…Derbi artıq idman termininə çevrilərək eyni şəhərin komandaları arasındakı yarışa verilən addır. Adından göründüyü kimi, bu ənənə Ingiltərənin Derbi şəhərindən başlayıb. Zaman keçdikcə, futbol populyarlaşdıqca bu bənzətmə həyatın başqa sahələrinə də sirayət etməyə başlayır. Məsələn, dünyanın 2-ci ən böyük derbisi sayılan Qalatasaray-Fənərbaxça matçı ərəfəsində qardaş ölkə bütünlüklə derbi ab-havasına girir. Adi vətəndaşlardan tutmuş sənətkar və siyasətçilərədək hər kəs derbi havasına girir, biri-birinə meydan oxuyur, bir növ öz komandalarına oyunqabağı mənəvi yardımda bulunurlar. Stadionlardakı atmosferi isə sadəcə görmək lazımdır, ev sahibi komandanın azarkeşləri 90 dəqiqə ərzində oyundan baxmaqdan çox, qonaq azarkeşlərə saldırmaq haqda düşünür. Türkiyədə ildə 4 dəfə yaşanan bu gərginliyin 1997-ci ildə canlı şahidi olmuşam və etiraf edim ki, həyatımın ən təhlükəli anlarından birini məhz o zaman yaşamışam. Derbinin nə demək olduğunun fərqinə varmadan, bileti fənərbaxçalıların olduğu sektora alıb, ora qalatasaraylı forması ilə girməyin nə qədər təhlükəli olduğunu iş-işdən keçəndən sonra anladım. Polisin vaxtında müdaxiləsi və üstümdən Azərbaycan pasportunun çıxması… (orasını xatırlamıram – X.Ə.) məni ömürlük şikəst olmaqdan xilas etdi…
Azərbaycanda isə, futbol derbiləri haqda danışmaq, etiraf edək ki, bu oyuna “hörmətsizlik” olardı. Lakin bu o demək deyil ki, biz derbidən hali deyilik, əsla!…
19 ildir ölkə siyasi derbilərin sınaq meydanına çevrilib. Azərbaycanın ümumi əhalisinin təxminən 8/1-ni təşkil edən iki regionun Naxçıvan və Qərbi Azərbaycan nümayəndələrinin ifasında fasiləsiz davam edən bu derbi, amansızlığı və gətirdiyi fəlakətlərin miqyasına görə heç bir
analoqları ilə ölçüyə belə gəlməz. 2 milyona qədər əhalinin məcburi şəkildə Azərbaycandan getməsi, büdcədən milyardlarla vəsaiti ölkəyə cavabdeh şəxslərin mənimsəməsi, minlərlə insanın şərlənərək məhbəslərdə çürüdülməsi, kütləvi savadsızlıq bu amansız derbinin nəticələridir. Bu derbinin ilk yarısını (1993-2005) Naxçıvan-Qərbi Azərbaycan derbisi adlandırmaq olar. Azərbaycan coğrafiyası baxımından təxminən eyni region sayılacaq bu bölgənin nümayəndələri arasında gedən amansız savaş birincilərin parlaq qələbəsi ilə nəticələnən zaman çoxları belə hesab edirdi ki, siyasi derbilər dövrü arxada qaldı və bu kiçik region (Naxçıvan – X.Ə.) nümayəndələri daha mütəşəkkil formada birləşib, siyasi hakimiyyətlərini bacardıqca uzatmağa çalışacaqlar. Bunun üçün bütün “münbit” sayıla biləcək şərait vardı, seçki formallığı, amansız diktatura qaydaları ilə idarə olunan ölkə, iri məmurların nəvə-nəticələrinə də bəs edəcək sərvət və s.
…Sirr deyil ki, ölkədəki bütün strateji postları bu regionun nümayəndələri tutub. Nazirlərin, icra başçılarının, deputatların əksəriyyəti naxçıvanlıdır. Lakin belə olmadı, qorxu və gözün doymaması ilə müşayiət olunan daha amansız lokal derbiyə şahidlik etməkdəyik…
Mən qeyri-naxçıvan regionunun təsir imkanlarını bir qırağa qoyuram, çünki buraya daxil olan məmurların özləri də bu və ya başqa formada elə naxçıvanlı məmurların çətiri altında fəaliyyət göstərirlər. Əsas mübarizə bu kiçik regionun iki klanı arasında gedir və belə görünür ki, heç səngiməyəcək…
Lakin tarix də idman mübarizəsi kimidir, başlandığı kimi sonu da olur. Azərbaycanda 1969-cu ildən başlayan siyasi derbilərin hamısı Naxçıvanın iştirakı ilə baş tutub. Lakin oyunlar bir qayda olaraq, bu və ya başqa formada digər regionların təmsilçilərinin iştirakı ilə olub.
Naxçıvan MTN-in adı hallanan son olay, eləcə də Vasif Talıbovun amansız idarə üsulu sübut etdi ki, hakim klan təmsil etdiyi regionda da dayaqlarını tamamilə itirib. Deməli, biz, təxmin edilən Naxçıvan-Azərbaycan(!) derbisində sadə naxçıvanlıları da Azərbaycan formasında görəcəyik.
…Əbəs yerə 1997-ci ildə Fənərbaxça-Qalatasaray derbisində yaşadığım kabusu xatırlatmadım. Düşünürəm ki, bu biabırçı və qaçılmaz Azərbaycan-Naxçıvan (klan) derbisi ərəfəsində şansları dəyərləndirmək baxımından əhəmiyyətli ola bilər…