Rusların dilimizə təxminən “artıq tamah baş yarar” kimi tərcümə edilən gözəl bir atalar sözü var – “jadnost fraera poqubit…”
Razılaşın ki, bizdən fərqli olaraq, rusların yanaşması daha sərrastdır. Ən azı, burada tamaha meyl edənin də tərifi var, onu dələduz adlandırırlar. Bizim ataların məntiqinə görə isə, hamı tamahın qurbanı ola bilər.
Ulu babalarımızı qınamaq fikrində deyiləm, amma onu da deməliyəm ki, tamahkar elə anadan dələduz doğulur, əlinə düşən ilk fürsətdə bundan yararlanmağa çalışır. Zibilə düşənədək, başqa yolla desək, başı yarılanadək davam edir…
Məlum rüşvət qalmaqalında adı keçən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev nəhayət, danışdı. Bəzi KIV-lər bunu qırmızı başlıqla, yəni, şok açıqlamalar silsiləsindən kimi versələr də, burada heyrətlənəcək heç nə yoxdur. Tabeliyində olanların açıqlamalarını təkrar edərək, sadə xalqı özünün və ətrafındakıların ətəyində namaz qılmağa dəvət etdi. Sitat: “Inamla deyə bilərəm ki, Prezident Administrasiyasının nümayəndələrinin belə çirkin olaylarla heç bir əlaqəsi yoxdur və ola da bilməz. Elşad Abdullayevin deputat seçilməməsi və onun rektoru olduğu Beynəlxalq Universitetin qanuni əsaslarla bağlanması faktı da fikirlərimi bir daha təsdiq edir”.
“Əsərin” baş qəhrəmanı, mandatı əlindən alınmış Gülər Əhmədova bu açıqlamada heç “yada” da düşmür. Açıqlamanın yalnız bir hissəsinə “mikroskopla” baxdıqda nəsə görmək mümkündür: “O ki qaldı, ortada canfəşanlıq edən dələduzlara, Elşad Abdullayevin və onun kimilərinin açdığı bazara – bu, onların öz problemləridir. Belə dələduzlar həmişə olub, bu gün də vardır. Onlar üçün ən inandırıcı yol, əlbəttə ki, vəzifəli insanların adını hallandırmaq və istifadə etməkdir. Belələri gec-tez hər zaman ifşa olunub və qanun qarşısında məsuliyyətə cəlb ediliblər”.
Bəzi mətbuat orqanları açıqlamanın məhz bu yerində, yəni, “Elşad Abdullayevin və onun kimilərinin” ifadəsində keçmiş deputatı tapdıqlarını sevinclə iddia edirlər. Mən bu fikirdə deyiləm…
Burada Georgi Daneliyanın məşhur “Mimino” filmindəki unudulmaz məhkəmə səhnəsini yada salmamaq mümkün deyil.
Filmin qəhrəmanı Mizandari, Moskvada təsadüfən bacısını aldadıb, onu bir uşaqla qoyub qaçan alçaqla qarşılaşanda onu cəzalandırır və həbsə düşür. Bütün bunları dostu Xaçikyanın gözünün qabağında edir və ona həqiqəti söyləmir. Məhkəmədə Xaçikyan bütün fantaziyasını işə salaraq, onların ancaq tualetdən istifadə etmək üçün ora getdiyini və dostunun zərərçəkəni tanımadığını israrla sübut etməyə çalışır. Yəni, onun məntiqindən belə çıxır ki, istənilən şəxsi mənzilin qapısını döyüb, oradakı ayaqyolundan istifadə etmək, üstəlik sahibinin gözünün altını qaraltmaq da olarmış…
Eyni məntiqə Gülər Əhmədova olayına iqtidar rəsmilərinin münasibətində də rast gəlmək olar. Onların ümumiləşdirilmiş qənaəti, yəni “Xaçikyan məntiqinə” görə, xalq videobazarı bu cür başa düşməlidir:
“ABU-nun rektoru Elşad Abdullayev qayınatasının ofisində Sevinc Babayeva ilə, beynəlxalq vəziyyətdən, xüsusən də, Yaxın Şərqdəki proseslər ətrafında cərəyan edən məsələlərdən söhbət edirlərmiş. Təsadüfən pəncərədən millət vəkili, Respublika Uşaq Təşkilatının sədri Gülər Əhmədovanı görürlər və onu içəri dəvət edirlər. Sevinc xanım Elşad müəllimlə Gülər xanımı tanış edir. Elşad müəllim Gülər xanıma, onun deputat olduğu Yasamal rayonundan olan ABU tələbələri üçün Sevinc xanım vasitəsilə 500 min göndərdiyini deyir. Elşad müəllimə öz növbəsində təşəkkür edən Gülər xanım Yasamal uşaqları üçün daha 500 min istəyir. Elşad müəllim isə, 500 mini Yasamalın həm tələbələri, həm də uşaqları üçün verdiyini söyləyərək, nala-mıxa vurmağa başlayır. Beləliklə aləm bir-birinə qarışır və Gülər xanım Elşad müəllimlə Sevinc Babayevadan 500 mini axşama qədər çatdırmağı tələb edir. Pul vermək əvəzinə Elşad şantaj yolunu tutur”.
Buna şübhə ilə yanaşanlar üçün Ramiz müəllimin açıqlamasındakı bir cümləni təkrar diqqətinizə çatdırıram: “Inamla deyə bilərəm ki, Prezident Administrasiyasının nümayəndələrinin belə çirkin olaylarla heç bir əlaqəsi yoxdur və ola da bilməz”.
Gülər Əhmədovanın kim olduğunu yadınıza salmağa ehtiyac varmı?