Illərdir qeyri-döyüş şəraitində ölən əskərlərimiz haqda Milli Məclisin bir-iki, ifadəmə görə üzr istəyirəm, ştatlı və yekəbaş deputatları oxşar açıqlama verirlər. Diqqətlə fikir vermisinizsə, hər dəfə də eyni ifadəni işlədirlər – “Ordudur da bə, burda da ölüm olmasın, bəs harda olsun?”.
Şəxsən mənə də ordu haqda yazmamağı dəfələrlə “məsləhət” görənlər də oldu – “ay ehtiyatla yaz, kövrək mövzudur”, “düşmən xəbər tutub, hücuma keçər, altından qalxa bilmərik”, “ordu xalqın yeganə ümid yeridir” və s. Xülasə hər yazımdan sonra “hərbi-vətənpərvərlik” təranələrindən bezirdim və etiraf edim ki, uzun müddətdir bu haqda yazmırdım.
Hətta bir dəfə sadəcə əsgərlərimizin menyüsündən yazmışdım, yazmışdım ki, bir əsgərə çəkilən xərclər və yeməyin kaloriliyinə görə ABŞ və Israildən sonra üçüncüyük. Yenə dedilər ki, bu da sirrdir, düşmən xəbər tuta bilər. Haqlı idi, adam, bax, bu çox dəhşətli sirrdir.
Bəli, əziz oxucu, fakt budur ki, dövlət büdcəsindən ağlasığmaz vəsait ayrılır ordu adına, amma bu yalnız iri rütbəli general və zabitlərin və onu ayıran məmurların məişətində hiss olunur. Mən təsadüfən qonşuluğumdakı mebel mağazasından bir generalın ərə gedən qızı üçün cehiz daşıma mərasiminin şahidi olmuşam, təsəvvür edirsinizmi şəhərin həmin bölgəsində hərəkət bir saat iflic oldu. Israil və yaxud ABŞ əsgərinin təkbaşına qaldıra biləcəyi adi yazı stolunu, generalımızın 6 əsgərinin güclə maşına qaldırdığını öz gözlərimlə gördüm. Mağazadan çıxan generalın isə hər iki çiynindən… Günəşə doğru iki işıq şüası hərəkət edirdi. Qızıl suyuna çəkilmiş (bəlkə də qızıldan) ulduzlara, müxtəlif xəncər şəkillərinə, atributlara və digər (!) aksessuarlara sovet dövrünün müharibə veteranı olan marşalı(!) belə həsəd apara bilərdi…
Orası da sirr deyil ki, Murov və təmas xətti valideynlər üçün kabusa, çağırışa cavabdehlər üçün isə yağlı tikəyə çevrilib. Bu gün istənilən əsgər valideynini dindir, deyəcək ki, övladımı güc-bala ilə Murova getməkdən qurtara bildim. Burada “güc-bəla”, onun topladığı məbləğə işarədir.
Ordudakı ölümlər də artıq gəlir mənbəyinə çevrilib, hətta mərhum gəncin valideynləri də qatilin layiqincə cəzalandırılması üçün rüşvət verməyə məhkumdurlar. Bundan başqa.., lənət şeytana, yazmıram, bu, sadəcə utancverici bir faktdır.
Bəzən bütün günahları müdafiə naziri Səfər Əbiyevdə görürlər. Diqqət edin, fəlakətli təhsilə görə Misir Mərdanovu, yolların bərbadlığına görə Ziya Məmmədovu, şübhəli qəbula görə Məleykə Abbaszadəni, dələduz mədəniyyət işçilərinə görə Əbülfəs Qarayevi, vətəndaşların cibinə nəşə, patron atıb həbs etdiyinə görə Ramil Usubovu hədəfə gətirmişik. Çox məntiqsiz bir yanaşmadır, kimsə inciməsin və rejimin bu oyununa gəlməsin. Alınan rüşvətin, satılan hər sot torpağın pulu qəpiyinədək bəlli fonda keçirilir. O ki qaldı nazirlərə və iri məmurlara, bunlar Ilham Əliyevin könüllü girovlarıdır, yəni adını çəkmədiyim nazirin təbirincə desək, “nəvələrinə belə düşmən qazanmış” qorxaq və tamahkarlardır.
Düşmən deyəndə ağlınıza başqa şey gəlməsin. Azərbaycan xalqını nəzərdə tuturlar. O ki qaldı əsas düşmənimiz olan erməni işğalçılarına, bütün məsuliyyətimlə iddia edirəm ki, ermənilər son 19 ildə… 9 əsr ərzində arzuladıqları bir “düşmən”lə qarşı-qarşıyadırlar. Özümüzü onların yerinə qoyaq, düşmənləri patronsuz-filansız ölür, 19 ildir işğal etdikləri əraziləri çapıb-talayırlar, qarşı tərəf isə, boş-boş bəyanat verməklə məşğuldur. Hərdən eşidilən güllə səsləri isə, Ilham Əliyev rejiminə bir hədiyyədir. Murov və təmas xəttində “qiymətlər” artır.
Xatırlayırsınızsa, illər oncə ANS-in “əfsanəvi” reportyoru Qənirə Paşayeva qonşu Gürcüstanda “şübhəli marşrutlu” 300-ə yaxın yanacaq dolu çənlər bulmuşdu. Bir neçə gün həyəcanlı anonslardan sonra, rabitə “itdi” və Qənirə Paşayeva deputat oldu(Hörmətli vəkilimiz, dəyər verdiyim Aslan Ismayılovun nəzərinə – X.Ə).
Hazırda özünü çox rahat hiss edən Ilham Əliyev bu yaxınlarda Ermənistan-Azərbaycan münasibətlərində yeni bir ilkə imza atdı. Dövlət şirkətimiz olan ARDNŞ Ermənistan-Gürcüstan sərhədinin bir kilometrliyində yanacaqdoldurma məntəqəsi tikməklə, bu məsələni kökündən həll etdi…