Kultura.az saytında doktor Azər Kərimovun imzası ilə “Azərbaycanlıların xarakteri” adlı yazını oxuduqda vətəndaşın çəkinmədən öz millətinə qara yaxmasına heyrət etməmək olmur. Son dövrlər belə yazılar hiss olunacaq dərəcədə artıb, çox şübhəli dairələrə yarınmaq və bu cür “axına qarşı getmək” üçün indi də millətə böhtan atmağa başlayıblar.
Əvvəl belə yazılar, bəlli bir kəsimə ünvanlanırdı və müəllifinin sonrakı addımı zamanı məqsəd də üzə çıxırdı. Məsələn, elə həmin saytdan özünü posmodernist yazar kimi qələmə verən bir yaramaz, nələr söyləmədi ki… Doğrudan da işə düşmüşük, adam cızmaqarasında baş qəhrəman kimi təsvir etdiyi azərbaycanlı xanımı əvvəldən axıra qədər yad çarpayılara daşıyır, sonra deyir ki, bunun adı romandır(!) və siz bunu qəbul etməlisiniz. Deyəndə ki, bu heç əməlli-başlı pornoya da bənzəmir, deyir, allah bəlanızı versin, siz ədəbiyyat qatilisiniz, məni burda anlamırlar, xaricdə olsam şöhrətli olardım… Qafqazinfo.az saytında belə bir romandan bir parça oxudum, dəhşətə gəldim – ginekoloji qanunlara görə, həyatını itirməli olan xanım qəhrəmanının başına bu əbləh – “posmodernist” əsərinin (?) Istanbul bölümündə “gətirmədiyi oyun” qalmır. Belə yazarlar əsasən dəyərlər və mentalitetdən şikayət edirlər, yorulurlar və gedib başqa işlə məşğul olurlar…
Doktor Azər Kərimov isə daha irəliyə gedib, bütöv milləti elə bir hədəfə alıb ki, imzası olmasaydı, bu yazını millətçi erməninin yazdığını düşünmək olardı… Yazıda Azərbaycan cəmiyyətində baş verən neqativ, barmaqla sayıla biləcək mənfi cizgilər xalqa şamil edilir, hətta ermənilərə aid olan “paxıl qonşu” lətifəsini də soydaşımız adımıza çıxır.
Lətifədə qızıl balıq tutan azərbaycanlı, balığın onu və qonşusunu varlı edəcəyinə görə paxıllığından gözünün birini çıxarır ki, qonşunun var-dövlətini görməsin…
Bu lətifə hər yerdə ermənilərin adı ilə assosasiaya olunur, hətta mən bu lətifəni 88-ci ildən öncə bir gürcüdən eşitmişdim.
Məqalənin müəllifi Azərbaycan türklərinin “xarakterik”(?) cəhətlərini bölümlərə ayırıb, ona görə biz qorxaqıq, güclünün yanına qaçırıq, zəifi əzirik, paxıl və eqoistik, qeybəti sevirik və s.
Fikrimcə, bu yazı təsadüfi deyil, əsasən iqtidar mətbuatında yazıları gedən Azər Kərimovun bu yazısı müəyyən beynəlxalq dairələrə ünvanlanıb və “biz ancaq idarə olunmalıyıq”, “diktatura belə bizə azdır” qənaətini yaratmağa hesablanıb, yəqin ki, bədxahlarımız bundan bəhrələnməyə çalışacaqlar.
Bu gün ağlı başında olan hər kəs dərk edir ki, biz millət olaraq çox böyük bir bir bəla ilə üzləşmişik. Bəlanın adı Əliyevlərin diktatura rejimidir. Insanlar aşağılanır, təhqir edilir, mənəvi aşınmaya məruz qalır. Hətta rejimin ayrı-ayrı qolları, bu prosesin də sürətlə getməsi üçün var gücləri ilə çalışırlar.
Sadəcə bir misal çəkim, ölkə idmanı ilə bağlı araşdırmalar apararkən maraqlı bir məsələ diqqətimi cəlb etdi. Milli idman növümüz olan güləşdə hər şey edilir ki, Avropa, dünya və Olimpiya yarışlarına kənardan gətirilən idmançılar getsin, məsələn, Rusiyada Yarıgin və Türkiyədə Yaşar Doğu turnirləri güləş üzrə keçirilən ən böyük turnirlərdən sayılır. Yarıgın turnirində isə, dünyanın ən güclüləri toplaşırlar. Məşqçilər bu turnirə yerli idmançıları göndərirlər, Türkiyədəki daha zəif yarışa isə əcnəbiləri. Müqayisə üçün deyək ki, Yarıgin turnirində qazanılan bürünc, qardaş ölkədə qazanılan qızıldan daha qiymətli sayılır. Lakin güləşə cavabdehlər Y.Doğu turnirində asanlıqla qələbə qazanmış əcnəbi güləşçini Avropa və dünya çempionatına göndərirlər, adını da qoyurlar ki, turnirin qalibidir… Digər idman növlərində də oxşar siyasəti müşahidə etməkdəyik. Məhz ona görə də, son olimpiya oyunlarında kənardan gətirilən idmançıların sayına görə bütün ölkələri qabaqladıq. Olimpiada oyunlarında daha çox əcnəbi ilə təmsil olunmaq, loru dildə ayıb sayılır.
Istər bu tip yazılar, istərsə də rejimin apardığı düşünülmüş təhsil, hüquq, idman və mədəni siyasəti yalnız bir şeyə xidmət edir – bizim aciz və yaşam haqqı olmadığımızı dünyaya sübut etmək. Baxın, son iyirmi ildə adından xaricdə söz etdirəcək bir gənc alim, dünya əhəmiyyətli bir kəşf duydunuzmu? Əlbəttə yox, çünki, Elmlər Akademiyasında hazırda 200-ə yaxın məmurun namizədlik və doktorluq işinə hazırlıq gedir.
Bu yaxınlarda, Azərbaycandan Almaniyaya köçüb getmiş bir ailənin 21 yaşında övladı isə ixtira etdiyi mini-təyyarə ilə dünyanı şoka saldı.
Dünya bunun fərqindədir, amma bizim nadanlar yox…