Ilin sürəti – “O qədər sürətlə inkişaf edirik ki, deyirlər bəzi hallarda ki, bəlkə bir az yavaşlayaq! Çünki biz bir qabağa gedəndə başqalarını qıcıqlandırırıq. Bəlkə də burda məntiq var, amma biz sürəti azalda bilmərik” (Ilham Əliyev, Azərbaycan Respublikasının prezidenti)
Ilin etirafı – “Vicdan azadlığı, din azadlığı deyirlər. Mən 33 ildir şeyxülislamam, hələ vicdanın nə olduğunu bilmirəm. Vicdan azadlığı sözünün tam mənasını indiyə qədər mən özüm üçün ayırd edə bilmirəm” (Allahşükür Paşazadə, QMI rəisi, şeyxülislam)
Ilin dəmir məntiqi – “Əgər E.Abdullayev 2 milyon ABŞ dolları pulu Milli Məclisə düşmək üçün Gülər xanım Əhmədova vasitəsilə Prezident Adminstrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevə göndərmişdisə, onda nə üçün deputat seçilməyib və bu gün Strasburqda məskunlaşıb?” (Çingiz Qənizadə, deputat)
Ilin deputatı -Bu, Milli Məclisin rəsmi şəkildə təqdim etdiyi “ilin ən fəal deputatı” mükafatının sahibi Gülər Əhmədovadır. Bu mükafat ondan geri alınmayıb.
Ilin “ağlayan” deputatı – “Sövet dövründən qalma əmanətim təxminən, 700 rubldur” (təxminən 15 AZN) Hadı Rəcəbli, deputat.
“Palıdlı Sahil” istirahət mərkəzində (deputatın Lənkərandakı obyekti) isə, bir çaynik çay – mürəbbə ilə – təxminən o qiymətədir.
Ilin şilləvuranı – Bu, deputat Qüdrət Həsənquliyevdir. Gürcüstanın baş nazirinin qulağının dibindən şillə vurulmasının bu iki ölkə arasında münasibətlərə əhəmiyyətli dərəcədə təsiri olacağını hələ də israr edir.
Ilin qardaşı – Bu, heç şübhəsiz, sabiq deputat Gülər Əhmədovanın qardaşı, ANS-dəki “Günəbaxan”ın aparıcısı Ilqar Mikayıloğludur. Şəxsən mən bunu onun sosial şəbəkədəki məlum açıqlamasından sonra bildim…
Ilin ən uğursuz süjeti – Bu, ANS-in jurnalist Mirşahinin Gülər Əhmədova haqda hazırladığı “Yasamalılı qız” süjetilə “qaş düzəltdiyi yerdə vurub gözü çıxardı”. Kömək etmək istədi, amma rəsmi dairələrdə qıcığa səbəb oldu, bundan zərəri isə, deputat xanım gördü.
Ilin məscidi – Tovuzun Əlimərdanlı kəndindəki Allah evi Heydər Əliyev muzeyinə çevirilib. Məscidin böyük bir hissəsində Heydər Əliyevin büstü, portretləri, onun kəlamları olan lövhələr yer alıb.Bu yeganə hal deyil..
Ilin tortu – Bir neçə ildir ki, Gəncənin sabiq, Sumaqayıtın hazırkı icra başçısı Eldar Əzizov bu nominasiyada qalib gəlir. Hakimiyyətin dəyişməsi durumunda onun “tort məhbusu” olması üçün bircə sahibkarın etirafı kifayətdir. Mən tortun əleyhinə deyiləm, amma onu ehtiyacı olan insanlara elə vermək lazımdır ki, utancverici səhnələr yaranmasın. Məsələn, kəsib uşaq evlərinə, ehtiyacı olanlara verilsin.
Ilin aləti – Bu əlbəttə ki, Ramiz Mehdiyevin atvyorkasıdır.
Ilin nankoru – Söhbət Ana Vətən Partiyasının sədr müavini, deputat Zahid Orucun ustadının üzünə ağ olmasından gedir. Fəzail Ağamalının övladlarına belə etmədiyini ona etdiyini nəzərə alsaq, buna başqa ad vermək olmaz.
Ilin nəvəsi – Bu, bəlkə də siyahımızın ən mübahisə doğurmayacaq nominasiyasıdır. ITV direktoru Ismayıl Ömərov nəvəsini uşaq “Avroviziya” yarışmasına göndərdi, 12 iştirakçı arasında 11-ci olduq. Ismayıl müəllim isə, jurnalistlərin bu mövzuda suallarına “əcəb edib” deyə reaksiya verdi…
Ilin millətçi xanımı – Bu, Rövşanə Əliyevadır. Baxmayaraq ki, onu Elşad Adullayevin videosunda başqa ampluada görürük, amma xanım israrlıdır…
Ilin ən “mədəni” açıqlaması – “Rayonlarda mədəniyyət və turizm şöbəsinin, kitabxanaların, muzeylərin müdirləri cəmiyyətdə sayılan və hörmət edilən insanlar olmalıdır. Ancaq mən məlumatlar alıram ki, hardasa pul oğurlayıblar, hardasa stol ”siliblər” və bu cür hərəkətlər ediblər. Iki rayonla bağlı məsələni Respublika Prokurorluğu səviyyəsində müzakirə etməyə məcburamÿ(Əbülfəs Qarayev, Mədəniyyət və Turizm naziri).
Ilin qudaları – Xalq artisti (manıs – X.Ə.) Səməd Səmədov və manıs Nadir Qafarzadəini itlərinin münasibətlərini rəsmiləşdirmək qərarına gəldiklərini ölkə televiziyalarından duyduq.
Ilin futbol matçı – Fələstin-Azərbaycan 2:0
Ilin idman adamları – AFFA prezidenti, Rövnəq Abdullayev (futbol), Kəmaləddin Heydərov (qalan idman növləri)…
Ilin legionerləri – Azərbaycana Londonda 6 olimpiya medalı qazandıran, əcnəbi idmançılar – Şərif Şərifov (Rusiya, güləş) – qızıl, Mariya Stadnik (Ukrayna, güləş) gümüş, Yuliya Ratkeviç (Belarus, güləş) – gümüş, Valentin Xristov (Bolqarıstan, ağırlıq) – bürünc, Xetaq Qazyumov (Rusiya, güləş) – bürünc, Məmmədrəsul Məcidov (Rusiya, boks) – bürünc…
Nəhayət, ilin adamı – Bu, əlbəttə, Elşad Abdullayevdir. Fransadan göndərdiyi videolarla, əyani olaraq rejimin, 9 milyonluq xalqın başına hansı oyunları gətirdiyini göstərdi…