“Uzaq Sahillərdə” filmində faşist casusu Karrantinin ifşa olunduğu zaman söylədiyi etiraf monoloqunu yəqin ki, xatırlayırsınız. Dəfələrlə xidmət etdiyi almanları və etimadını qazandığı partizanların şübhələrini dağıtmağa müvəffəq olmuş casus, Mixaylonunun ona tuşlanmış silahı qarşısında həqiqəti ilk dəfə etiraf etməyə məcbur olur və hafizələrdən silinməyən etiraf monoloquna bu cür başlayır: “Mən alman deyiləm, mən italyan deyiləm, mən… mən deyiləm”.
Karrantin düz deyirdi, o həmişə iki tərəfi də barmağına dolayırdı, məqsədi yalnız sərvət toplamaq və imkan düşən kimi aradan çıxıb, başqa ad altında lüks həyata davam etmək idi…
Diqqətlə müşahidə etmisinizsə, müəyyən müddət ərzində müxalifət sıralarında aktiv fəaliyyətdən, bəzən “amansız ” təqiblərdən sonra, bəzi funksionerlərin siyasi baxışlarında 180 dərəcəlik “dəyişiklik baş verir”, ardınca isə, üzvü olduqları partiyanın xəttinə “etiraz” və ənənəvi bəyanatla çıxış edərək, ölkədə “yeni siyasi cərəyan”ın yaranmasını bildirərək, müxalifətə qarşı müxalifətə (!) keçdiklərini açıqlayırlar.
Əliyevlər rejimi hakimiyyətə gələndən bu günə qədər təkcə AXCP-dən 10-a yaxın belə partiya “ayrılıb” və hakim partiya olan YAP təxminən o qədər də deputat mandatından “məhrum” olub. Illərlə çiyin-çiyinə mübarizə apardıqları dəyərləri, mübarizə dostlarını bir deputat mandatına dəyişənlərin ilk açıqlamaları təxminən bu cür başlayır: “Həyatda hər şey ağ və qara rənglərdən ibarət deyil”. Və sonra başlayırlar dünənə qədər “gəda” adlandırdıqlarına müəllim deməyə, bəy deyə müraciət etdiklərini isə şərləməyə. Yəni dolayı yolla özlərini gəda və ən başlıcası, ölkədə doğrudan da hər şeyin qara və ağ rəngində olduğunu təsdiq edirlər. Rejimin bu üzüyola uşaqlarının istənilən müsahibəsini götürün, sədri olduqları “partiya” haqqında bir kəlmə də olsun danışmırlar, ağızları köpüklənə-köpüklənə müxalifətin qeybətini edirlər…
Bu yaxınlarda hüquq müdafiəçisi Leyla Yunus Avropa Parlamentinin nümayəndələri ilə azərbaycanlı hüquq müdafiəçilərinin görüşünün stenoqramını yaymağa məcbur oldu (mən məcbur oldu ifadəsini təsadüfən işlətmədim – X.Ə.). Və mən yenidən “Uzaq sahillərdə” filmindəki Karrantinin ölümdən əvvəlki o məhşur monoloqonu xatırladım… Novella Cəfəroğlunun “hər şeyi qara görmək lazım deyil” ifadəsi ilə başlamaq istəyirəm. Bu ifadəni kimlərin işlətdiyi haqda danışdıq və bu da həqiqətdir ki, onlara mandatı xalq yox, rejim verib. Bu aydındır və alan bilir, niyə veriblər və yaxud əksinə, verən bilər, niyə…
Bu məhşur TRIUMVIRAT (üçlük) – Novella Cəfəroğlu, Səadət Bənənyarlı və Səidə Qocamanlı isə, mandatı cəmiyyətdən alıb. Bu, birmənalıdır və məsələ o qədər aydındır ki, onu xırdalamağa belə lüzum görmürük və stenoqramdakı başqa hüquq müdafiəçilərinin adını hansı səbəbdən çəkmirik, bu da yəqin ki, başadüşüləndir. Məhz bu üçlük həbs olunmuş və təqib edilən müxalifət nümayəndələri ilə “məşğul olurlar”. Buyurun müqayisə edin, məbuatda “od püskürüb”, bizi qandırmağa çalışanların, həlledici instansiyalardakı monoloqunu…
…Novella Cəfəroğlunun Avropa Parlamentinin nümayəndəsinə dediklərindən:
1.”Çünki o (Leyla Yunusdan başlayır- X.Ə) Azərbaycanı sevmir. Bu ki aydındır, o, Azərbaycanı sevmir!!!”(?!)
2.Biz dəfələrlə Akademiyanın kursantları, ümumiyyətlə, gənc polislərlə görüşmüşük. Deməliyəm ki, onlar çox yaxşı, düzgün və vicdanlı uşaqlardır. Onlar bizə dedilər: “Bəs biz nə etməliyik? Əgər döyməsək, işdən qovularıq!”. Axı onlar nə etməlidirlər?
3. Bu gün nəinki döymürlər, hətta onlara su və çay verilir, onlara yaxşı münasibət göstərilir. Biz özümüz onlardan soruşmuşuq(2-ci sitatı bir də oxuyun, lütfən…).
4.Vəziyyət gözlərimiz qarşısında yaxşıya doğru dəyişir. Mən həmçinin Ədliyyə Nazirliyi ilə olan əməkdaşlığımızdan danışmaq istərdim. Biz istədiyimiz zaman, istədiyimiz həbsxanaya gedə bilərik. Biz görürük ki, məhbusların saxlanma şəraiti necə də müsbət yöndə dəyişib.
Indi isə, Səadət Bənənyarlıdan bir “şedevr”:
– Səadət Bənənyarlı: “Əvvəla, burada haqqında danışılan Hilal Məmmədov Talış separatçı partiyasının üzvüdür”.
Və son söz Səidə Qocamanlınındır:
– …Ştrasser təyin olunana kimi bizim hüquq müdafiəçilərindən və hökumət nümayəndələrindən təşkil olunmuş Xüsusi Işçi Qrupumuz var idi. Biz çox gözəl işləyirdik…
Təşəkkürlər, Leyla xanım, həqiqətən də “gözəl işləyirmişlər”…