…Dahi Üzeyir Hacıbəyovun “O olmasın bu olsun” komediyasında unudulmaz qonaqlıq səhnəsi yəqin ki, yadınızdadır. Məşədi Ibadın sponsorluğu ilə açılmış süfrədə hər kəs onun sağlığına badə qaldırır, qızı yaşda füsunkar Gülnaza elçi düşməsinə mənəvi və hüquqi don geydirməyə çalışırdılar. Məclisin sonlarına yaxın əməlli-başlı sərxoş olan qonaqlar sanki “ayılırlar”, onların ədalət hissi “bərpa olunur” və bu biabırçılığa, yəni çox gözəl bir qızın pul qarşılığında bir qocaya satılmasına üsyan edirlər. Dahi Üzeyir Məşədi Ibadı dəfələrlə belə “vəziyyətə salır” və həmişə də bu qoca pulun köməyi ilə ictimai rəyi xeyrinə dəyişə bilir…
Bu gün Azərbaycanda məşədi ibadlar məsələni biryolluq həll ediblər – gəlib oturublar hakimiyyətdə və qonaqlıqdakı nala-mıxa döyənləri də siyahı ilə (!) deputat seçdiriblər ki, hər dəfə xərcə düşməsinlər. Bu gün məşədi ibadlar gülnazlarla evlənməsələr də, onlara bəzən atalıq, dayılıq etməklə, onları mükafatlandırır, sürprizlər edir, bir sözlə, dövlətin hesabına centlmenlik etməkdən doymurlar…
Çoxunuz yəqin ki, məlum videoqalmaqalla bağlı, YAP-çı deputat Aydın Mirzəzadənin “Yeni Müsavat” qəzetində biabırçı düzəlişilə tanış oldunuz, millət vəkili ilk verdiyi açıqlamada “Belə mövqeyinə görə Gülər Əhmədova partiya sıralarından qovuldu. Belə insanla bizim yolumuz bir ola bilməz” cümlələri düzəlişdən sonra… “yoxa” çıxdı. Yəni, deputata Gülərlə “eyni yolda” olduğunu xatırlatdılar.
PA rəhbəri Ramiz Mehdiyevin Gülər Əhmədovanı müdafiəyə gec başlaması… çoxlarını bu mövzuda korrektəyə və hamının gözü qarşısında alçalmağa vadar etdi…
Bəli, doğrudan da ölkədə Ramiz Mehdiyev fəlakəti yaşanır. Çıxıb deyəsən “parlament 4-5 nəfərin siyahısı ilə təşkil olunur, bu işdə prezident və xanımı da fəal iştirak edir”, sonra da dələduzluq yolu ilə milyonlar ələ keçirəsən və heç kim də sənin qılına belə toxunmağa cəsarət etməyə. Hələ sakit durmaq əvəzinə Siyasi Şurasının üzvü olduğun və Heydər Əliyevin qurucusu olduğu partiya rəhbərliyinə də sosial şəbəkədəki səhifəndə bu cür xitab edəsən:
Ay pipiyi qan, Xoruz
Gözləri mərcan xoruz
Sən nə tezdən durursan
Cır səslə banlayırsan
Girməyirsən hininə
Ay üzü məstan xoruz)))…
Konkret olaraq Əli Əhmədova ünvanlandırıldığı hiss etdirilsə də, mən deyərdim bütöv partiya təhqir edilir – “yəni mən sizdən güclü çıxdım, yəni 600 mininiz də gəlsəniz, mənim dayıma bata bilməzsiniz” (YAP-ı müdafiə edəcəyimi ağlıma belə gətirməzdim, şükür Yaradana… – X.Ə.).
Cəhənnəm olsun deputatlığı, təsəvvür edə bilirsinizmi, bu iyrənc bazarlığı aparan xanım, yəni Gülər Əhmədova, həm də Respublika Uşaq Təşkilatının sədridir. Özü də 1996-ci ildən, deməli, 16 ildir bu xanım ən ülvi duyğularla böyütdüyümüz uşaqlarımızın dövlət tərəfindən təyin olunmuş hamisidir. Uşaq səhiyyəsinin, təlim-təhsilinin bu gündə olmasının səbəbi də aydın oldu. Xanım “razborkalardan” baş açmırmış…
Gülər Əhmədovanın respublikanın ən vəzifəli xanımlardan biri halına gəlməsində Ramiz Mehdiyevin rolu inkaredilməzdi. 1994 -cü ilədək müəllimə işləyən(!) Gülər Əhmədovanın ildırım sürətli “yüksəlişi”nə diqqət edin:
1996-cı ildən Respublika Uşaq Təşkilatının sədridır.
2000, 2005 və 2010-cu ildə Milli Məclisə deputat seçilir. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Çexiya, Azərbaycan-Rusiya, Azərbaycan-Səudiyyə Ərəbistanı, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Avropa Ittifaqı-Azərbaycan parlament əməkdaşlığı komitəsinin üzvüdür.
MTN-in nəzdindəki girov və itkin düşmüş şəxlərləin axtarışı üzrə dövlət komisûsiyasının üzvüdür (iki aya Elşad Abdullayevin qardaşını tapa biləcəyi haqda dediyi sözlər, “əbəs deyilmiş” – X.Ə.), Bakı Dövlət Universitetinin müəllimidir.
Bir neçə ömrə sığmayan bu “uğurlar” Ramiz Mehdiyevin sayəsindədir. Çünki Elşad Abdullayevlə olan danışıqlarında, video ətrafında gedən polemikalarda göstərdiyi “perfomans”la, son “Xoruz”u ilə layiq olduğu yerin həbsxana olduğunu sübut etdi…
Indi növbə Ramiz Mehdiyev cənablarınındır, zəhmət olmasa, Gülər Əhmədova “fenemonen”ini nala-mıxa vurmamaq şərti ilə xalqa izah etsin…