Sırağagün təsadüfən “Yeni Azərbaycan” qəzetinin saytında gənclərin 20 oktyabr aksiyasına YAP icra katibinin müavini Mübariz Qurbanlının və Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun münasibəti ilə tanış oldum. Hər iki yazı sayta eyni gündə, eyni saatda (23 oktyabr, 01:30) qoyulub. Hər iki iqtidar rəsmisi sağlam gəncliyə müraciət edir, təxminən bir neçə yüz(!) müxalif gəncin etirazını əhəmiyyətsiz hesab edir. Istər-istəməz, bu iki üzdə olan iqtidar rəsmisinin harayına “sağlam gənclik”dən nə qədər əks-səda gəldiyini bilmək üçün yazının neçə dəfə oxunduğuna nəzər yetirdim. Mübariz Qurbanlının həşirinə 22 nəfər, Əli Həsənovun fəryadına isə 21 nəfər “can” deyib. Mübariz Qurbanlıdan fərqli olaraq, Əli Həsənov çağırışı bütün Azərbaycanın sağlam gəncliyinə edərək ölkəni bir neçə yüz müxalif gəncin əlindən qurtarmağa çağırmışdı. Özü də ölkənin 600 minlik partiyasının rəsmi orqanı olan “Yeni Azərbaycan” qəzetində… Bu qəzet yeganə qəzetdir ki, loqosunda Heydər və Ilham Əliyevin şəklini verir, orqanı olduğu partiyanın isə statistikaya görə, 250 min(!) gənc üzvü var…
Bu yazını hazırlayarkən, YAP-ın da rəsmi saytına baxdım, partiyanın Gənclər Birliyinin Idarə Heyətinin üzvləri və Şura üzvlərinin sayı toplam 75 nəfərdir. Deməli, Mübariz Qurbanlı və Əli Həsənovun çağırışına qoşulanların hamısının “gənc rəhbərlər” olduğunu iddia etsək belə, məlum olur ki, onların 50-sinin “Araz aşığındandır, Kür də topuğundan”…
Istər Əli Həsənovun, istərsə də Mübariz Qurbanlının yaxın ətrafından vəzifədə olan, iş otağında kompüteri olan “gənc kadrlar” bu yazını oxusaydılar bəlkə də bu rəqəm bir neçə yüz olardı. Indi ki, bu məsələni eninə-boyuna masaya yatırmışıq, bir az da dərinə gedək, belə bir paralel də aparaq, rejimə “sadiq” minlərlə məmurun on minlərlə övladı var və hər biri də ali təhsil alır, kompyüteriləri də var, bəs onlar hardadırlar?…
Bir haşiyə çıxmaq istəyirəm…
…1990-cı il parlament seçkiləri zamanı biz BDU-nun tələbələri idik və indiki üzdə olan siyasətçilərin seçki kampaniyasında fəal iştirak edirdik. Bizi mərhum Aydın Məmmədovun namizəd olduğu dairəyə təhkim etmişdilər. Aydın bəy qalib gələndən sonra mən də daxil olmaqla, içimizdən bir neçə nəfəri təkrar seçkiyə qalan bir dostuna köməyə göndərdi. Hazırda “üzdə” olan bu “siyasətçi” o vaxt demokrat idi(!), biz də o üzdən işə girişdik. Namizəd gənc oğlunu da bizim ixtiyarımıza vermişdi. Təbliğatın son günləri işimiz ağır idi, biz bütün seçicilərin qapılarını döyərək namizədimiz haqda bir neçə kəlmə deyib, onlara buklet təqdim etməli idik. Namizədin oğlu da bizim qrupda idi, Lifti işləməyən evlərin mərtəbələrinə qalxmalı olurduq, hər dəfə bukleti paylayıb aşağı enəndə görürdük ki, namizədin oğlu bizi gözləyir… Dəfələrlə bu hal təkrarlandıqda şübhələndik və ona təhkim olunmuş bir neçə bloka baxış keçirməyi qərara aldıq və gözlərimizə inanmadıq, sən demə, namizədin siyasi varisi(!), bukletləri əzib onları elə birinci mərtəbədəki zibilliyə tullayırmış. Bu, minlərə səsin itməsi idi, zəhmətimiz hədər getmişdi.
Seçkidən qalib ayrılmaq və Aydın Məmmədovla yanaşı oturmaq üçün bizim namizədə cəmi-cümlətanı 250 səs çatmadı….
Şükürlər olsun ki, YAP rejiminin sağlam gənclik adlandırdığı zümrənin nümayəndələrini barmaqla saymaq olar, necə ki, saydıq. Bütün Azərbaycanı şəxsi mülki hesab edənlər, gözə dəyən bütün gəncləri də siyahıya alaraq, YAP üzvü hesab edirlər, lakin iqtidarın iki rəsmisinin çağırışından məlum oldu ki, rejimin arxasında heç minlərlə gənc varislərdən 30-u belə dayanmır…
Əslində, rejimin YAP üzvü hesab etdiyi 250 min gəncin 245 mini Rusiya və MDB bazarlarında piştaxta arxasındadırlar, yaşam mücadiləsi verirlər. Bu yaxınlarda Rusiyada olarkən müşahidə etdiyim bir mənzərə diqqətimdən yayınmadı, yerli sakinlər artıq azərbaycanca danışmağı öyrənirlər, çünki yeni nəsil azərbaycanlılar rusca danışmaqda çətinlik çəkirlər, səbəbi bizim orta məktəblərdə rus dilinin tədrisinin, demək olar, dayanmasıdır. Orta nəsildən fərqli olaraq, onlar hərbi xidməti Azərbaycan Ordusunda keçirlər və Rusiyada dil problemi ilə üzləşirlər. Təsəvvür edirsinizmi, rejim onların halına ruslar qədər də acımaq istəmir… Bu zavallılar onsuz da didərgindirlər, onlara rus dili öyrədin, qürbətdə bir yığın problemin üstünə birini də siz əlavə etməyin… Sonda bir məsələyə diqqət!..
Bir aydır ki, “Səs” informasiya agentliyinin (SIA) saytına prezident Ilham Əliyevin qızı, Rusiyadakı o didərgin 245 min gəncimizin “vahid təşkilat”ının sədri(?) Leyla Əliyevanın müsahibəsi qoyulub. Oxunma sayı nə qədər olsa yaxşıdır? Özünüzü əziyyətə salmayın.., deyirəm:
– 56 nəfər…