20 il öncə şeytan sonadək israr edərək, məni yoldan çıxarsaydı və hazırda hakim partiyada mövqe, yaxud mandat sahibi olsaydım, hansı arqumentlərlə hazırkı müxalifətin qarşısına çıxardım, özüm kimi rüşvətxor “qardaş” və “bacı”larımı, can-ciyərlərimi necə müdafiə edərdim?..
Bu haqda mən, YAP-ın bir neçə gün dirənsə də müdafiə edə bilmədiyi ən titullu, üçqqat deputat, Respublika Uşaq Təşkilatının sədri, Fransa-Azərbaycan parlamentlərarası deputat qrupunun rəhbəri, Gülər Əhmədovanı dələduz adlandıraraq partiyadan və Milli Məclisdən qovandan sonra düşündüm…
Etiraf edim ki, əgər mən o vaxt şeytanla “razılaşsaydım”, bu baş verməyəcəkdi, elə bir şok açıqlama verəcəkdim ki, insult xəbəri yəqin ki, Strasburqdan gələcəkdi. Bəli, mən iddia edəcəkdim ki, “sabiq rektorun kabinetindəki Gülər Əhmədovanın 47 il bundan əvvəl itkin düşmüş əkiz bacısıdır, deputatın nüfuzundan, təmiz adından istifadə edərək dələduzluqla məşğuldur”. Hətta fantaziyamı işə salaraq “Qafqazinfo”ya belə bir açıqlama da verəcəkdim: “Mən bir neçə il əvvəl küçədə bir qadını Gülər xanım zənn edərək hətta ona salam da vermişdim. Gözlədiyimin əksinə olaraq qadın ətrafına baxaraq, ürkək halda salamı alaraq, tələsik addımlarla məndən uzaqlaşdı. Şokda idim, birdən xatırladım ki, axı bu necə ola bilər, iki gün əvvəl Gülər xanımı xaricə özüm yola salmışdım (yəqin ki, mən də deputat olardım – X.Ə.). Sonralar yanlış anlaşılar deyə Gülər xanıma bu haqda nəsə deməyə cürət etmədim. Lakin bu günlərdə o kadrları görəndə barmağımı dişlədim. Inanılmaz idi, mən yanılmamışdım, bu həmin qadın idi. Diqqətlə fikir versəniz görərsiniz ki, xanım çox həyəcanlı idi, tez-tez çıxıb getmək istəyirdi, sanki qorxurdu, əzizlərim, bilirsiniz ki, Gülər xanım cəsarətli bir xanımdır, 2005-ci ildə 24 kişini məğlub edərək, mandatı qazandı.”
Daha sonra isə, unudulmaz “Zita və Gita” filmi haqda danışardım, hər kəsi ANS kanalında “Günəbaxan”dan sonra və əvvəl, “Lider”də isə axşam yayımlanacaq bu möhtəşəm filmə baxmağa dəvət edərdim. Hüquq-mühafizə orqanlarını isə 47 il bundan əvvəl baş vermiş ailə dramının səbəbkarlarını tapmağa çağırardım. Və onları videogörüntülərin montaj edildiyini isbat etmək qədər əzablı bir işgəncədən xilas edərdim. O ki, qaldı Gülər xanımın əkiz bacısının dindirilməsinə, bu sırf texniki məsələdir. Osman Gündüz (bu soyad əvvəllər bir az başqa cür idi – X.Ə.) qədər məsələni qəlizləşdirməyə ehtiyac yoxdur. “Zita və Gita” filmini xatırlayın, Bollivudun füsunkar aktrisası Xema Malini hər iki bacını necə gözəl canlandırırdı. Gülər xanımın səsini bir qırağa qoyuram, kabinetdəki hərəkətləri, jestləri, çantasını götürüb getmə imitasiyası, sərt baxışları əsas verir ki, o bu rolu məharətlə oynaya bilər. Lap qoy kadrarxası səs Afaq Bəşirqızına məxsus olsun, kimsə bunun fərqinə varmaz… Nə isə gecdir, heç olmasa o birilərini qoruyun…
Indi isə “mənim yoxluğumda” baş verənlərə nəzər salaq. Dünənə qədər hamı titrək, son dərəcə ehtiyatlı, Ramiz Mehdiyevə, Milli Məclisə, nəhayət, şiş və kababa xələl gətirmədən açıqlamalar verməklə məşğul idilər, bu gün yəqin şirə dönəcəklər. Oxşar fikirlərin birini nəzərdən keçirək:
“Həmin material Elşad Abdullayev kimi neqativ insanların qeyri-qanuni, dolayı yollarla hakimiyyət orqanlarına yol tapmaq və ”mənsəb” qazanmaq istəyinin baş tutmamasının, habelə dövlət orqanlarının belə hallara qarşı əsl münasibətinin göstəricisidir”.
Bu açıqlama əlbəttə ki, PA-nın şöbə müdiri Əli Həsənova məxsusdur. Qaş düzəltdiyini zənn edən Əli müəllim məndən “fərqli” olaraq kabinetdəkinin Gülər Əhmədova olduğunu təsdiq edir. Guya Gülər xanım dözməyib, rektorla haqq-hesab çəkməyə gedib və ona xatırladıb ki, “çaşma, Milli Məclis sənin kimilərin yeri deyil”. Bəli, əziz oxucu, YAP-ın “Zoya Kosmedemyanskaya”sının təqdimatı yarımçıq qaldı…
Yəqin ki, Əli Həsənov “Azadlıq” qəzetinin saytına dünən qoyulmuş Gülər Əhmədovanın seçki fırıldağını əyani göstərən kadrları dəfələrlə seyr edib, mən əminəm ki, əgər dünənə qədər onu münasibət bildirməyə vadar etsəydilər bunu eşidəcəkdik: “Gülər xanım sonradan o müəllimə qızın üzünə tüpürüb, hətta bir sillə də vurub və o bir paçka bülleteni qutudan çıxartdırıb, bununla da sübut edib ki, seçkilər şəffaf keçib”.
Fərz edək ki, Elşad Abdullayev, yaxud başqa birisi səssiz, lakin daha açıq-saçıq və mentalitetimizə zidd video qoyur… Bu dəfə hədəf başqası olur… Açıqlamanı indidən təsəvvür edirəm:
“Bu kadrlar ölkəmizdə idmana qayğının nəticəsidir. O ki qaldı soyunmağa.., bu hərəkəti paltarla etmək mümkün deyil”.
Belə yazıq açıqlamaları etmək məcburiyyətində qalmamaq üçün lütfən keçin, nostaljik “Zita və Gita” variantına. Onsuz da film kimi bir həyat yaşayırıq, bəlkə inananlar tapıldı…