Ərəb ölkələrində gedən proseslər onu göstərdi ki, avtoritar rejimlər mahiyyətcə oxşar ssenarilərlə tarixin yaddaşına köçsə də, proseslər və sonluq bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. Misirdə silahlı qüvvələr xalqın tərəfinə keçdi, Tunisdə xalq hər şeyi təkbaşına həll etdi. Hətta Liviya və Suriyada cərəyan edən hadisələrə fərqli yanaşmalar mövcuddur.
Qonşu Gürcüstanda isə, qan tökülmədi, müxalifət Ali Sovetə daxil oldu, əldən düşmüş, xirtdəyədək korrupsiya bataqlığında boğulan və qocalmış iqtidarı, sözün hər iki mənasında taxtdan saldı… Diqqəti bir məqama çəkmək istəyirəm ki, parlamentə hücuma qədər, Mixail Saakaşvili Gürcüstan müxalifətində üç ən güclü və hakimiyyətə ən iddialı liderdən biri idi. Lakin hadisələrin kulminasiya nöqtəsində, az qala bütün müxalifətin həbs edilmə təhlükəsi yaranan zaman, atdığı qətiyyətli addımlar, ekstremal şəraitdə kütləni idarə etmək bacarığı, nəhayət, Ali Sovetə yürüş ideyası onu bir addım önə çıxardı.
Bu gün biz ərəb ölkələrindən çox Şevardnadze Gürcüstanına bənzəyirik. Iliyə qədər işləmiş korrupsiya, rüşvətxorluq, siyasi təqiblər, həbslər, məmur özbaşınalığı, himayə olunan qoluzorlu idmançı – reket dəstələri, mənəvi aşınma və.s kimi xarakterik cəhətlər buna əyani sübutdur. Biz tələsmədən(!) Gürcüstan variantına doğru gedirik. Şevardnadze və onun ailə üzvlərinin də müdhiş korrupsiya əməllərinin ifşası ilə, Azərbaycandakı hakim ailənin ağlasığmaz miqyasda mənimsəmə faklarınının arasında inanılmaz bir oxşarlıq var. Ərəb ölkələrindən fərqli olaraq, Gürcüstan və Azərbaycanda bunun rejimin iş başındaykən edilməsi, çox şeylərdən xəbər verir. Yəni dünyanın demokratik gücləri, ərəb ölkələrindən fərqli olaraq, keçmiş MDB məkanında daha çox Gürcüstan variantına ümid bəsləyirlər.
Qəribədir ki, rejimlər də sanki bununla barışıblar, baxın, 48 milyardı aşkara çıxaran Britaniyanın rəsmi qurumu olmasına baxmayaraq, iqtidaryönlü mətbuat Azərbaycan-Britaniya əməkdaşlığından “dəm qılırlar”, bu onu göstərir ki, rejim siyasi hakimiyyətdən çox ölkədən çıxardığı pulların taleyində maraqlıdır.
Fikir verirsinizsə, rejim artıq son 10 ildir müxalifətlə hər hansı dialoqa, islahata getməkdən çəkinir və güc strukturlarının himayəsinə sığınıb, sanki növbəsini gözləyir…
Müxalifətin yaratdığı ən böyük birlik olan Ictimai Palata bu gün hakimiyyət üçün ən böyük təhlükədir. Dünyanın ən böyük nəşrləri, Qərb siaysətçiləri bu birliyi hakimiyyətə alternativ qurum kimi qəbul etdiklərini gizlətmirlər. Rejimin dəfələrlə ölkədə repressiyaya qalxmağa başladığı vaxtlarda, Qərb diplomatlarının həmrəylik göstərərək Ictimai Palata liderləri ilə görüşüb, siyasi məsləhətləşmələr aparması çox ciddi faktdır. Bu, iqtidarı çox narahat edir, çünki mobil və güclü müxalifətin olmaması onların siyasi ömürlərinin daha da uzanmasına xidmət edir.
Əvvəlcə Elçibəyin zəhərlənməsi məsələsi ortaya atıldı, lakin bunun bumeranq effekti verdiyini görəndən sonra yenidən köhnə, lakin aktuallaşması üçün müxtəlif təsir imkanları olduğu “vahid namizəd” polemikasına yenidən start verdilər.
Iqtidaryönlü qəzetlərin və ayrı-ayrı şəxslərin qızışdırdığı bu kampaniya etiraf edək, “zəhər şousunu” belə kölgədə qoydu. Mən bir şeyə təəccüb edirəm, nə AXCP sədri Əli Kərimli, nə də Müsavat başqanı Isa Qəmbər açıq şəkildə öz iddiasını ortaya qoyub, onların hər ikisi bunun ola biləcəyini ehtimal edir və son qərarın yalnız Ictimai Palatanın verəcəyini dönə-dönə vurğuladığı halda bəzən ehtiraslar “səngimir”.
Bəli, ayrı-ayrı şəxslər müxalifətin bu iki ən şanslı namizədi haqda bəzən açıq fikir söyləməkdən çəkinmirlər, bu da çox təbiidir, çünki Ictimai Palata və ona yaxın vətəndaş cəmiyyətləri bu iki liderin birinin üzərində dayanacaqlar. Əgər bu gün sosial şəbəkələrdə cəbhəçi Məmməd Ibrahim və müsavatçı Yadigar Sadıqov öz liderlərini vahid namizəd kimi görmək istəyirlərsə, buna siyasi rəng vermək lazım deyil, təbii baxmaq lazımdır. Vahid namizədin təyin edilməsi də, bir siyasi mübarizədir. Biz ölkədə demokratik dəyərlər uğrunda mübarizə aparırıq və adı çəkilən hər iki lider bu mücadilənin önündə gedir. Lakin…
Kimin vahid namizəd olmasından asılı olmayaraq, qeyri-azad seçkidə müxalifət məğlubiyyətə məhkumdur. Azad seçki şəraitini Əliyevlər rejiminin yaradacağına ümid etmək isə sadəlövhlükdür.
Azərbaycanda azad seçki, birmənalı olaraq, rejimin süqutundan sonra baş tutacaq. O zaman Ictimai Palatanın Əli Kərimli və Isa Qəmbərin hər ikisinin namizədliyini irəli sürməsi isə qələbəmiz olacaq. Və biz Azərbaycan tarixində ilk dəfə qalibin əlini onun rəqibinin sıxdığının şahidi olacağıq. Mən buna çox inanıram.