Sovet kinematoqrafiyasının incilərindən sayılan “Səhranın bəyaz günəşi” filmində Cövdət adında çox maraqlı (!) bir xəyali obraz var. Film onunla başlayıb onunla qurtarsa da, tamaşaçı bu obrazı canlı olaraq görə bilmir. Dahi ssenarist Rüstəm Ibrahimbəyov, özünəməxsus bir bacarıqla filmdəki bütün süjetləri onunla bağlaya bilib. Digər qəhrəman olan Səidin atasını öldürən və onun əl-qolunu bağlayıb quma basdıran Cövdətin çox əhəmiyyətli bir fiqur olduğu filmin ortalarında daha qabarıq üzə çıxır. Cövdəti öldürməyə qərar vermiş Səid, təsadüfən başqa bandit Abdullanın bir neçə adamını öldürür və amansız quldur bunu ona bağışlayır. Aydın olur ki, Cövdət onun da əzəli rəqibidir və ən əsası Abdulla inanırdı ki, onu yalnız Said kimi cəsur bir insan öldürə bilər. Bu səbəbdən hətta Səidə onun vadidə olduğunu da söyləyir. Maraqlı odur ki, film boyu Cövdət öldürülmür, amma tamaşaçı əmin olur ki, çox yaxında Səid mütləq onu öldürəcək. Filmin baş qəhrəmanı Suxov Səidin köməyi ilə bütöv bir quldur şəbəkəsini məhv edir. Düzdür, qurbanlar da verir, Abdulla onun əsgəri Petyanı və günahsız qadın Gülçatayı öldürür, amma o məqsədinə çatır və bölgə quldurlardan təmizlənir.
…Nə qədər mistik görünsə də, Azərbaycanda baş verənlər mənə “Səhranın bəyaz günəşi” filmindəki hadisələri xatırladır…
Elşad Abullayev birmənalı olaraq, atası öldürülmüş və var-dövləti əlindən çıxmış Səidin müasiridir. Professor qardaşının qanının yerdə qalmaması üçün hər şeyə getməyə hazırdır və bütün vasitələrdən istifadə edir. Əsas silahı olan göndərdiyi videolarda Elşad Abdullayev hakimiyyətin yalnız problemi olduğu bir qolunu – Ramiz Mehdiyevə bağlı şəbəkəni hədəfə alıb. Amma bu videolar geniş mənada ölkənin necə idarə olunduğu haqda tam təsəvvür yaratdı və şok effekti verdi. Nələr yoxdu bu videolarda – biz ölkədə keçirilən seçkilərə, icra hakimiyyəti başçılarının təyinatına, hüquq-mühafizə orqanlarının fəaliyyətinə, təhsilə, mədəniyyətə, şou-biznesə, idmana və digər sahələrə amansız və repressiv nəzarətin şahidi olduq (Idman sizə təəccüblü gəlməsin, Alı Qocayevin professora “verdiyi” diplomatın aqibətini xatırlayın – X.Ə.). 1993-2012-ci il Azərbaycanı, demək olar, bu kadrlardadır…
Bu gün videolarla bağlı növbəti qənaətimi də sizinlə bölüşmək istərdim..
Məlumdur ki, Elşad Abdullayev 20 minlik tələbə ordusu olan Azərbaycan Beynəlxaq Universitetinin rektoru idi. Ramiz Mehdiyev isə, Prezident Aparatı Administrasiyasının rəhbəridir. Ölkədə təhsildən sorumlu olansa, Misir Mərdanovdur. Yəni təhsil haqda sualları prezident ilk növbədə ona ünvanlayır. Məntiqlə problemdə Misir Mərdanovun iştirakı hər hansı bir formada qabarmalı idi. Mehdiyevin elmi dərəcəsi olmayan qohumunun təyinatına yumşaq etirazını çıxsaq, nazirlik tamamilə görünmür… Yaxud götürək seçki ilə bağlı səhnələri, MSK sədri Məzahir Pənahovun adı bir dəfə epizodik şəkildə çəkildi. Onda da MSK-nın binası ifadəsi əvəzinə “Məzahirin ofisi” kimi. Yəni M.Pənahovun adı yalnız səlahiyyət sahibi kimi yox, sadəcə yer zərfliyinə əlavə kimi, ünvan daha aydın olsun kimi səsləndi…
Biz Ramiz Mehdiyevi həm təhsil naziri, MSK sədri, Daxili işlər naziri və Baş Prokuror kimi (qalanına siz qərar verin – X.Ə.) görürük. Yalnız bir dəfə onun əsl vəzifəsi xatırlanır – mərhum Sevinc Babayeva Elşad Abdullayevin qardaşının Binəqədi rayonuna icra başçısı keçməsi üçün xidmətlərini təklif edəndə…
Yeri gəlmişkən qeyd etməliyəm ki, mərhum Sevinc Babayeva məşhur filmdəki Gülçatayla eyni aqibəti yaşadı…
Elşad Abdullayev məsələləri o qədər çılpaqlaşdırdı ki, hazırda ortada iki “məntiqi yanaşma” qalıb. Biri o birinə nəzərən nə qədər ağlamalı olsada, qeyd etməyi özümə borc bilirəm.
Bunlardan birini şərti olaraq “Zahid Oruc” məntiqi adlandıraq. O təxminən belə səslənir: “Ramiz Mehdiyev PA rəhbəri olmaqla bərabər həm də, təhsilimizin himayədarıdır. Heç bir elmi dərəcəsi olmayan qohumunu ABU-ya prorektor təyin etdirməklə, o bunu bir daha sübut etdi”.
Ikinci məntiqi yanaşmanı isə şərti olaraq, “cəmiyyət” adlandıraq:
“Ramiz Mehdiyev heç bir elmi dərəcəsi olmayan qohumunu ABU-ya prorektor göndərməklə, gözünə ”yağlı tikə” kimi görünən bu universiteti ələ keçirmək istəyib”.
Cəmiyyət bu iki məntiqdən birini seçməlidir…