«Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiya ilə Mübarizə Komissiyasının iclası keçirilmişdir».
Köşə yazarı kimi “Azadlıq” qəzetində fəaliyyətim dövründə ilk dəfə olaraq, çarəsiz duruma düşmüşdüm. Təsəvvür edin, təxminən yarım saatdan çox yuxarıdakı cümlədən sonra heç nə yaza bilmədim. Müxtəlif priyomlardan istfadə edərək, mövzuya girişib körpü yaratmaq istədim, alınmadı. Həyatım boyu rast gəldiyim və özümün də iştirakçısı olduğum anormal hadisələri xatırlamağa başladım. Hətta mövzunu da dəyişmək istədim, yapçı deputat Mübariz Qurbanlının Hadı Rəcəblini necə baqaja qoyması, buna qədərki söyüş haqda yalanlarından, AzTV-nin montajçını çörəyindən etmə cəhdindən yazmaq istədim. Əslində gözəl mövzudur, çünki bir daha əmin olduq ki, əgər YAP-ın ən bərkgedən deputatı belə artistlik edirsə, gör o biriləri nə gündədir. Yəni nə vaxtsa bunların hamısı bülbül kimi ötəcəklər. Məsələn, biri gəlib deyəcək ki, məndə filan nazirin zooparkından çəkilmiş mazoxizm elementləri ilə zəngin eksklüziv görüntülər var, o birisi gəlib deyəcək ki, “sizə mənim keçmiş hotelimdə (yaxşı səslənir, deyilmi, darıxmayın – X.Ə.) əməkdar artistlə yüksək keyfiyyətli yataq səhnəsi olan iri məmur videosu verə bilərəmmi?”. Demək istədiyim odur ki, lap yaxın zamanda professor Elşad Abdullayevin qalan bir neçə yüz videoları retro silsiləsinə aid edilə bilər. Odur ki, türklər demiş, “əlini çabuk tut, cənab Fellini”… Nə isə, xaltura etməyək, qayıdaq “korrupsiya qarşı mübarizə iclasına”, yəni mövzumuza…
Təxəyyülümün gücündən istifadə edərək, bu iclasın ilk 15 dəqiqəsini “canlandırmağa” çalışacam. Öncə onu qeyd edim ki, korrupsiyaya qarşı iclasın özü ən böyük korrupsiyadır, çünki iclasın gedişindən qısa fraqment səssiz olur, hədəf haqda sabah mətbuatdan oxuyuruq. Beləliklə, təsəvvür etməyə çalışaq…
“Prezident Aparatı, iclas salonu… Ziya Məmmədov, Kəmaləddin Heydərov, Füzuli Ələkbərov, Ramil Usubov və başqa nazirlər, Hacıbala Abutalıbov, Bəylər Əyyubovun sağ və sol əli olan məmurlar, birbaşa ailə biznesinə cavabdehlər sıra ilə oturublar… Salona Ramiz Mehdiyev daxil olur.
– Salam, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə komissiyasının növbəti iclasına başlayırıq!.
Şəxsən mənim versiyama görə, Ramiz Mehdiyev bu anonsdan sonra 15 dəqiqəlik fasilə elan edir və iclas iştirakçılarına bu vaxta qədər ürəkləri istəyən qədər gülüb-danışımağı, bundan sonra isə, ciddiləşməyi tövsiyə edir. Gəlin amansız olmayaq, oradakı məmurlar psixi cəhətdən normal insanlardır və çox gözəl fərqindədirlər ki, ölkədə onlardan başqa korrupsioner yoxdur və ola da bilməz. Bir az dəqiqləşdirək, təsəvvür edin ki, hansısa jurnalist onların birindən, məsələn, elə Səlim Müslümovdan müsahibə götürməyə gedir və onu görən kimi deyir: “Salam, xoş gördük, ay kəndirbaz!”. Səlim müəllim mütləq jurnalistin ruhi xəstə olduğunu zənn edəcək və onu kabinetdən uzaqlaşdırmaq üçün mühafizəni çağıracaq. Məntiq ondan bunu tələb edir. Əslində Ramiz müəllimin iclas anonsu da elə jurnalistin qeyri-adi salamına bənzəyir, yəni korrupsionerin antikorrupsiya iclasında məlum rəsmi statusda, yəni “əncam çəkəcək tərəf” kimi oturması elə kəndirbazlıq kimi bir şeydir. Jurnalistlə olan vaqeədən fərqli olaraq, ikinci vəziyyətdə o başqa cür davranmağa məcburdur.
Ramiz müəllimin anonsundan sonra, anadangəlmə yumor hissindən məhrum olan məmurun çöhrəsinə təbəssüm qonacaq, çünki iclas qapalı keçirilir və orada yalnız korrupsioner məmurlar olur. Mən 15 dəqiqəlik gülmək “mola”sından (əminəm ki, Gülər Əhmdova olayından sonra bu mola uzadılıb – X.Ə.) sonrakı vəziyyətə asanlıqla giriş verə bilərəm “köməkçilərdən kimsə, Ramiz müəllimə xatırladılır ki, bu gün növbə filan nazirliyindir, o da acıqlı şəkildə deyir ki, bilirəm, keç otur yerində”.
Etiraf edim ki, iclasın gedişini təsvir etməyə təxəyyül və fantaziyam çatmır. Məsələn, Ali Məhkəmə sədrinin bəraət dolu nitqini və irəli sürülən sifariş və rüşvət ittihamlarını rədd edən cavabını təsəvvür və həzm etmək üçün ilk növbədə insan gərək özünə qalib gəlsin. Məsələn, mən üzüm qızarmadan iddia etməliyəm ki, orta məktəbdə oxuduğum zaman tənəffüsdə direktor başda olmaqla, müəllimlərin həmişə gizlənqaç və ənzəli oynadıqlarını öz gözlərimlə görmüşəm…
Bunu iddia edəcək sifət məndə olsaydı, çox güman ki, həmkarım(!) Hadı Rəcəbliyə zəng edib, Mübariz Qurbanlı haqda nə fikirləşdiyini soruşardım…