
Övladı gömrük sistemində işləyən bütün məddahlar, saxta deputatlar, bir sözlə, Zahid Oruc və Mirşahin başda olmaqla, 37-dən sonra doğulduqlarına şükür etdiyimiz hər kəs susdu…
Əkrəm Əylislinin qalmaqallı romanına gəlincə…
Zori Balayan, 7 yaşlı Xocalı körpəsinin dərisini öz əlləri ilə soymasını, sonra isə onun necə ölməsini seyr etdiyini təsvir edən “Ruhlarımızın dirilməsi” kitabını 17 il bundan əvvəl yazıb. Bir neçə yüz milyon kifayət idi ki, Mel Gibson “Apokalipsis”dən sonra dünyanı lərzəyə gətirən növbəti şedevr yaratsın. Iqtidardakılar bunu etmək əvəzinə, 19 ildir ki, dünyanın ən bahalı villalar “kolleksiyasını toplamaqla” məşğuldur.
Əkrəm Əylislinin kitabında, canlı şahidi olduğum hadisələrin təhrif olunmasını mən də qəbul edirəm və bu haqda yazacam. Amma rejimin təlaşı fikrimcə, başqa amillərdən qaynaqlanır. Yazıçı, riskə gedərək, rejimin ən çox qorxduğu alternativ yollardan birini göstərib.
Iqtidar fərqindədir ki, insanlar onlardan yaxa qurtarmaq üçün bir gün şəhid anaları və Əkrəm Əylislidən də dəhşətli yollara əl ata bilərlər…