Oxucularımızdan biri məktub yazaraq, ölkədə baş verən digər hadisələrə də münasibət bildirməyi xahiş edir. Təəssüflə deməliyəm ki, hələlik bu, mümkün deyil. Çünki onlar xırda məsələlərdir və diqqətləri əsas hədəfdən yayındırmağa hesablanıb. Lakin bu o demək deyil ki, biz Cennifer Lopes, Şakira və Rihannaya milyonlar xərcləyib, biabırçı Nigeriya məğlubiyyətini (0:11) unutdurmağa çalışan Rövnəq Abdullayev haqda yazmayacağıq. Əlbəttə, yazacağıq, amma indi o biri Abdullayev, yəni Elşad, daha doğrusu, onun yaydığı və hakimiyyətin iç üzünü açan kadrlar buna “imkan vermir”. Ölkəni silkələyən bu kadrlara xalqın münasibəti, Azərbaycanın gələcəyini bəlirləyəcək qədər əhəmiyyətə malikdir. Söhbət milyonların taleyindən, onların seçib-seçilmək hüququnun iyrənc şəkildə tapdanmasından, mafiya qanunları ilə idarə olunan ölkədə övladlarımızın çox təhlükəli gələcəyindən gedir.
Hakimiyyət var gücü ilə çalışır ki, süni şoularla gündəmi mümkün qədər yumşaltsın, sosial şəbəkələrdə yayılan məlum kadrlara maraq azalsın. Amma mümkün olmur ki, olmur.
Hətta bu mövzunun aktullığından sui-istifadə edərək, Xankəndiyə gedib separatçıları feyziyab etmiş Filip Bedrosoviç Kirkorovu Bakıya gətirmək istəyənlər də böyük səhv etdiklərini anlayaraq, konsert proqramını yarıbayarı ixtisar etdilər.
Əvvəla, onu deməliyəm ki, Filip Kirkorovu Azərbaycana gətirmək cəsarəti elə “Gülər Əhmədova olayı” ilə bağlıdır. Digər tərəfdən, Flilp Bedrosoviç üçün qəribsəyənlərin əlinə gözəl fürsət düşüb, gündəmi zəbt edən şok videoların fonunda səssiz konsertə ümid edirlər.
Cümşüd Nuriyevin “parlamentdə erməni qarışığı olan 10 deputat var” açıqlaması da Elşad Abdullayevin yaydığı kadrlarla müqayisədə milçək vızıltısına bənzədi. Ad-filan çəkməyən politoloqun bu açıqlaması sıradan bir reket qəzetin anonsu qədər effekt verdi.
Belə ciddi bəyanatı verib, sonra da gizlənqaç oynamaq razılaşın ki, nə politoloqa, nə də onun arxasında dayanan şəxsə yaraşmır.
Hətta məndə olan informasiyaya görə, “Space”də nümayişi dayandırılan “Bu zalım dünyada doğulma” serialının qəhrəmanı Amacini canlandıran aktrisanı Bakıya gətirmək istəyirlər. Yəni, Elşadı Amaci ilə “vurmağa” ümid edirlər. Serialı yarımçıq kəsilən aktrisanı hansı üzlə Bakıya gətirəcəklər, bilmirəm, amma Elşad Abdullayev dünən göndərdiyi “ANS-in qabağında” bölümü ilə mesaj verdi ki, Maradonanı da gətirsəniz, xeyri yoxdur…
Milli Məclisdən kənarda qalan E.Abdullayev göndərdiyi ilk video-rolikdə rejimə şans verdi. Şəxsən mən bunun son rolik olacağına əmin idim, düşünürdüm ki, hakimiyyət heç bir bazarlığa getmədən Elşad Abdullayevin bütün tələblərinə müsbət reaksiya verəcək. Hakimiyyət bu yeganə yoldan imtina etdi. Ilk baxışdan onlara haqq qazandırmaq olardı, çünki ilk rolik hamının təxmin etdiyi məqamların əyani sübutu idi. Seçki saxtakarlığını əyani şəkildə nümayiş etdirən azmı video-roliklər vardı?
Avropadan gələn müşahidəçilər, xüsusən də qardaş Türkiyədən gəlmiş AKP nümayəndələri “belə qüsurlar demokratiyaya doğru irəliləyən bütün ölkələrdə mövcuddur və hər keçən seçki demokratiyaya doğru atılan bir addımdır” deməklə, nə az, nə çox – düz 20 ilimizi yedilər. Və bugünlərdə məlum oldu ki, biz sadəcə, qara kürünün qurbanı olmuşuq. Bunu iki gün əvvəl Avropa Şurasının birinci şəxsinin dilindən eşitdik…
Gülər Əhmədovanın dilindən isə… “Bilirlər ki, bu (Milli Məclisin tərkibi nəzərdə tutulur-X.Ə), Kəmaləddin Heydərovluqdur, bu Ramiz Mehdiyevlikdir, bu Ilham Əliyevlikdir, bu Mehriban Əliyevalıqdır” cümləsini eşitdik.
Razılaşın ki, bu artıq tamam başqa bir rolikdir…
Hələlik bir şeyi əminliklə deyə bilərəm; hiss olunur ki, rollar dəyişib, artıq “rejim xalqa dirəniş göstərir”. Xalq da “inadı” buraxıb rejimə çemodanlarını toplamaqda “kömək etməlidir”.
Bu qədər sadə…