“Totalitarizm insanlar üzərində despotik hökmranlıqdan çox, insanların tamamilə lazım olmadığı bir sistemin qurulmasına can atır”
Hanna Arendt, alman politoloqu, totalitarizm nəzəriyyəsinin banisi
Milli Məclisin “Sərbəst toplaşmaq azadlığı” haqqında qanuna etdiyi dəyişiklik, daha doğrusu, cərimələrin fantastik həddə çatdırılmasından sonra, parlamentin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova mətbuat üzərindən barmaq da silkələdi: “Ümumiyyətlə, bu gün vətəndaşlar arasında bu məsələ ilə əlaqədar hüquqi maarifləndirməyə ehtiyac var. Çünki vətəndaş bilməlidir ki, qanunsuz aksiyaya çıxarsa, yaxud cəhd edərsə, onu nələr gözləyir. Odur ki, bu məsələyə diqqəti artırmaq lazımdır”.
Etiraf edim ki, mən səbirsizliklə rejim rəsmisinin bu cür açıqlamasını gözləyirdim. Bu, əlamətdar hadisədir, totalitar rejimlərin ideoloji məğlubiyyətlərinin etirafıdır, çarəsizlikdən, məntiqsizlikdən ata biləcəyi ən son addımlara gözəl nümunədir. Bundan sonra rejim ağlını itirir, daha absurd addımlar atmağa başlayır, gülünc vəziyyətə düşür, sürətlə “solmağa” başlayır…
Hadisələr sanki, məhşur sovet rejissoru Eldar Ryazanovun kommunist rejiminin çökməsindən bəhs edən “Flyeta üçün unudulmuş melodiya” filminin ssenarisi üzrə cərəyan edir. Film, əhalinin kommunist ədəbiyyatını kütləvi şəkildə makulaturaya verməsindən narahat olan mərkəzin ideoloji idarəsinin fövqəladə şəkildə toplanması ilə başlanır. Müxtəlif axmaq təkliflərdən sonra qərara alınır ki, hər makulatura məntəqəsində komissiya yaradılsın(!), insanların bu hərəkətinin qarşısı alınsın və kommunist ədəbiyyatının təhvil verilməsinə qadağa qoyulsun. Hökumətə də təklif edirlər ki, ki, vətəndaşların boş vaxtlarında nəyi edə, nəyi isə edə bilməmələri haqda xüsusi qanun hazırlasınlar.
Qanunu qəbul edirlər, lakin onu həyata keçirə bilmirlər, çünki SSRI adlanan imperiya sürətlə dağılmağa başlayır. Dağılma fonunda onu saxlamaq cəhdləri çox tragikomik görünməyə başlayır…
Oxşar bəyanatı Rəbiyyət Aslanovanın dilindən də eşitdik, milliyyətcə avar olan bu xanım deputat amiranə şəkildə bəyan etdi ki, vətəndaşlar taleyi ilə barışmalıdırlar, haqq səsini qaldırsalar, biz onların başına elə oyunlar açarıq ki…
Rəbiyyət Aslanova, eləcə də oxşar fikirləri SSRI-nin xilası üçün irəli sürən filmin qəhrəmanı Yevgeniya Surova üçün rejimin dəyişməsi faciədir. Filmin sonunda Surovanın oğlu universitetdən qovulma təhlükəsi ilə qarşılaşmışdısa, ondan fərqli olaraq, rejiminin süqutu ilə onun PA-nın şöbə müdiri işləyən oğlunun vəzifəsi ilə vidalaşacağı dəqiqdir. Bəli, rejim məmurlarını ən çox narahat edən məsələ özlərinin, övladlarının gələcək taleydir. Gülər Əhmədovadan mandat alınanda o, əqidə dostalarını necə aşağıladı, hamınız gördünüz… Onlar özləri və övladları üçün ən ağlasığmaz addımları atmağa qadirdirlər və nədənsə inanırlar ki, buna Azərbaycanı əbədi buxovlamaqla nail olmaq olar…
PA-nın başqa şöbə müdiri Əli Həsənov isə Gülər Əhmədovanın “gənc qvardiyası”na xitab etməklə, Rəbiyyət Aslanovanı da geridə qoydu: “Azərbaycanın sağlam gəncliyinə çağırış edirik ki, belələrinə təsir göstərsinlər və onların sıralarında belə məsuliyyətsiz, qanun keşikçilərinin çağırışlarına tabeçilik nümayiş etdirməyən gəncləri özləri tərbiyə etsinlər”.
Yenə də Eldar Ryazanovun o məhşur filmindəki icrası həyata keçməyən “ideya” yada düşür. Rejim süqut etdikcə, bu cür anormal çağırışları hələ çox eşidəcəyik…
Məh heyrət edirəm, 15 il ölkənin uşaq təşkilatına rəhbərlik edənin dələduz, mandat alverçisi məlum ola və rejimin inadla onu həmin vəzifədə saxlaya, sən də çıxıb, Gülər Əhmədovanın təsirinə düşməyən məsum gənclərə şər atmaqdan çəkinməyəsən. Hələ bu azmış kimi, Gülərin “gənc qvardiyası”na səslənərək onları mübariz, özbaşınalıqlara boyun əyməyən gəncləri “tərbiyə etməyə” çağırasan.
Bunun üçün doğrudan da sifətlə yanaşı, insan övladına başqa şeylər də lazımdır, təəssüflər olsun ki, etik normalara cavab vermədiyi üçün yaza bilmirik.
…Sonda Azərbaycan yığmasının üzvü, rejimin yetişdirdiyi və kapitan sarğısı etibar etdiyi “gənc” Mahir Şükürovun Rusiya ilə oyundan sonra verdiyi açıqlamanı nəzərinizə çatdırıram, oxuyun və “imkan varsa” dəhşətə gəlin:
– Əgər səviyyəli komanda olsaydılar, bizə çox qol vurardılar.
Rəbiyyət qanununa görə, mən bu kölə təfəkkürə “YOX” demək üçün 500 manat ödəməliyəm…
Işimiz varmış…