“Dədə Qorqud” filmindəki bu səhnəni yəqin ki, xatırlayırsınız – düşmənə əsir düşmüş Qazan xan ələ keçməyini, türklərin əbədi “yuxu sindromu” ilə bağlayırdı. Əslində Qazan xan yuxunu ümumi məfhum kimi işlədirdi, söhbət hiylədən və namərdlikdən gedirdi. Qəvi düşmənin öncə türklərin arasına nifaq salıb onları parçalaması, daha sonra onları ayrı-ayrılıqda məğlub etməyə çalışması isə tarixi faktlara əsaslanır.
Yazıma YAP rəsmilərinin, eləcə də hökumət nümayəndələrinin müxalifətə xitabən işlətdiyi populyar fraza ilə başlamaq istəyirəm. Bu ifadə onların, demək olar, bütün çıxışlarının əzəl sonluğudur və təxminən bu cür səslənir – “yuxunuzda görə bilərsiniz!”. Bu həm də müsbət qiymətləndirilməlidir, çünki xalqın tələblərini ifadə edən müxalifətə rədd cavabı verilsə də, onların azad seçki və demokratiyanı yuxuda görmələrinə “etiraz” edilmirdi…
Azərbaycan müxalifətinin xalq qarşısında ən böyük xidməti bu oldu ki, o, bu illər ərzində “yatmadı” və hər fürsətdə xalqı, – Qazan xanın törəmələrini yuxudan oyatmaqdan yorulmadı. Saysız-hesabsız həbslər, təqiblər, fiziki və mənəvi işgəncələr bu insanların mübarizə əzmini qıra bilmədi.
…Fikir verirsinizsə, illərdir ölkədə buz bağlamış, kimyəvi üsulla “şişirdilmiş” toyuq budunun, dimedrollu arağın, bir də ən ucuz siqaretin qiyməti dəyişmir. Bu təsadüfi deyil, birbaşa yuxarıda bəhs etdiyimiz “Dədə Qorqud” dastanında oğuzlara qarşı işlədilən metodların müasir variantlarıdır. Iqtidar 20 ildir ki, qazancını yalnız birtəhər gündəlik ərzaq tələbatına sərf edən, səhərdən-axşamadək bir qarın çörəyə işləyən Qazan xanın törəmələrini bu cür “doyurur”, yuxusunu isə dimedrollu araqla “şirin” edir. Bütün bunlar sadə vətəndaşa təxminən 5-6 manata başa gəlir. Yerdə qalır bir neçə manat, darıxmayın, rejim onu da fikirləşib – Azərlotoreya!. Bir manata alınan “xoş xəyal”ın, diktorun ənənəvi “cek-pot yenə udulmadı” ifadəsi ilə sabaha qədər təxirə salınması, rejimin tamahının nə qədər sərhədsiz olmasına işarədir. Yəni rejim ən azı bu həssas məsələdə, yəni xalqı yuxuya verməkdə nəfsini saxlamalı idi, göründüyü kimi, onu da bacarmadı. Rusların çox yerində deyilmiş bir atalar sözü var – “jadnost frayera qubit” (artıq tamah baş yarar – X.Ə.). Artıq elə bir vəziyyət yaranıb ki, insanları daha bəhs etdiyim o toyuq budu və dimedrollu araqla aldatmaq mümkün deyil. Iqtidar atdığı son addımlarla bunun fərqində olduğunu bir daha sübut etdi. Yazımı bura qədər oxuyan hörmətli oxucu yəqin fikirləşir ki, mən rejim başbilənlərinin hansısa çoxgedişli siyasi manevrindən bəhs edəcəm. Yox, elə deyil, yanılırsınız. Sadəcə olaraq, bəhs etdiyimiz o toyuq budunun, dimedrollu arağın və siqaretin qiymətini qaldırdılar!!!
Yəni anladılar ki, xalqı artıq belə şeylərlə aldatmaq mümkün deyil. …Ismayıllı üsyanı, eləcə də Quba etirazları zamanı diqqətdən kənarda qalan bir məqamı oxucuların nəzərinə çatdırmaq yerinə düşərdi. Fikir verdinizsə, əhali yaranan qarışıqlıq zamanı mağazalara və yaxud ərzaq olan hər hansı bir obyektə hücum etmədi. Hədəf yalnız rayon əhalisinə zülm edən icra hakimiyyəti başçısı və ona aid qeyri-ərzaq obyektləri oldu. Yəni sadə vətəndaşlar rejimə mesaj verdilər ki, davamız bir qarın çörək tələbi deyil, bizimlə kölə kimi davranışa artıq dözə bilmirik. Yəni sosial tələblər arxa plana keçdi və insanlar birbaşa siyasi tələblər səsləndirdilər…
…Sovet Ittifaqı başda olmaqla, hazırda çökməkdə olan Bəşər Əsəd Suriyasına qədər bütün diktaturalarda insan amili əsas faktor idi. Bu sistemdə insanlar otuz yaşa qədər evlə, işlə təmin olunurdular. Hazırda tarixə qovuşmuş Qəzzafi rejimində ailə quran gənclərə ev almaq üçün verilən yardım 50 min dollardan başlayırdı. Ilk doğulan uşağa görə isə, birdəfəlik müavinət 4 min dollardan başlayırdı. Kifayətdir, məncə, uzatmağa ehtiyac yoxdur…
Toyuq budu və ucuz araqdan vaz keçən rejim hazırda vətənpərvərlik şüarı ilə, Oğuz elini yenə “yuxuya verməyə” çalışır. Telekanalları “işğal edən” sədəqə ziyalıları Qarabağ boyda xaricdə mülkü olan iqtidardan Qazan xan, Beyrək obrazı düzəltmək üçün bir-birinin ətini didirlər…
Heç olmasa Koroğlunu misal çəkin, qırışmallar!