Cəmiyyətdə “zoopark ritorikası” başlanmazdan təxminən 2 ay əvvəl “Uşaqlığın son gecəsi” adlı yazımda Bakı zooparkının şəhərdən 25 kilometr uzağa köçürülməsindən və ümimiyyətlə dövlət rəsmilərinin bu sahəyə biganələiyindən, onların tamah məqsədi ilə zoopark və uşaq baxçalarına hiyləgərcəsinə tikdikləri torbalar haqqında yazmışdım. Zoopark termininin populyarlaşmasını (!) bir fürsət kimi dəyərləndirərək, yenidən bu mövzuya qayıdıram…
…Gənclik metrosu yaxınlığında yerləşən və hal hazırda fəaliyyət göstərən zooparkın yerləşdiyi ərazini dörd bir tərəfinin yaşıllıq olması və son illərə qədər orada hər hansı bir obyektin olmaması, əslində onun gələcəkdə genişləndirilməsi üçün atılmış bir addım idi. 80 – ci illərin mətbuatında bu haqda çoxsaylı materiallara rast gəlmək olar. Hazırda zooparkın gələcəkdə genişləndirilməsi üçün nəzərdə tutulmuş təxminən 40 – 50 hektara qədər ərazi sürətlə “zəbt edilir”. Müxtəlif təyinatlı özəl obyektlər, o cümlədən restoranlar, “novostroyka”lar, şadlıq evləri sürətlə zooparka doğru “irəliləməkdədir”. Ən sanballı hissə, yəni metro stansiya istiqaməti isə, çoxdan hasarlanıb və reklam lövhələrindəki yazılanlara inansaq, burada “Dədə Qorqud”(!) parkının inşa edildiyini məlum olar. Mən “inansaq” kəlməsini təsadüfən işlətmədim, çünki rejimin öncədən ictimai əhəmiyyətli obyekt anonsu verdiyi əksər tikililərinin sonda… kommersiya obyektinə “çevrilməsini” çox görmüşük. Elə tikintisi (!) başa çatmaqda olan parkdan Dədə Qorqudun yox, müasir tikililərin “boylanması” (!!!) yuxarıda dediklərimizə əyani sübutdur.
Yaşayış binalarının zooparkdan xeyli aralıda yerləşməsi, insanların etiraz etməsini “əngəlləyir” və gözü doymayan məmurlar son vaxtlar ədalətsiz şəkildə deputatlarla müqayisə olunan dilsiz – ağızsız “zoopark əhli” ilə qarşı -qarşıya qalır…
Ürəyində azacıq mərhəmət hissi olan istənilən bəşər övladı Bakı zooparkında kövrəlmək məcburiyyətindədir. Mən sonuncu dəfə orda olarkən nə şir, nə də pələng gördüm və ayının acınacaqlı vəziyyətini gördükdən sonra, uşağın başını “kaçelni” ilə qatmağa cəhd etdim. Alınmadı və kiçik qızım əlimdən tutaraq (!) məni vəhşi heyvanların qəfəslərinə tərəf çəkməyə başladı. Biz bir neçə dəfə ayının qəfəsinə yaxınlaşsaq da onun diqqətini cəlb edə bilmədik, ayı heysiz vəziyyətdə uzanaraq gözlərini məchul bur nöqtəyə dikmişdi, qalın tük örtüyü belə sümüklərinin sezilməsinə mane ola bilmirdi. O biri qəfəslərdə də vəziyyət ürəkaçan deyildi…
Hər iki cinsdən olan, otla qidalanan dəvə və dağ keçilərinin, ceyranların olduqları qəfəsdə isə… “məhəbbət” dən başqa hər şey var idi – erkək fərdlər zərif cinsdən olan həmcinsləri ilə amansız bir mübarizə şəraitində idilər, – uşaqlar tərəfindən atılan göyərti uğrunda savaş gedirdi, təbiətdə müşahidə etdiyimiz o doğal “centlmenlik”dən əsər – əlamət yox idi… Sanki bir – birilərinə qənim kəsilmişdilər. Ehtiyac, yaşamaq uğrunda mübarizə, bizi heyrətə gətirən heyvani dəyərlərin üzərindən belə xətt çəkmişdi…
Bütün heyvanların nəzərləri eyni istiqamətə – zoopark işçilərinin yem gətirdiyi istiqamətə tərəf dikilmişdi. Gec də olsa, bayaq bəhs etdiyim ayının ümidsiz halda gözlərini yem saxlanılan məkanın qapısına zillədiyinin fərqinə vardım…
…Ölkəni çapıb – talayan məmurların əksəriyyətinin Bakıətrafında şəxsi zooparkları var. Buradakı özəl faunalar zənginliyinə görə Bakı zooparkından müqayisəedilməz dərəcədə üstündür. Illər öncə, özəl bir zooparkda çalışan həkim tanışım, mənə oliqarx və məmurların “VIP” ayılarının menyüsündə təbii balın da olduğunu söyləmişdi. Düşünürəm ki, bu şişirtmə deyil, çünki şəxsən tanıdığım və zooparkı olmayan bir orta ranqlı məmur öz itlərinə baxana hər ay 1200 manat maaş verir.
Ölkənin ən iri məmurları şəxsi zoopark və çıxarları nədəniylə Bakı zooparkı haqqında fikirləşmək belə istəmirlər. Milli Məclisə gəldikdə isə…
Təsəvvür edin ki, məlum “zoosirk – zoopark – mm” polemikasından sonra, deputatlardan kimsə Oqtay Əsədovdan söz alaraq , “zooparkdakı heyvanların vəziyyəti” haqda məsələnin gündəliyə salınmasını tələb edir…
…Inanmıram ki, Milli Məclisdə “anatomiya”sının bu cür “asanlıqla” dəyişdirilməsinə razı olan deputat tapılsın.
Hələlik məlum polemika davam edir, yəqin YAP – çıların “Gülər Əhmədova məsələsi bizim üçün artıq bitmişdir ”tipli “zərb məsəl”inin zoopark variantını da eşidəcəyik.
Olan isə, Allahın yaratdığı heyvanlara olacaq. Allahdan qorxun…