Prezident Ilham Əliyev, MOK-un yığıncağında, Ramiz Mehdiyevin mandat bazarından, formalaşdırdığı ailə hakimiyyətinə Nərimanov Rayon Məhkəməsinin hakimi Ağababa Babayevin, sabiq deputat Gülər Əhmədovanın verdiyi “tərif”dən danışmaq əvəzinə, yenidən müxalifətə qarşı hucuma keçdi. Guya biz müxalifət olaraq, London Yay Olimpiya Oyunlarında qazanılan “uğurlar”a sevinmirmişik. Mən, əsas məsələlərə keçməmişdən əvvəl, bir az “London-2012″ məsələsinə aydınlıq gətirmək istəyirəm, qərarı isə oxucuların ixtiyarına buraxıram. Beləliklə, nə baş verdi Londonda?
Londonda Azərbaycanın idman ölkəsi olması mifi dağıldı. Bunun üçün sadəcə statistikaya nəzər yetirmək kifayətdir. Buyurun, birlikdə baxaq:
Qazanılan 10 medalın 7-si güləşdən (bəs digər növlər?) gəldi, biri ağır atletikadan, ikisi boksdan. 20 ildir idmana “qayğı” göstərən rejim, bu medalların ən əhəmiyyətlilərinin xaricdən dəvət etdiyi idmançıların hesabına qazandı. 2 qızıl, 2 gümüş, 6 bürüncün neçəsinin onların qazandıqlarını diqqətinizə çatdırmaqla, olimpiya söhbətini(!) yekunlaşdırmağa çalışaq. Beləliklə…
Şərif Şərifov (Rusiya, güləş) – qızıl, Mariya Stadnik(Ukrayna, güləş) gümüş, Yuliya Ratkeviç (Belorusiya, güləş) – gümüş, Valentin Xristov (Bolqarıstan, ağırlıq) – bürünc, Xetaq Qazyumov (Rusiya, güləş) – bürünc, Məmmədrəsul Məcidov (Rusiya, boks) – bürünc…
Yerdə qaldı, bizimkilərin qazandığı… 4 medal, biri qızıl, üçü isə bürünc…
Nəyə sevinək, yaxud da iqtidar nəyə sevinir? Maraqlıdır, deyilmi?..
…1992-ci ildə, müharibə aparan Elçibəy hakimiyyəti isə, vaxt tapıb(!) bir neçə idmançını Barselonaya göndərdi və 2 idmançımız, köklü bakılılar Nazim Hüseynov və Valeri Belenki qızıl medalla Vətənə döndülər…
Olimpiya tariximizin ən möhtəşəm çempionu, final yarışlarında işlətdiyi ipponların üçü cüdonun əbədi “101 qızıl fəndi”nə düşmüş Nazim Hüseynova “qayğı”nın VAZ-2107 ilə (!) ifadəsinə isə adı siz verin. Bu haqda bu qədər…
Prezident həmin görüşdə müxalifəti aşağılamaqla bir şeyi unudur ki, nə müxalifət liderlərinin, nə də biz yazarların etika və tərbiyəsi imkan verməyib ki, onu özünə sadiq bildiyi komanda üzvləri qədər aşağılasın. Fərmanla təyin etdiyi hakimin və ən çox seçilən deputatın söylədiklərinə, nəhayət, sağ əli saydığı Ramiz Mehdiyevin hansı işləri çevirdiyini görmək istəməməsinə nə ad vermək olar? Cavab birmənalıdır. Başda prezident olmaqla, digər məmurların da son 19 ildə yalnız bir məqsədləri olub – Azərbaycanı mümkün qədər çox talamaq, onun sərvətlərini ölkədən çıxarmaq və bu yolda istənilən addımdan çəkinməmək…
Dövlət rəhbəri müxalifətin ermənilərlə bir düşərgədə olduğunu(!) iddia etməklə ilk növbədə özünü və komandasını çətin vəziyyətə salır. Bu arqument ölkənin və onun idmanının inkişafı kimi bir şeydir və artıq bu populist şüarlar çox köhnəlib. Tam məsuliyyətlə deyirəm ki, ermənilər bu iqtidarın hakimiyyətdə qalması üçün işğal etdikləri torpaqların bir qismini son anda güzəştə də gedəcəklər. Səbəb çox sadədir…
Ermənilərin gətirdikləri əsas arqumentlər ölkədəki ictimai-siyasi vəziyyətlə bağlıdır. Insanların seçki hüququnun olmadığı, korrupsiya və rüşvətin baş alıb getdiyi, adi fəhləlikdən tutmuş, deputat mandatına qədər bütün vəzifələrin alınıb-satıldığı bir ölkədə yaşamaq istəmədiklərini bəyan etməklə, 19 ildir ki, Qarabağda möhkəmlənirlər. Azərbaycanda demokratiyanın bərqərar olması, iqtisadi qüdrətinin vətəndaşların rifahına sərf edilməsi, separatçı ermənilərin fiaskosu deməkdir ki, buna da Əliyev rejimi imkan vermir. Regiondakı əhəmiyyətinə görə, Avropa birliyinə birbaşa daxil olma şansımız çox yüksəkdir və bunu ermənilər çox gözəl anlayırlar. Onu da anlayırlar ki, bu, Əliyev rejimində mümkün olmayan bir şeydir. Qonşu Gürcüstanın işğal olunmuş ərazilərini bu yolla geri qaytaracağı ilə hətta işğalçı Rusiya da barışmağa məcburdur. Sadə abxazlar və osetinlər rus pasportunu Avropa vətəndaşı pasportuna dəyişmək üçün gün saydıqlarını gizlətmirlər…
Indi kimin ermənilərlə bir düşərgədə olduğuna özün qərar ver, möhtərəm oxucu.
Elşad Abdullayevin son göndərdiyi videolara münasibət bildirməyən ölkə başçısı hər şeyin normal olduğu görüntüsünü yaratmağa çalışır.
Cəmiyyət isə, belə hesab etmir. Bu gün hər kəsi maraqlandıran bir sual var – mandatı, yəni xalqın səsini belə asanlıqla satan rejim, görəsən daha nələri satıb?