Fikir verdinizsə, Ismayıllı hadisələrindən bir neçə gün sonra Yeni Azərbaycan Partiyasının rəsmi şəxsləri böyük təbliğat-təşviqat briqadası toplayaraq, ciddi mühafizə ilə tələm-tələsik rayona getdilər. Həmin günün axşamı isə, telekanallar əhaliyə yarısı Bakıdan getmiş və o biri yarısı icra nümayəndələri, məktəb direktorları və bələdiyyə başçıları olan bir toplantı sırımağa çalışdı. Məntiqə görə, Bakıdan gedən YAP rəsmiləri rayonun 106 yaşayış məntəqəsindən biri icra nümayəndəsi, bələdiyyə sədri və məktəb direktoru daxil olmaqla 300-dən çox yapçının iştirak etdiyi auditoriyada olmalı idilər. Hətta mən deyərdim ki, bu görüş, məntiqə görə, açıq havada olmalı idi, çünki narazı xalq məhz küçələrə tökülmüşdü. Bütün dünyada oxşar məqamlarda, hakim partiya rəsmiləri xalqın qarşısına çıxır, həmin bölgədəki tərəfdarları vasitəsi ilə hər hansı bir formada balans, bir az kobud dillə desək, siyasi əzələ nümayiş etdirir, şəhərin başqa bir səmtində hakimiyyətə dəstək mitinqi təşkil edir.
Ismayıllıda biz YAP adlı partiyanın varlığını yalnız televiziya və mətbuatdan duyduq. Küçələrdə narazı xalq, silah, dəyənəklə silahlanmış polis və zirehli texnika gördük…
YAP-ın rəsmi saytında rayon təşklatları bölümünə girsək, məlum olur ki, Ismayıllı rayon təşkilatının 86 ərazi təşkilatı və 7062 üzvü var. Bu 7062 nəfər həm də o deməkdir ki, rayonda təxminən bu qədər büdcədən maaş alan var. Qalanı özəl iş yerlərində çalışır və yaxud işsizdir. 80 min əhalisi olan rayon əhalisinin hansı vəziyyətdə yaşadığı bu müqayisədən apaydın görünür. Nə isə, qayıdaq əsas məsələyə…
Istər Quba, istərsə də Ismayıllı olayları bir daha sübut etdi ki, hakmiyyətin ölkədə heç bir sosial dayağı yoxdur, ölkədəki sabitliyi hələlik… yüksək hazırlıqlı çevik polis dəstələri qoruyur. Yəni hakimiyyət xalqla “dialoq”u güc strukturları vasitəsi ilə qurur. Tarixdə bu cür rejimlərə xunta rejimi deyirlər. Dövlət başçısı Ilham Əliyev haqda xarici KIV-də gedən kəskin tənqidi yazılardan yox, onun müsahibə verdiyi bir xarici telekanalın onun haqqında dediyi bir cümləni nəzərinizə çatdırmaq istəyirəm – “Ilham Əliyev onun diktator adlandırılmasına çox qəzəblənir və bu fikri rədd edir”.
Lakin danılmaz fakt budur ki, ölkə yuxarıda hazırda diktatura rejiminin daha sərt və amansız növü olan xunta rejimi ilə idarə olunur. Biz diktatura dövrünü Heydər Əliyevlə keçdik – əzilən xalq və ədalətli padşah görüntüsü… Bəli, Heydər Əliyev hakimi-mütləq idi – diktaturanın ömrünü uzatmaq üçün görüntü xatirinə bəzən radikal addımlar atırdı və güclü siyasi təbliğat maşınını işə sala bilirdi.
YAP-ın Ismayıllı “reveransı” da Heydər Əliyev dövründən qalma, lakin qapalı formada icra olunan bir ayindir. Yəni siyasi mübarizədə biz də varıq.
Lakin hadisələrin gedişi onu göstərdi ki, hakim partiya yox dərəcəsindədir – bu partiya bir nazirin ərköyün və şıltaq oğluna uduzdu. Partiyanın ən güclü ruporu olan “Səs” qəzeti isə, daha irəli gedərək, “papanın gül balasına” bəraət qazandırdı.
Əlsində bu uşaq deyil, o, Ismayıllı xanədanının vəliəhdidir, siyasi varisdir, 7062 nəfər yapçının əsas vəzifəsi onun qulluğunda durmaq, qorumaq idi, “bacarmadılar”. Lakin hadisələrin sonrakı mərhələsində YAP-ın “Baş ofisi” bunu onların əvəzinə etməyə çalışdı və guya bunu bacardı. Olsun…
Əslində o 7062 nəfər yapçı deyil, məcburi şəkildə üzvlük haqqı alınanlar idi. Bu səbəbdən onlar digər haqqı tapdananlara qarşı çıxmadılar, çünki o haqqın bu haqla heç bir fərqi yox idi.
Qəribədir ki, rayonlar zülmə qarşı ayağa qalxdıqca, “bakılı yapçılar” orada müxalifəti saymağa başlayırlar, Ismayıllıda bir neçə yüz müxalifətçi olduğunu etiraf etdilər. Pis başlanğıc deyil…
Futbolda bir yazılmamış qanun var, uduzan komandanın məşqçisi oyundan sonra qalib həmkarının əlini sıxır və bununla da məğlubiyyətini etiraf edir. Bu elə siyasi mübarizəyə də aiddir. Uzağa getməyək, parlament seçkilərində uduzan M.Saakaşvili, rəqibinin əlini sıxdı.
Ismayıllı hadisələrindən sonra, ilk dəfə olaraq, YAP ölkədəki müxalifəti etiraf etdi. Bunun “birtəhər” ifadəsini boş verin, nəzərə alın ki, onları 19 il buna məcbur ediblər…