1990-cı ildə “Komsomolskaya pravda” qəzetində Bakı nefti haqqında geniş bir məqalə dərc olunmuşdu. Bir əsrlik neft tariximizi analiz edən müəllif, azərbaycanlıların “neft arzularını” illüziya hesab edərək, məqaləninin yarımbaşlığına çıxardığı “azərbaycanlıların ən böyük faciəsi, nefti öz sərvətləri hesab etmələridir” fikrinə haqq qazandırmağa çalışırdı.
Yazırdı ki, Sovetlərin çökməsindən sonra neft gəlirlərini hiss etməyəcəksiniz və keçmiş günləri mumla arayacaqsınız.
…1920-1990-cı illərdə Sovet Azərbaycanının büdcəsində neft gəlirlərinin bir hissəsinin qaytarılması əks olunur, hətta təyinatları da göstərilirdi. Neft bizə az dividend gətirsə də, dotasiya ilə yaşamırdıq və bu sahədə çalışan on minlərlə insanın yüksək maaşı, güzəştləri vardı.
…1992-ci ildə hakmiyyətə gələn AXC Qərb şirkətləri ilə “neft bazarlığına” başladı. Qərb şirkətlərinin maraqlarını ifadə edən Böyük Britaniyanın o vaxtkı baş naziri Marqaret Tetçer və mərhum Əbülfəz Elçibəyin arasında gedən müzakirələrdə şifahi razılığın şərtləri açıq-aşkar Azərbaycanın xeyrinə idi. Istismar müddəti, pay bölgüsü açıq fərqlə bizim xeyrimizə idi, xaricilərin gəlirlərinin önəmli hissəsi ölkədə qalırdı…
Təsadüfi deyildi ki, dünya siyasətinin “dəmir ledisi” bu görüşlərdən sonra heyrətlə Ə.Elçibəyi nəzərdə tutaraq, “ömrümdə öz xalqını bu qədər sevən prezident görməmişəm” fikrini söyləmişdi…
“On beş ildən sonra, qeyri-neft sektorunu elə inkişaf etdirəcəyik ki, neft gəlirlərinə ehtiyacımız olmayacaq” deyən Əbülfəz bəy, dəmir lediyə, dünyanın ən böyük polad istehsalçılarından olan Yaponiyanı da misal çəkərək demişdi ki, onlar xammalı xaricdən alırlar”…
Bəlkə də, rus jurnalist də yazdığı məqalədən “xəcalət çəkməyə” başlamışdı, lakin…
Məlum…(?) hadisələrdən sonra hakimyyətə gələn Heydər Əliyev 1994-cü ildə, Qərb şirkətlərini tam qane edəcək şəkildə “Əsrin Müqaviləsi” adlanan kontraktı imzaladı. Ədalət naminə deyək ki, şərtlər ağır olsa da, müqavilədən gələcək pullar ağlasığmaz idi və ölkə iqtisadiyyatının digər sahələrinin dirçəldilməsinə yönəldiləcəyi təqdirdə, Azərbaycan qüdrətli bir dövlətə çevriləcəkdi. Amma olmadı….
O vaxtdan 18 il keçir və 22 il əvvəl “Komsomolskaya pravda”da qoyulan məsələlərə Qərbin nüfuzlu maliyyə jurnalı “Forbes” bir az başqa “niyyətlə” qayıdır….
Jurnalın analitiki Metyu Hulbert Azərbaycan xalqına rus həmkarı qədər canı yanmasa da, bp-ni tənqid edən Ilham Əliyevə “xalqın adından” (?) gecikmiş müraciət edir: “Yeri gəlmişkən, Azərbaycan Dövlət Neft Fondu yaxşı vaxtlarda yığılmış o qədər pulu nə edib?”.
Metyu demək istəyir ki, nefti bp çıxarır və nə qədər çıxardığının hesabını son barrelinədək bilir, yəni “sandıq” açıla bilər…
Metyu Hilbert gözəl bilir ki, bu pullar hardadır, çünki bir neçə ay əvvəl onun Britaniyadan olan həmkarlarının geniş araşdırması zamanı məlum olmuşdu ki, təkcə ofşor şirkətlər vasitəsi ilə Azərbaycandan son 17 ildə, nə az, nə çox, düz 48 milyard dollar çıxarılıb…
Ən dəhşətli həqiqət ondan ibarətdir ki, biz neft hasilatının azaldığını prezidentin dilindən eşidirik, çünki Gözəl Bayramlının dediyi kimi, “bunu 9 milyon öz həyatında hiss etmir”, hətta mən deyərdim, biz bu neftin zibilinə düşmüşük.
Neftdən gələn pulların sərf edildiyi görüntüsü xalqa baha başa gəlir, müxtəlif korrupsiya proyektləri insanların evlərinin sökülməsinə, sahibkarların talanmasına gətirib çıxarır. Prezidentin rayonlara “ayırdıq”larından sonra orada baş verənlər, pulun harda “ilişib” qaldığına sübutdur…
ARDNŞ-in prezidenti R.Abdullayev deyir ki, “biz xoş günümüzdən (!) əhalinin evlərini sökmürük, evlər neft quyularının üzərində tikilib, təhlükəlidir”(!).
Yəni onun məntiqindən belə çıxır ki, o daim “fontan vura” bilən (?) quyunun üzərində ev tikmiş vətəndaşın həyatından “nigarandır”. Amma nədənsə, biz hələlik evi sökülənlərin faciələrini və Cenifer Lopes, Rihanna, Şakira kimi ulduzlara, Nigeriyaya 0:11 hesabı ilə uduzan “yad” millimizə milyonların xərclənməsini müşahidə edirik.
Şəxsən mən “onlara xərclənən pula nə qədər evi sökülənə kompensasiya vermək olardı” ifədəsindən iyrənirəm, çünki biz bununla anadangəlmə ədalət hissindən məhrum olan, keçən əsrdə sönən quyudan da “pul çıxaran” mazoxistlərə sevinc bəxş edirik…
…Ölkəni son 17 ildə bir parça çörəyə görə tərk edən 3 milyondan çox vətəndaşımıza, pənah apardıqları yerdə verilən ilk sual təxminən belə olur – “niyə neft-qazınızı, sərvətlərinizi qoyub bura gəlmisiniz?”.
Şəxsən şahidi olduğum belə dialoqda, bizimkilərdən fərqli olaraq, tacik qastarbayterlər daha “qürurlu” görünürdülər, çünki onların nə nefti, nə də qazı var idi….
Öz aramızdır, iki ildir ki, neft diktatorlarınına verilən, “niyə sərvətləri xalqınla bölüşmədin” sualı da az populyar deyil…