Bir neçə gün əvvəl Ispaniyanın “Atletiko” klubunun futbolçuları “Real” ilə paytaxt derbisinə “Land of fire Azerbaican” yazılmış formada çıxdılar. Ispaniya mətbuatının verdiyi məlumata görə, klub bunun əvəzində bizdən 20 milyon avro alacaq. Bu, ortabab Avropa klubu üçün böyük məbləğdir. Bir qədər əvvəl isə, Hollandiyanın “Vitesse” klubu ilə də analoji müqavilə bağlandı. Bir həftənin içində Əliyev rejimi Avropa futbolu üçün göz qırpmadan xalqın 30 milyon avrosundan keçdi. Ondan qabaq isə, təxminən o qədər pul, Formula-1 “qocaları” üçün ayrılmışdı.
Qəribə sual yaranır, rejim nədən birdən-birə park abadlaşdırmağı buraxaraq, futbol klublarına və idman yarışlarına sponsorluğa başladı? Axı futbol klubuna reklam üçün pul verənlər iri avtomobil şirkətləri başda olmaqla, nəsə istehsal edən şirkətlərdir, ölkə timsalında bunu ilk dəfə Azərbaycanın nümunəsində gördük… Avropa mətbuatı Azərbaycan iqtidarını haqlı olaraq, “park mələyi” adlandırır. Belə ki, istənilən bərbad parkı onların hesabına abadlaşdırmaq olar. Elə böyük və ağır “şərt” də irəli sürülmür. Sadəcə, Azərbaycan tərəfindən abadlaşdırılmış parkın babat bir guşəsində eks-prezident Heydər Əliyevin heykəli ucaldılmalıdır. Son on ildə yüz milyonlarla dollar bu işə xərclənib. Onlarla Avropa və postsovet ölkəsində bu üsulla o qədər parklar abadlaşdırıldı ki…
Zamanla “heykəlli-park”ların coğrafiyası da genişlənməyə başladı. Uzaq Meksikanın (!) paytaxtında yerləşən və bizim Şəhidlər Xiyabanımızın analoqu Çapultepek xiyabanı da neft pullarımızla təmir edildi və orada YAP liderinin abidəsi ucaldıldı. Lakin bu yaxınlarda bu Latın Amerikası ölkəsində ictimaiyyət ayağa qalxaraq, heykəlin götürülməsini tələb etdi. Bəli, rejimin heykəl strategiyası tam iflasa uğradı, məlum oldu ki, dünyadakı başqa heykəlləri də eyni aqibət gözləyə bilər. Bu ərəfədə Avropanın da “kürü”dən imtina etməsi (sözdə elə deyirlər, dəqiq bilinmir – X.Ə.) rejimi “sponsor” diplomatiyasına keçməyə vadar etdi. Parkların, məktəblərin, kilsələrin təmiri ilə Avropa ictimaiyyətinə edilən jestlər cavabsız qalmışdı. Belə ki, Avropa Əliyev diktaturasını öz adı ilə çağırmaqdan nəinki vaz keçdi, hətta bu “jesti” qəbul edənləri qınaq obyektinə çevirdi. Belə olan tədqirdə iqtidar Avropanın idman və iş dünyasına üz tutdu. Bir məqamı da qeyd etmək yerinə düşərdi ki, bağlanılan sponsor müqavilələri əslində aysberqin görünən tərəfidir, bir azdan bu klubların bütün səhmlərini rejim məmurları ələ keçirəcək. Buna bir növ çirkli pulların yuyulması deyirlər, yəni bir neçə ildən sonra səhmlərin tamhüquqlu sahibinə çevrilən məmur, bu klubun tam sahibinə çevriləcək. Dəyəri yüzmilyonlarla ölçülən bu klublara yatırılan pullar, risk baxımından ən etibarlıdır. Klubun infrastruktru, təsisləri, nəhayət, stadionu hər zaman “pula gedir”. Paralel olaraq biz, zaman-zaman xarici şirkətlərin və ayrı-ayrı dövlətlətin dövlət borcları(!) rejim tərəfindən səxavətlə alınmasını müşahidə edirik. Və eyni zamanda bu, iri məmurların bu ölkələrin əmlak bazarında da xüsusi fəallığı ilə müşayiət olunur.
Avropa klublarının əksəriyyətini ölkənin nüfuzlu siyasi dairələri ilə qırılmaz tellər bağlayır. “Atletiko” Kataloniyanın… Madriddəki təmsilçisi kimi də tanınmaqla bərabər ölkənin ən qalmaqallı komandasıdır. “Real” əbədi düşmənləri arasında “Barselona”dan sonra ikinci yerdədir, ən maraqlı məqam isə klubun mərhum prezidenti Xesus Xilin korrupsiya və dələduzluqda ittiham edilərək uzun müddət həbsdə yatmasıdır. Xesus Xill 2004-də vəfat etsə də, ailəsi hazırda da klubun bütün səhmlərinə nəzarət edir, qərarları qəbul edirlər. Necə deyərlər, “su axar, çüxurunu tapar”.
…Bəli rejim məmurları sürətlə xalqdan taladığı milyardları xaricə axıdır, yəni post Əliyev dövrü üçün Avropanın müxtəlif ölkələrində özləri üçün “anklav zona”lar yaratmağa çalışır. Bu yaxınlarda Çexiyanın simvol şəhərlərindən sayıla biləcək Karlovı-Varıda Əliyevlər sülaləsi və onlara sadiq əyanlar tərəfindən mümkün ola biləcək, hər şeyin alındığının şahidi olduq. Anlaşılan, bütün bizneslərini, xeyir-şərlərini bu şəhərdən idarə etməyi, düşünürlər. Amma tələsmirlər və hələlik heç getmək niyyətləri də yoxdur. Bu isə, əslində o qədər də pis xəbər deyil…