Srağagün “Youtube” saytında on minlərlə vətəndaşımız ABU-nun sabiq rektoru Elşad Abdullayev, deputat Gülər Əhmədova və onun rəfiqəsi, Xətai rayonundakı Sabir adına kitabxananın direktoru Sevanın rejimin həqiqi maskasını necə yırtdığının şahidi oldu. Gülər, Elşad və Seva triosu inanılmazı bacardılar, sübut etdilər ki, deputat siyahısı öncədən hazırlanır və prezident onu təsdiqləyir, seçki-filan boş şeydir, ona çəkilən xərc və Məzahir Pənahov başda olmaqla yüzlərlə işçisi olan aparata xərclənən pullara ehtiyac yox imiş, Mövlud Çavuşoğlu və AKP-nin digər avropalı deputatlarının maddi vəziyyəti niyə məhz Azərbaycandakı seçkilərdən sonra düzəlirmiş və s. Keçək mətləbə.
7 il əvvəl Milli Məclisə deputat seçilmək istəyən Elşad müəllim Ramiz Mehdiyevə yaxınlığı ilə tanınan Gülər Əhmədova, rəfiqəsi Seva vasitəsi ilə “yol tapa” bilir. Mandat üçün tələb olunan 500 mini tərəddüdsüz ödəyən rektordan daha 500 min və komissiya sədri Əli Hüseynova çatacaq ayrıca məbləğ tələb ediləndə rektor barmağını dişləyir və “işini” etibarlı tutmaq qərarına gəlir və rejimi ifşa edəcək bu görüntüləri tarixin yaddaşına köçürməyi qərara alır. Hiss olunur ki, hər iki xanım bu görüşə xüsusi “ev tapşırığı” ilə gəliblər, amma unudublar ki, qarşılarındakı kimdir…
Afaq Bəşirqızının belə həsəd aparacağı səhnələr
Ana məbləğin, yəni bir milyonun PA rəhbəri Ramiz Mehdiyevə çatacağını Seva və Elşad müəllim açıq-aşkar vurğulasa da, Gülər Əhmədova bunu istənilən pantomima ustasının həsəd aparacağı bir şəkildə jestlərin köməyi ilə çatdırmağa çalışdı və buna nail oldu. Danışıqlar zamanı deputat qadın “o müqəddəs”in (Ramiz Mehdiyevin – X.Ə.) adını çəkmə deməklə, sabiq rektor üzərində psixoloji qələbə qazanmağa cəhd edirdi.
Gülər və rəfiqəsinin bu görüşə ciddi hazırlaşdığı diqqəti cəlb edən əsas məqamlardandır, xatırlayırsınızsa, söhbətin şirin yerində deputata zəng “gəlir” və o, cavab verməyə tələsmir, çünki telefonda səslənən çağrı zəngi tam mövzuya uyğun idi: məşhur “Baharın on yeddi anı” filminin melodiyası səslənirdi. Gülər Əhmədova istəyinə çatmışdı, Elşad müəllim nokdaunda(!) idi, növbəti psixoloji hücum isə telefonda Fikrət müəllimin adının çəkilməsi idi, prezidentin xalası oğlu ilə danışacağı görüntüsü isə nokauta hesablanmış “zərbə” idi, çünki o zaman respublikada 2 vəzifəli Fikrətdən yalnız o qalmışdı, o birisi (kimyagər F.Sadıqov – X.Ə.) artıq həbsdə idi.
Islanmış, ancaq yağışdan hələ də qorxan Elşad Abdullayevlə deputat-“razborşitsa” dialoqunda ikincinin “mən ATƏT-nən eliyirəm, Avropa Şurasıynan eliyirəm”( nəyi? – X.Ə.), “sənin itkin qardaşını iki aya tapardım”, iki dəfə söhbəti “yarımçıq qoyub” getmək cəhdi, rəfiqəsinə “çiy söhbətə” görə “əsəbiləşmək”, rektora Əli Insanov və Fərhad Əliyev “xatırlatması”, prezidentin “deputat siyahısı” və digər “peşəkar” jestlər çox mətləblərdən xəbər verir. Öz aramızdı, Seva xanım da formada idi, çatışmayan 500 min haqda deputatın iradına “Ağəz, dedim sonra verər də” deməklə ona tapşırılan ikinci dərəcəli rolun öhdəsindən məharətlə gəlib. Çox təbii alınıb.
Rejimin montaj və həbs tərəddüdü
Bəli, YAP-ın ən titullu xanım-deputatı, üçqat deputat, Respublika Uşaq Fondunun sədrinin dilindən eşitdik ki, 2005-ci ildə mandatın qiyməti bir milyon olub. Rejimin hansı addımları atacağı maraqlıdır, deyilmi?
Rejimin yeganə şansı, milləti axmaq yerinə qoyub bunu montaj kimi qələmə vermək, yaxud da əksinə G.Əhmədovanı həbs etməkdi. Respublika prokurorluğu və PA rəsmisinin açıqlamaları da bu iki versiyanın birinin olacağı anlamına gəldi. Üçüncü yol isə fikrimcə, Əli Insanov və Fərhad Əliyevi azad edərək gündəm dəyişdirməkdir. Insafən G.Əhmədova da onların haqqında pis danışmadı, dedi ki, biz kimik ki onların yanında…