Bir neçə gün əvvəl MRTŞ sədri Nuşirəvan Məhərrəmli dolayı yolla bəyan etdi ki, büdcədən seriallar üçün ayrılan pullar batıb, milyonlar xərclənən serialların elə ilk bölümlərində məlum olub ki, bunlar “mırta”çəkilib. Sitat – “Təəssüf ki, seriallardakı zövqsüzlük, bayağılıq, şitlik, insanları qane etməyən mövzulara toxunulması problemi hələ də qalır… Istərdik ki, hər hansı azərbaycanlı müəllimin, həkimin və ya mühəndisin ailəsi ətrafında tərbiyəvi xarakterli seriallar çəkilsin”.
…Indiyə qədər çəkilən bütün seriallar, əsasən türk və xarici serialların eybəcər formada təkrarı olduğunu adi bir məktəblinin bildiyi halda, MTRŞ sədrinin bunun fərqində olmaması ayrı bir söhbətin mövzusu olduğundan keçək əsas mətləbə…
Müsahibənin mənimçün başqa maraqlı məqamı ondan ibarət idi ki, bu etirafla bərabər, Nuşirəvan müəllim ildən-ilə problemlərin “çözüləcəyinə” ümid etdiyini dilə gətirir, irəlidə də özünün dediyi kimi “şit və bayağı” seriallara pul ayrılacağına eyham vurur. Hətta bunu elə tərzdə edir ki, sanki bu pulların ayrılmasında maraqlıdır…
…Ilk baxışda inanmaq olar, çünki biz dünyada yeganə ölkəyik ki, 9 manatlıq ətdən, kilosu 4 manat 50 qəpik olan 2 kilo “halal kolbasa” istehsal edirik. Özü də bu qiymət halal kolbasanın pərakəndə satış qiymətidir, vergi, işçilərin əmək haqqı, “uçastkovının”, “sanepidemstansiyanın” və s. sahibkarın karı çıxılandan sonra… Metroda belə kolbasaların reklamında, müqəddəs Qurandan belə sitat gətirirlər, bunu da hörmətli şeyximizin nəzərinə çatdırmağı, bir müsəlman olaraq, özümə borc bilirəm. Bu kolbasalar masaya gətiriləndən bir neçə dəqiqə sonra, gözlər önündə formasını və rəngini dəyişir, utandığından “qızarır” və qıvrılaraq (!) “üzünü örtməyə” çalışır…
Məncə, serialların keyfiyyətinin bu qədər aşağı olması, ona ayrılan pulun bir hissəsinin mənimsənilməsi ilə bağlı deyil, bu yaxınlarda belə serialların birində çəkilmiş tanışım mənə, ikinci dərəcəli bir rola görə kifayət qədər böyük məbləğ aldığını söylədi.
Nuşirəvan müəllim onların şou və kriminal xarakterli olduğundan şikayət edir və həkim, müəllim, mühəndis ailəsi ətrafında tərbiyəvi, vətənpərvər ruhda çəkilən serialları tövsiyyə edir. Bir haşiyə çıxmaq zorundayam, rejim məmurlarının, demək olar, hamısında müşahidə etdiyim oxşar bir adət var, buna xəstəlik də deyirəm, nədənsə bunların hamısına elə gəlir ki, qalan 9 milyon da konstitusiyada olduğu kimi, vətəndaşa verilən bütün hüquq və imtiyazlardan onlar kimi istifadə edir. Yəni müəllim, həkim, məmur onlara və sadə vətəndaşa eyni münasibət göstərirlər. Əvvəllər mənə elə gəlirdi ki, bunlar xalqı ələ salırlar, indi başqa fikirdəyəm və qəti surətdə əminəm ki, onlar xəstədir, çünki illər uzunu söylədikləri yalanları artıq həqiqət kimi qəbul edirlər. Serial da təxminən bu cür olmalıdır – rejimin bütün eybəcərliklərinə göz yumulmalı, ədalətli cəmiyyət və dahi rəhbər ana xətti təşkil etməlidir. “Ssenarist”ləri də “qınamaq” olmur, siyasi sərhədlər qabaqcadan cızıldığından, əsasən türk seriallarını dəyişərək, ora bir az bizim spesifik şou-biznes və kriminalımızı əlavə edərək, mətbəxə hesablanmış məhsul ortaya qoyurlar, çünki…
Sağlam düşüncə ilə, Azərbaycan reallığında maaşla dolanan müsbət həkim və yaxud müəllim obrazı canlandırmaq üçün onları əhatə edən mühiti elə bir şəkildə lənətləmək lazımdır ki, tamaşaçının heç olmasa 20%-ni inandıra biləsən.
Illər oncə, səhv etmirəmsə, Rasim Balayevin də çəkldiyi yerli serialdan bir bölümü seyr etmişdim.Rejimin bir naziri obrazını canlandıran xalq artistinin bu rolda sıxıldığı açıq-aydın hiss olunurdu. Təsəvvür edin, ssenariyə görə, onun biznesmen oğlu hansısa uşaq fonduna… 3 milyon dollar pul bağışlayır və böyük aktyor apardığı rol gərəyi oğlunun bu hərəkətinə reaksiya verməlidir. Rasim müəllim məni bağışlasın, hiss olunurdu ki, bu şit səhnədən bir balaca “xəcalətli” kimi görünürdü. Nazir balası və Uşaq fondu… Mənə elə gəlir ki, bu iki termini yanaşı işlədən yeganə qələm sahibiyəm, əlbəttə, əttökən serialı çıxmaq şərti ilə…
Azərbaycan reallığında bu cür “gülbala” biznesmenlər bu pula Tarkanı, Polat Alemdarı Bakıya gətirir, yaxud da şou-biznesin bir gözəlçəsinə dəbdəbəli villa və maşın alır. Hətta bu balaların həyat tərzi və xüsusiyyətlərini bildiyimiz üçün, cəsarətlə belə bir fikir irəli sürə bilərik ki, bu qədər pulu qumarda uduzduqdan sonra “kaş bu pulu Uşaq Fonduna keçirəydim” fikri onların ağlından belə keçmir…
Azərbaycan məmurunun müsbət obrazı ifadəsinin özü belə günümüzün ən şit ifadəsi olduğundan, bu haqda serial çəkmək sadəcə axmaqlıqdır. Razılaşın ki, şou-biznes az da olsa inandırıcıdır, Nuşirəvan müəllim!…