Binə aksiyasından çəkilən kadrlarda insanların rezin güllələrdən belə çəkinmədiyi aydın görünürââdü. Mən bu səhnəni 1990-cı il Yanvar hadisələrində görmüşəm. Lakin o zaman güllə atan başqa millətin nümayəndələri idi. Çox ağrılı, utancverici bir səhnənin şahidi olduq. Bu hadisə Əliyevlər rejiminin 19 illik hakmiyyətinin məntiqi sonluğudur. Insanlar itirilmiş ən primitiv haqlarını tələb edirlər. Çörək davasına çıxan biçarələrə atəş açmaq əmri verən rejim isə, xalqa müharibə elan etməkdə israrlıdır. Onlar Azərbaycanı vətəndaş müharibəsinə sürükləyir…
…Ölkədə tüğyan edən məmur özbaşınalığı o həddə çatıb ki, artıq insanlar axşam evə gedərkən ailəsinin üzünə baxmağa xəcalət çəkir. Son 19 ildə sadə Azərbaycan vətəndaşları zaman-zaman valideynlərinin onlara qoyub getdiyi mirası artırmaq əvəzinə, qalan hər şeyi də itirdi. Nələr yaşamadı ki, soydaşlarımız… “Vahidbank” kələyi, vauçer hoqqası, “loxotron”lardan sonra açıq şəkildə öz dövləti tərəfindən soyulmağa başladı. Mənzil fırıldağı, evsökmə, şərlənib cibinə nəşə, evinə silah atıb var-dövləti əlindən alınanlar, əsrlər boyu balıqçılıq, meyvə-tərəvəz, gül-çiçək yetişdirməklə ailəsini dolandıranlar hazırda çarəsiz durumdadırlar. Ölkəni tərk edənlərin sayı ildən-ilə artır, təkcə Rusiya 2011-ci ildə nə az, nə çox, 500 min vətəndaşımızı qəbul edib. Bu rəqəm onların rəsmi dövlət saytından götürülüb.
Evini sökdülər və sirkə içib intihar etdi…
Mən bir məsələyə də aydınlıq gətirmək istəyirəm.
Tez-tez baş verən intiharlar haqda hüquq-mühafizə orqanlarının verdiyi açıqlamalarda belə yazılır – “mərhumu tanıyanlar onun psixi problemləri olduğunu deyirlər”. Yəni loru dildə desək, mərhum dəli imiş…
Bu cür ölüm elanı gedən bir neçə mərhumu mən şəxsən tanıyırdım. Biri taksi şoferi idi, Binqədi ərazisində ev tikmişdi, sənədləri də qaydasında idi, evinin dörd tərəfində nə buruq görünürdü, nə yaxınlıqdan neft kəməri keçirdi. Beləcə bir ailə də başsız qaldı.
Fikir vermisinizsə, eyni səbəblərdən kütləvi intiharlar da müşahidə olunur. Bu əsasən zorla dədə-baba peşəsindən əl çəkməyə məcbur edilənlərdi. Məsələn, Xəzərsahili yaşayış məntəqələrində balıqçı intiharları yəqin xatirinizdədir. Belə bir mərhumun yasında qardaşının dedikləri isə intihar qədər dəhşətlidir… Onun bu əməlindən qəzəblənən və onun da körpəsinə baxmaq zorunda qalan qardaşı onu “aradan çıxmaqda və onu qabaqlamaqda” günahlandıraraq, tezliklə özünün də intihar edəcəyini bəyan edir. Faciədir, deyilmi? Bu faciənin adı isə məmur tamahkarlığıdır.
Bütün fırıldaqların əksəriyyətinin arxasından məmur çıxır. Bu yaxınlarda paytaxtın Nəsimi rayon icra hakimiyyətində işləyən bir vəzifəli şəxsin Bakıdakı məşhur klinikaların birində işləyən bir qızla əlbir olaraq, fırıldaq yolu ilə vətəndaşlardan 500 min manat pul qoparmağı haqda xəbər yayıldı. Məhkəmə zamanı qız zərərçəkənlərə deyib ki, özünüzə əziyyət verməyin, bir qəpik də ala bilməyəcəksiniz, görmürsünüz arxamda kimlər durur (bu haqda əsrarəngiz fırıldaq haqda növbəti saylarımızda ətraflı yazılacaq – X.Ə.)
Bəli, sual oluna bilər, necə oldu ki, bu xalq ayılmağa başladı, ayrı-ayrı kəsimlər öz haqlarını tələb etməyə başladı? Nə baş verir axı?
Bəziləri, xüsusən də məmurlar bunun fərqində olmasalar da, demək zorundayam – ölkədə tarixi proses gedir və bu prosesi dayandırmaq mümkün deyil. Bu, insanların öz haqları uğrunda mübarizəsidir. Azərbaycan kimi avtoritar ölkələrdə belə mübarizənin başlaması üçün bir və bir neçə zəruri şərtin yetişməsi lazım idi…
Fikir verdinizsə, ölkəni ayağa qaldıran əsgər Ceyhun Qubadovun ölümündən sonra hakimiyyət bir addım geri çəkilməyə məcbur oldu, ölkə tarixində ilk dəfə olaraq baş prokuror ölən əsgərin anasını qəbul etdi. Və ana etdiyi çağırışdan imtina etsə də, cəmiyyət və övladları qeyri-döyüş şəraitində həlak olan valideynlər yanvarın 12-nə təyin olunan “əskər ölümlərinə son” aksiyasından imtina etmədilər. Rejim sarsıdıcı məğlubiyyət aldı və geri çəkildi…
Və artıq hər kəs anladı ki, haqqını tələb etmək o qədər də qorxulu deyil və bu yeganə çıxış yoludur.
YAP rejimi nəhayət, anlamalıdır ki, tarixdə öz xalqı ilə qarşıdurmadan qalib ayrılan iqtidar yoxdur…